Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2738/2022 19.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cəmi 2214.68 manat – bundan 885.28 manat əsas, 674.66 manat faiz, 528.26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 126.48 manat faiz borcu və iş üzrə ödənilmiş 42.15 manat dövlət rüsumunun Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, KM037T05170028S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 1000 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 953 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2214.68 manat təşkil edir. Bundan 885.28 manat əsas, 674.66 manat faiz, 528.26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 126.48 manat faiz borcu təşkil edir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçı Bankın nümayəndəsinin olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 624/1-i nömrəli kredit kartın (“AyKart”) verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Bank Müştəriyə 1000 manat məbləğində kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilir. Kredit xətti xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixinədək açılır.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən, Borcalanın Kreditor qarşısındakı 54185738 saylı, xx.xx.2013-cü il tarixli kredit kartı üzrə əsas borc üzrə qalığı 953 manat təşkil edir. Borcalanın Kreditor qarşısındakı 54185738 saylı, xx.xx.2013-cü il tarixli kredit kartı üzrə əsas borc üzrə qalığı 953 manat kreditə çevrilir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil edir.
7. xx.xx.2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin xx.xx.2017 – xx.xx.2019-cu il tarixləri arasında hər ay 47.12 manat (sonuncu ay 47.05 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
8. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə müqavilə üzrə əsas borc 885.28 manat; müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 674.66 manat; müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 528.26 manat; gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 126.48 manat; müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 2214.68 manat təşkil edir.
9. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
10. Problemli kreditlərin kompensasiyası barədə məlumatdan görünür ki, Cavabdeh LPO İddiaçı ASC-yə olan 885.28 manat məbləğində əsas borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında göstərilmişdir.
İşin faktiki halları.
11. İddiaçı LPO İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Bank Müştəriyə 1000 manat məbləğində kredit xətti açmağı, həmin məbləği kredit xəttinin limiti kimi müəyyən etməyi, kredit xəttini xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixinədək açmağı öhdəsinə götürmüşdür. Bundan sonra, tərəflər arasında həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixli, 1 nömrəli əlavə saziş bağlanmış, bu sazişlə Cavabdeh verilmiş kreditin qalıq məbləği 953 manat məbləğində müəyyən edilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, banka olan borcunu ödəməmişdir. Bu səbəbdən iddiaçı LPO İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, bu kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarı.
Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
14. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin.
6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
17. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank ilə arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə əsas borcun tutulması tələbi əsaslıdır. Nəzərə alınmalıdır ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq müvafiq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Buna görə də iddiaçı LPO İddiaçı ASC xx.xx.2013-cü il tarixli kredit kartın verilməsi və istifadəsi müqaviləsi üzrə ödənilməmiş əsas borcu cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
18. Lakin məhkəmə iddia tələbi ilə əsas borca münasibətdə razılaşsa da tələb edilən faiz və cərimə borcu ilə razılaşmır. Belə ki, məhkəməyə təqdim edilmiş Cavabdeh adına olan problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, onun LPO İddiaçı ASC qarşısında olan 885.28 manat məbləğində əsas kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, müvafiq kredit borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında göstərilmişdir.
19. Lakin belə görünür ki, Bankla Cavabdeh arasında bu kreditin restrukturizasiyasına dair heç bir müqavilə bağlanmamışdır. Bunun iddiaçı Bankın, yoxsa cavabdehin hərəkətsizliyi nəticəsində baş verdiyi iş materiallarından müəyyən edilməsə də nəzərə alınmalıdır ki, müvafiq Fərmanla siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmək məhz Banklara tövsiyə edilmişdir. Hazırkı iş materiallarından isə iddiaçı Bank tərəfindən Cavabdeh 885.28 manat məbləğində qalıq borcunun ödənilməsi üçün güzəştli şərtlərlə kredit müqaviləsi bağlamaq barədə edilmiş hər hansı təklif, yaxud bununla bağlı hansısa formada müraciət olunduğu görünmür.
20. Əksinə, iddiaçı Bank restrukturizasiya olunmalı olan 885.28 manat məbləğində əsas borca həm müqavilə üzrə öhdəliklərin icrası müddətinin bitdiyi tarixədək faiz, həm icra müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış faiz, həm də müqavilə üzrə borcun gecikdirildiyinə görə cərimə hesablamış və yekunda 885.28 manat qalıq borcu qalmış cavabdehdən cəmi 2214.68 manat məbləğində pul tələb edilmişdir. Hansı ki, bu cür tələb müvafiq Fərmanda qarşıya qoyulmuş məqsədlərlə (devalvasiya nəticəsində fiziki şəxslərin kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək) əhəmiyyətli ziddiyyət təşkil edir.
21. Belə ki, müvafiq Fərmanla banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər ( 6.2 və 6.3-cü bəndlər).
22. Həmin Fərmanın 8.9-cu bəndinə görə isə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür.
23. Göründüyü kimi, həmin Fərmanda yalnız bankla yeni güzəştli müqavilə bağlamış şəxslərin faiz borcunun silinməsi şərti göstərilməmişdir. Əksinə, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyə edilmişdir.
24. Məhkəmə hesab edir ki, iddiaçı Bank Dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifini qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi də həmin Bank üçün məcburi olmuşdur.
25. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi yalnız əsas borca (885.28 manat) münasibətdə əsaslıdır.
Məhkəmə xərcləri.
26. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 42.15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
27. Belə olan halda ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (885.28 manat) mütənasib olan hissəsi (30 manat) Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 885.28 manat (səkkiz yüz səksən beş manat iyirmi səkkiz qəpik) məbləğində əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 885.28 manat (səkkiz yüz səksən beş manat iyirmi səkkiz qəpik) məbləğində əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva