Məhkəmə qərarları › İş №e-2(010)-2725/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2725/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2725/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı-İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. İddia ərisəzi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASCyə 1197,52 manat əsas; 353,12 manat faiz borcu, cəmi 1550,64 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

İddiaçının tələbi:

2. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1197,52 manat əsas, 353,12 manat faiz; cəmi 1550,64 manat məbləğində pul vəsaitinin və ödənilmiş 35,51 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

3. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.

İş materialları.

4. xx.xx.2021-ci il tarixli, BRED4316914A119 saylı kredit müqaviləsindən görünür ki, kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1830 manat məbləğində kredit verilmişdir.

5. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh 1830 manat məbləğində 60 ay müddətinə kredit xətti ayrılmasını xahiş etmişdir. Həmin ərizədə kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini onun aylıq gəlirlərinin təşkil edəcəyini qeyd etmişdir.

6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 1197,52 manat əsas; 353,12 manat faiz, cəmi 1550,64 manat borcu vardır.

7. xx.xx.2022-ci il tarixli, 16/90181 saylı bildirişdən görünür ki, bank borcluya gecikdirilmiş borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə borcun, faizlərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.

8. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 35,51 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi.

11. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia təmin edildiyindən idda ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,51 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli, BRED4316914A119 nömrəli müqavilə üzrə 1197,52 manat ödənilməmiş əsas məbləğ və 353,12 manat faiz borcu olmaqla, cəmi 1550,64 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,51 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BRED4316914A119 nömrəli kredit müqavilə üzrə 1197,52 manat əsas və 353,12 manat faiz borcu olmaqla, cəmi 1550,64 (min beş yüz əlli manat altmış dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,51 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar