Məhkəmə qərarları › İş №e-2(010)-2728/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2728/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2728/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi X2 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh işlədiyi müəssisələrdən aldığı əmək haqqından və digər qazancından (elmi fəaliyyətinə və sahibkarlıq fəaliyyətinə görə) hər ay üçdə bir hissədə aliment tutularaq İddiaçı ödənilməsi, mediasiya xərcinin ödənilməsinə xərclənmiş 50 manat və hüquqi xidmətə görə ödənilmiş 100 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh 17 iyun 2006-cı ildə nikaha daxil olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 6 saylı evin 1 saylı mənzilinə gəlin köçmüşdür. Birgə nikahdan 2006-cı ilin oktyabrın 18-də Nəzrin, 2009-cu ilin 17 oktyabrında isə Mehri adında qızları dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3801/2011 saylı 13 dekabr 2011-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, uşaqların himayəsinə verilməsi və onların saxlanması üçün cavabdehin hər ay qazancının üçdə bir hissəsinin tutulub iddiaçıya verilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1031/2012 saylı 10 aprel 2012-ci il tarixli qətnaməsi ilə hər iki uşağın saxlanılması üçün cavabdehdən 180 manat sabit pul məbləğinin tutulması qərara alınmışdır. İddiaçı İskəndərova Mehri və Nəzrin Emil qızlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər uşaq üçün 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin tutulması məqsədilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1738/2015 saylı iş üzrə xx.xx.2015- ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermis, Bakı Apellyasiya Məhkəməsi 2(103)-4736/2015 saylı iş üzrə xx.xx.2015-cü il tarixli qətnamə qəbul edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1738/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsini dəyişdirmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğini hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat məbləğində müəyyən etmişdir. Sonradan həmin qətnamədən iddiaçı kassasiya şikayəti versə də, Ali Məhkəmə xx.xx.2016-cı il tarixli 2(102)-4143/16 nömrəli qərar ilə həmin şikayəti təmin etməmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişə görə tərəflərin birgə nikahlarından doğulmuş X9 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün 250 manat olmaqla 500 manat məbləğində aliment müəyyən edilmişdir. İddiaçı Cavabdeh aldığı əmək haqqını və digər aylıq qazanclarını ondan gizlətdiyini hiss etmişdir. Bu səbəbdən də cavabdehin işlədiyi müəssisəyə sorğu verilmiş, sorğu ilə cavabdehin nə qədər qazanc əldə etməsi barədə məlumat verilməsi xahiş olunmuşdur, lakin müəssisə cavabdeh razı olmadığı üçün sorğuya cavab verməkdən imtina etmişdir. Belə ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sorğu verilsə də, sonuncu orqan Əmək Məcəlləsinin 88-ci maddəsinə istinad edib cavabdeh razı olmadığı üçün ona aid məlumatları verməkdən imtina etmişdir. Təbii ki, bu da iddiaçını ciddi şəkildə narahat etmişdir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsi iddianı təmin etməmişdir. Bu səbəbdən haqlı olaraq hesab edir ki, Cavabdeh birgə nikahdan doğulmuş uşaqlara onların layiqli həyat səviyyəsini təmin etmək üçün normal məbləğdə aliment ödəməkdən yayınır və gəlirlərinin məbləğini gizlədir. X8 cavabdehin işlədiyi müəssisə və aldığı əmək haqqı barədə məlumat verməməsi onun narahatlığını daha da artırır. Ona görə də aliment məbləği Cavabdeh aldığı əmək haqqına və digər aylıq qazanclarına uyğun müəyyən edilməlidir. Cavabdehin əldə etdiyi gəlirlər artmışdır. Rəsmi şəkildə əldə etdiyi məlumata görə cavabdeh Akad. M.A.Topçubaşov adına X10 aparacı elmi işçi vəzifəsində də işləyir və hər ay 549 manat 50 qəpik əmək haqqı alır. Bundan başqa o, elmi rütbəsinə də görə əlavə haqlar və imtiyazlar alır. Odur ki, aşağıdakı normativ hüquqi aktlara əsasən İskəndərova Mehri və Nəzrin Emil qızlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh işlədiyi müəssisələrdən aldığı əmək haqlarından və digər qazanclarından (elmi fəaliyyətinə və sahibkarlıq fəaliyyətinə görə) hər ay üçdə bir hissədə aliment tutulmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı arasında uşaqlarının saxlanılması üçün alimentlə bağlı xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Cavabdeh alimenti vaxtı-vaxtında ödəyir. Cavabdeh əvvəl Akademik M.A.Topçubaşov adına X14 PHŞ-in “Qaraciyər, od kisəsi, mədəaltı vəzin cərahlığı” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmış və cavabdehlə bağlanmış 29 №-li əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə xitam verilmişdir. Hazırda Cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 şöbə müdiri vəzifəsində çalışır və aylıq əmək haqqı 3561.15 manat göstərilsə də, vergilər tutulduqdan sonra aldığı maaş 2700 manat təşkil edir. Cavabdeh yenidən ailə qurmuş və həmin nikahdan da iki uşağı vardır. Cavabdehin himayəsində həyat yoldaşı, iki uşağı və valideynləri vardır. İddiaçı isə hər il alimentlə bağlı məhkəməyə müraciət edir. Cavabdeh hazırda iddiaçı ilə birgə nikahdan anadan olmuş uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmasını təklif edir və buna razıdır. Odur ki, məhkəmədən cavabdehdən iddiçı ilə birgə nikahdan anadan olmuş qızları Nəzrin və Mehrinin saxlanılması üçün hər ay hər uşağa 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. İş materialları Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X9 xx.xx.2009-cu ildə, X6 xx.xx.2007-ci ildə doğulmuşdur. Akademik M.A.Topubaşov adına X14 X18 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Akademik M.A.Topçubaşov adına X14 PHŞ-in “Qaraciyər, od kisəsi, mədəaltı vəzin cərahlığı” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır və 549 manat 50 qəpik məvacib alır. Akademik M.A.Topubaşov adına X14 X18 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Akademik M.A.Topçubaşov adına X14 PHŞ-in “Qaraciyər, od kisəsi, mədəaltı vəzin cərahlığı” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Cavabdeh ilə bağlanmış 29 №-li əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında barışıq sazişi bağlanmış və həmin barışşıq sazişinin şərtlərinə əsasən Bakı Apellyasiya Məhkəməsi 2(103)-4736/2015 saylı iş üzrə 11 avqust 2015-cü il tarixli qətnamə qəbul edərək Suraxanı rayon Məhkəməsinin 2(010)-1738/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsini dəyişdirmiş, İskəndərova Mehri və Nəzrin Emil qızlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin miqdarını artıraraq hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat məbləğində müəyyən etmiş və həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən Cavabdeh tutularaq hər ay İddiaçı ödənilməsini qət etmişdir. Hazırda tərəflər alimentin məbləğinin iki uşağın saxlanılması üçün 500 (beş yüz) manat məbləğində artırılması ilə razılığa gəlirlər. Cavabdeh bu Saziş imzalanan gündən sonra xx.xx.2022-ci ildən başlayaraq İddiaçı hər iki uşağın yetkinlik yaşına çatmasınadək hər ay 500 (beş yüz) manat aliment məbləğini nağd və ya hesaba köçürmə yolu ilə ödəyəcək. İnflyasiya və devalvasiya halları, işsizlik və müflisləşmə halları, maddi vəziyyətin artması halları nəzərə alınaraq razılaşdırılmış aliment məbləğinin indeksasiyasına və ya yeni məbləğ həcminin artıb azalmasına müəyyən edilməsinə yenidən baxıla bilər. Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00409 saylı "ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışından görünür ki, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi N.Şükürov ilə Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 alimentin artırılması tələbi üzrə xx.xx.2023-cü il tarixində 12:30 -13:30 saatlarında keçirilən ilkin mediasiya sessiyasından sonra prosesidavam etdirilə bilməmişdir. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci ildə doğulmuş və valideynləri Cavabdeh və X3r. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2022-ci ildə doğulmuş və valideynləri Cavabdeh və X3r. AZEMİS-dən görünür ki, Cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 şöbə müdiri vəzifəsində çalışır və aylıq əmək haqqı 3561.15 manat təşkil edir. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından 2009-cu il təvəllüdlü Mehri və 2007-ci il təvəllüdlü Nəzrin adlı uşaqları doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4736/2015 saylı iş üzrə xx.xx.2015-cü il tarixli qətnaməsi ilə tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı övladları Mehri və Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin işlədiyi müəssisələrdən aldığı əmək haqqından və digər qazancından hər ay üçdə bir hissədə aliment tutularaq iddiaçıya ödənilməsini, eləcə də mediasiya prosesi üçün ödənilmiş 50 manat və hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini istəyir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qismən qəbul edərək, cavabdehdən iddiçı ilə birgə nikahdan anadan olmuş qızları Nəzrin və Mehrinin saxlanılması üçün hər ay hər uşağa 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmasını istəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1.2 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, onun aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 50 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının vəkilinə hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia bu hissədə təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4736/2015 saylı iş üzrə xx.xx.2015-cü il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2728/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 50 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4736/2015 saylı iş üzrə xx.xx.2015-cü il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2728/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 50 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar