Məhkəmə qərarları › İş №e-2(010)-2710/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2710/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2710/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı QSC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, ******************** saylı müqavilə üzrə yaranmış borc üzrə 6416.92 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 84.17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2016-cı il tarixli, ******************** saylı plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, Cavabdehin sifariş ərizəsinə əsasən onun adına VİSA Classic/Standart debit kart növlü kart hesabı açılmış və 4268********8374 nömrəli kart cavabdehə təhvil verilmişdir. Kart vasitəsilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı 6416.92 manat məbləğində borc yaranmış və cavabdeh müqavilənin 3.3.3-cü bəndini pozaraq xx.xx.2021-ci il tarixdən borcu ödəməkdən yayınmışdır. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotoreya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC (“X5”) kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və verginin ödənişə cəlb edilib-edilməməsi müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) arasında razılaşmaya əsasən, hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Vergi tutulmalı olan əməliyyatların aparıldığı kart İddiaçı QSC tərəfindən verildiyindən hazırkı iş üzrə Bank vergi agenti qismində çıxış edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirmişdir ki, sistemə yüklədikləri sənədlərdən görünür ki, sonu “942” ilə bitən kart hesabı cavabdehə məxsusdur. Burada iddia kredit mübahisəsi kimi qeyd edilsə də, kredit mübahisəsi deyil. Cavabdeh kart vasitəsilə əməliyyatlar aparmışdır ki, bunlar da vergi ödənişlərinə cəlb olunan xidmətlərdir. Onların hər birinin MCC kodu var. MCC kodları vergi orqanı tərəfindən müəyyən edilmiş kodlardır. Həmçinin digər bir sənəd var ki, orada, məsələn, xx.xx.2020-ci il tarixdə şəxs 1700 manatlıq əməliyyat aparmışdır. Bu MCC kod ilə “6211” kimi qeyd olunmuşdur ki, bu, broker diller xidmətidir. “7311” nömrəsi ilə qeyd edilmiş məbləğ mənfi 18% dərəcəsi ilə müəyyən edilib və “amount” qrafasında göstərilib. Bu, şəxsin istifadə etdiyi vəsaitdir, ona tətbiq edilən vergi xidməti də 306 manatdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə 1020 manat məbləğində əməliyyat aparılıb, orada reklam xidmətləri üçün bu məbləğin olduğu qeyd edilib. Təqdim etdikləri sənədlərdə hər bir əməliyyatın açıqlaması qeyd edilmişdir. Hazırda cavabdehin ödəmədiyi vergi borcu 6416.92 manat təşkil edir. Həmçinin iddia ərizəsində kart hesabı açıldığı qeyd edilib, düzdür, 2016-cı ildə kart hesabı açılıb. Kart müddəti müəyyən vaxt üçün verilir, müddət bitdikdə yenidən müraciət edilir və yeni kart verilir. Təqdim edilmiş sənədlərdən görünür ki, cavabdehə təqdim edilən sonu “942” ilə bitən kartın son istifadə vaxtı 2022-ci ildir. Hesabdan çıxarışda son ödəmə tarixindən görünür ki, bank tərəfindən total ödəniş edilmişdir. Bank tərəfindən konkret müştəri üçün vergi orqanına ödəniş edilməmiş, ümumi ödəniş aparılmışdır. Bu səbəbdən yalnız cavabdeh üçün vergi orqanına nə qədər ödəniş aparıldığını bilmirlər. Lakin vergi borcunun yaranması işin mübahisəsiz halıdır, çünki həmin məbləğ vergi orqanına ödənilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının istinad etdiyi kart onun kredit yox, əmək haqqı kartı olmuşdur. Hazırda işdən çıxmışdır. Həmin kart vasitəsilə “Facebook” sosial şəbəkəsində ödəniş edəndə 1000 dollar ödəniş etmişdirsə, kartından 1200 dollar məbləğində pul çıxmışdır. O, vergi ödəyicisi deyil, əgər vergi xidməti üçün haqq tutulsa idi, həmin məbləğ avtomatik onun kartından çıxmalı idi. Lakin o, işdən çıxdıqdan 6-7 ay sonra ona zəng edib borcunun olduğunu bildirmişlər. O, kartından pulunu çıxartmışdır və heç kimə borcu yoxdur. Əgər kimsə işini layiqincə yerinə yetirməmişdirsə, bunda günahkar o deyil, bu borc ona yazılmalı deyil.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, məhkəmə tərəfindən iddiaçıya sübutların təqdim edilməsi üçün kifayət qədər vaxt verilmişdir. Bu vaxt ərzində iddiaçı tərəfindən hər hansı hərəkət edilməmiş, sübut təqdim edilməmişdir. Lakin iddiaçı iddia tələbinin əsasını sübut edə bilməmiş, yalnız ərizə yazıb iclasın təxirə salınmasını tələb etməklə kifayətlənmişdir. Həmçinin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Lakin iddiaçı tərəfindən təqdim edilən çıxarışdan görünür ki, əmək haqqı kartı üzrə sonuncu əməliyyat xx.xx.2021ci il tarixdə həyata keçirilmişdir. Həmin vaxtdan sonra cavabdeh işdən çıxmış, hətta çıxdığı üçün 40000 manata yaxın bonus almışdır. O, işdən çıxdıqdan 1.5 il sonra etdiyi əməliyyatlara görə borcunun yaranması barədə məlumatlandırılmışdır. Bu 1.5 il ərzində borcunun olması barədə məlumat verilməmiş və borc ondan tələb edilməmişdir. Yəni borc olsaydı, bank həmin an tələb edərdi. 3 il sonra belə bir iddianın verilməsi tamamilə əsassızdır. Digər tərəfdən, şəxsin həmin bankın müştərisi olması banka onun kart üzrə əməliyyatlarına baxış keçirməsi imkanı verir ki, onlar da baxış keçirərək ümumi hesabdan çıxarışlar təqdim etmişlər, lakin bu, faktiki olaraq heç nəyi sübut etmir. Bu səbəbdən hesab edir ki, 3 illik iddia müddəti də keçmişdir. Onlar özləri bildirmişlər ki, xx.xx.2016-cı il tarixdən cavabdehlə müqavilə bağlamışlar. Əməliyyatın sonuncu həyata keçirilmə vaxtı xx.xx.2021-ci ildir. Onlar isə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə imzalamışlar. Artıq 3 il vaxt keçmişdir və hesab edir ki, iddia müddəti ötürülmüşdür. Qeyd etdiklərinin nəzərə alınmasını və iddia müddətinin tətbiq edilməsini xahiş edir. Hesab edir ki, iddia tələbinin əsaslarını sübut edə bilməmişlər və iddia müddətini ötürmüşlər. İddia müddətinin tətbiq edilməsi barədə vəsatət məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

6. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şəxsi beynəlxalq plastik kartının alınması, istifadə edilməsi və bank hesabının açılması haqqında ərizədən görünür ki, ərizəçi Cavabdeh müvafiq ərizəni imzalamaqla İddiaçı QSC-nin plastik kartının verilməsini xahiş etmiş və plastik kartın verilməsi üçün Xidmət Müqaviləsinin onun tərəfindən imzalandığını və qeyri-şərtsiz olaraq müqavilənin şərtlərinə riayət etməyi öz öhdəliyinə götürdüyünü təsdiq etmişdir.

7. AZ84ACAB******************** nömrəli kart hesabı üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən müvafiq kart hesabı üzrə sonuncu əməliyyat xx.xx.2021ci il tarixdə “Bank daxili köçürmə” təyinatı üzrə həyata keçirilmiş və 6416.92 manat məbləğində qalıq borc yaranmışdır.

8. xx.xx.2024-cü il tarixli, OUT-2024/03/27-15 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh 26010000********** saylı, xx.xx.2016-cı il tarixli VİSA Classic/Standart Debit kartı üzrə xx.xx.2024-cü il tarixinə 6416.92 manat əsas borc olmaqla, ümumilikdə 6416.92 manat məbləğində borcu vardır.

İşin faktiki halları.

9. Cavabdeh ərizəsinə əsasən, ona İddiaçı QSC tərəfindən xx.xx.2016-cı il tarixdə müvafiq bank hesabı açılmışdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 377. İddia müddətinin başlanması. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 954. Bank hesabı müqaviləsi. 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi.

Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt. 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Maddə 169. Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi. 169.1. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. 169.2. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. 169.3. Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir. 169.4. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Məhkəmənin mövqeyi.

12. İşin faktiki hallarından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh adına xx.xx.2016-cı il tarixdə bank hesabı açılmışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, həmin hesab üzrə ilk əməliyyat (mədaxil) xx.xx.2016-cı il, sonuncu əməliyyat (bank daxili köçürmə) xx.xx.2021-ci il tarixdə baş tutmuşdur. Həmçinin görünür ki, sonuncu əməliyyatdan əvvəl – xx.xx.2021-ci il tarixində “LC LC X6” təyinatı ilə hesabdan 7288.69 manat məbləğində vəsait silinmiş, bunun 371.77 manatı hesabda olan qalıqdan silinmiş, qalan 6916.92 manatı isə hesabda vəsait olmadığına görə “-6916.92” şəklində göstərilmişdir. xx.xx.2021-ci il tarixdə həmin hesab üzrə sonuncu əməliyyat kimi hesaba 500 manat vəsait daxil olmuş, həmin vəsait “bank daxili köçürmə” təyinatı ilə hesabdan silinərək, hesabda “-6416.92” göstərilmişdir. Bundan sonra hesab üzrə heç bir əməliyyat həyata keçirilməmişdir. Hazırda iddiaçı Bank iddia edir ki, hesabda “-6416.92” kimi göstərilən məbləğ Cavabdeh həmin kart vasitəsilə xarici satıcıdan elektron ticarət qaydasında aldığı mallara görə iddiaçı Bankın ödəmiş olduğu vergidir. İddiaçıya görə, həmin pul cavabdehin həyata keçirdiyi əməliyyatlara görə iddiaçı tərəfindən ödənilmiş olduğundan cavabdehdən tutulmalıdır.

13. Yuxarıda (§ 11) istinad edilmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin əlaqəli maddələrindən görünür ki, Azərbaycan Respublikasında əlavə dəyər vergisi üçün qeydiyyata alınmayan qeyri-rezidentlər Vergi Məcəlləsi ilə müəyyən edilən vergi agenti üçün göstərdiyi xidmət və gördüyü işlərə görə vergiyə cəlb olunur. Bu vergiyə cəlb olunma qaydası isə Vergi Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləyə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Bu zaman ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı vergi agenti hesab olunur. Hansı ki, hazırkı iş üzrə iddiaçı Bank da iddia edir ki, cavabdehin aldığı elektron xidmətlərə görə cavabdehin əvəzinə vergi agenti kimi ödəniş etmişdir.

14. Bununla belə, Vergi Məcəlləsində vergi agentinin yuxarıda qeyd edilmiş vergini ödəməli olduğu vaxt müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləyə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Lakin hazırkı işdən görünür ki, iddiaçının ödədiyi iddia edilən 6416.92 manat məbləğində vergi borcunun hansı əməliyyat(lar)a görə nə vaxt hesablandığı, vergi agenti (iddiaçı Bank) tərəfindən hansı bəyannamə üzrə nə vaxt ödənildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı Bankın nümayəndələri bunu onunla əsaslandırmışdır ki, vergi orqanı onlardan vergi borcunu ümumi şəkildə tələb etmiş, onlar da ödənişi ümumi şəkildə etmişlər. Bu səbəbdən hansı ödənişin hansı müştərinin borcuna görə ödənildiyini təsdiq edən sübutların təqdim edilməsi mümkün olmamışdır. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı öz sübutetmə vəzifəsini lazımınca icra etməmiş sayılmalıdır. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Digər tərəfdən, nəzərə alınmalıdır ki, vergi ödəmələrinin Vergi Məcəlləsində qeyd edildiyi kimi hər vergi əməliyyatına görə ayrıca yox, hansısa dövr üçün cəmlənmiş qaydada ödənilməsi son nəticədə cavabdeh üçün ədalətsiz vəziyyət yaratmışdır. Belə ki, əgər iddiaçı Bank cavabdehin hər vergi tutulmalı əməliyyat həyata keçirdiyi vaxt müvafiq verginin tutulmasını təmin etmiş olsa idi, cavabdeh növbəti belə əməliyyatlar həyata keçirərkən tutulacaq vergini də nəzərə almaq imkanına malik olardı. Xüsusən nəzərə alınmalıdır ki, iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı Bank tərəfindən cavabdehin adına hesab açılarkən qeyri-rezidentlərin iştirakı ilə elektron ticarət vergiyə cəlb olunmamış, Vergi Məcəlləsinə müvafiq dəyişiklər sonradan edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən vergi ödənişlərinin cavabdehin hesabından qanunla müəyyən edilmiş müddətdə tutulmaması və sonradan cəmlənmiş vəsaitin cavabdehdən tələb edilməsi həm də hüquqdan sui-istifadə xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan suiistifadədir. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

16. Məhkəmə qeyd edir ki, iddia edilən 6416.92 manat məbləğində vergi borcunu yaradan vergi əməliyyatlarının tarixinin dəqiq müəyyən edilməsi hazırkı iş üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi, qeyri-rezidentlərin iştirakı ilə elektron ticarət Azərbaycan Respublikasının Vergi Məcəlləsinin xx.xx.2016-cı il tarixdə edilmiş dəyişikliklərdən sonra vergiyə cəlb edilmişdir və müvafiq dəyişikliklər 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Hazırkı iş üzrə iddiaçı Bank tərəfindən cavabdehin adına hesabın 2016-cı ilin yanvar ayında açılmış olduğu nəzərə alındıqda, cavabdehin dəyişikliklər qüvvəyə mindiyi dövrə qədər apardığı elektron ticarətlə bağlı əməliyyatların vergiyə cəlb edilməməsi mümkündür. Lakin hazırkı işdə iddiaçı tərəfindən tələb edilən vergi borcunun hansı tarixdə həyata keçirilmiş hansı əməliyyata görə yarandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən bu hala qiymət verilməsi də mümkün olmamışdır. Ümumiyyətlə, iddiaçı Bank tərəfindən məhz cavabdehin həyata keçirdiyi əməliyyatlara görə vergi orqanına hansısa vergi ödənildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Təqdim edilən sənəd yalnız hesabdan çıxarışdır ki, oradan da yalnız hesaba “LC LC X6” təyinatı ilə mənfi vəsait yazıldığı görünür.

17. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı Bank iddiasının əsasını təşkil edən və işin mahiyyəti üzrə həll edilməsi üçün mühüm əhəmiyyət daşıyan halları sübut edə bilməmişdir ki, bu vəziyyətdə iddianın təmin edilməsi istisna edilir. Bununla belə, məhkəmə cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin ötürülməsinə dair ərizə ilə razılaşmır. Ona görə ki, iddiaçı Bankın tələbi müqavilədən yox, qanundan irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Belə ki, iddiaçı Bank cavabdehin əvəzinə vergi borcunu ödədiyini iddia etmiş və həmin borcu reqres qaydada cavabdehdən tələb etmişdir. Belə olan halda Mülki Məcəllənin 377.4-cü maddəsinin tələbinə uyğun olaraq reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanmalıdır. Hazırkı işdə iddia edilən öhdəliyin icrası anı 2021-ci ilin iyun ayı olduğundan müddətin axımı da həmin andan başlamalı, Məcəllədə ümumi iddia müddəti kimi müəyyən edilmiş 10 il müddətində davam etməlidir. Bu baxımdan iddia müddəti ötürülməmişdir. Lakin məhkəmənin artıq yuxarıda əsaslandırdığı səbəblərdən iddianın təmin edilməsi istisna edilir. Odur ki, iddia rədd edilməlidir.

Məhkəmə xərcləri.

18. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 84.17 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

20. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏTETDİ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar