Məhkəmə qərarları › İş №e-2(010)-274/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-274/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-274/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı avtomobilin geri qaytarılması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “İnfiniti M-45” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona qaytarılması, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat pulun və 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 15 saylı Notariat kontorunda 3M- 972 saylı ilkin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh “İNFİNİTİ M-45” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 500 manat ödəniş etmiş və 33 ay müddətinə hər ay 512 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh cəmi 8 ay ödəniş etmiş və müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmişdir. Onunla əlaqə saxlamağa çalışsa da zənglərə cavab vermir. Avtomobilin yerini müəyyən edib geri almaqda mümkün olmamışdır. Avtomobil 2 aydan artıq müddətdir ki, ödəniş edilmədən cavabdehin sərəncamındadır.

Tərəflərin izahatları

3. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları

5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”ndən görünür ki, tərəflər müqaviləni qeyd olunan şərtlərlə bağlamışlar :

1. Tərəflər Satıcı İddiaçı və Alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023 tarixində BA311163 qeydiyyat nömrəsi olan X1 şəhadətnaməsinə əsasən satıcıya məxsus olan "İnfiniti M-45" minik markalı, buraxılış ili 2007-ci il, dövlət nömrə nişanı **-TA-*** olan avtomobilə dair gələcəkdə əsas alqı satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər.

2. Avtomobilin satış qiyməti 17396 (on yeddi min üç yüz doxsan altı) manat müəyyən edilir.

3. Alıcı bu müqavilənin 2-ci bənddə müəyyən edilən pulun 500 manatını müqavilə bağlandığı anında, qalan 16896 manatını bu müqavilənin 6-cı bəndinə uyğun olaraq ödəyəcəkdir.

4. Alıcı bu müqavilənin 3-cü bəndində ilkin olaraq 500 manat nəzərdə tutulan məbləği Satıcıya nağd ödəyir.

5. Avtomobilin qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.

6. Alıcı borclu olduğu 16896 manatı, hər ay hissə-hissə 512 manat olmaqla 33 ay ərzində hər ayın müqavilə imzalandığı günü satıcıya nağd və ya fiziki şəxsin bank hesabına ödəməyi öhdəsinə götürür.

7. Alıcı avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkət qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır

8. Avtomobil tam işlək vəziyyətdə alıcıya təhvil verilir. Avtomobil təhvil təslim aktına uyğun olaraq təhvil verildikdən sonra avtomobildə yaranan nasazlıqlara görə satıcı məsuliyyət daşımır.

9. Alıcının bu müqavilənin predmeti olan əmlak üzərində istifadə hüququ onun barəsində “ilkin alqı-satqı” müqaviləsi imzalandığı andan, sahiblik və sərəncam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlir.

10. Satıcı öhdəliyin tam icrasından sonra avtomobilin alıcının adına rəsmiləşdirilməsi üçün lazım olan bütün sənədləri təqdim etməyi öhdəsinə götürür.

11. Öhdəlik icra edildikdən sonra nəqliyyat vasitəsinin alıcının adına rəsmiləşdirilməsi üçün çəkiləcək xərclər alıcı tərəfindən ödəniləcəkdir.

12. Müqavilə öhdəliyi tam icra olunmadığı müddətdə alıcı satıcının icazəsi olmadan avtomobili başqa şəxsə icarəyə və ya müvəqqəti idarə üçün verə bilməz.

13. Alıcı öhdəliyi yerinə yetirməyi 5 (beş) gündən artıq gecikdirdiyi təqdirdə satıcı məhkəməyə müraciət edərək müqavilyə xitam verdirə, verilmiş etibarnaməni ləğv edib avtomibili geri ala, könüllü surətdə təhvil verilmədikdə məcburi qaydada istənilən yerdən qanunla qadağan edilməmiş istənilən vasitə ilə götürüb öz duracağına gətirə və 10 gündən artıq müddətdə avtomobilin borcunu 1 dəfəyə olmaqla tam ödəmədiyi təqdirdə avtomobili başqa şəxsə sata bilər.

14. Avtomobil alıcıdan məcburi qaydada geri alınarsa və alıcı avtomobilə aid sənədləri və avtomobilin açarını təhvil verməkdən imtina edərsə, alıcı avtomobilin sənədinə görə 700 manat, açarına görə isə 500 manat cərimə məbləği hesablayaraq almaqda haqlıdır.

15. Alıcı öhdəliyin icra edilmədiyi tarixdən 5 (beş) gün müddətinə avtomobili geri verməzsə və ya avtomobil satıcı tərəfindən tapılıb məcburi qaydada duracağa qoya bilməzsə alıcı avtomobili qanunsuz olaraq özündə saxladığı hər gün üçün 30 (otuz) manat məbləğində cərimə ödəməlidir.

16. Avtomobil alıcıdan məcburi qaydada geri alınarsa satıcı avtomobildə qalmış əşyalara görə cavabdehlik daşımır.

17. Müqaviləyə xitam verilməklə avtomobilin geri qaytarılması halında ödənilmiş vəsait geri qaytarılmır.

18. Avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa yeni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir.

19. Avtomobil tam yararsız hala düşərsə satıcı məhkəməyə müraciət edərək müqaviləni bir tərəfli qaydada ləğv edərək, alıcıdan avtomobilin dəyərinin ödənilməmiş hissəsini bir dəfəyə ödəməsini tələb edə bilər.

20. Alıcı müqavilə müddətinin istənilən mərhələsində avtomobilin dəyərim tam ödəyərək avtomobili özününküləşdirə bilər.

21. Tərəflər razılığa gəlir ki, müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəmə mübahisələri satıcının qeydiyyatda olduğu ünvan uzrə məhkəmədə həll ediləcəkdir.

22. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir.

6. X1 Şəhadətnaməsinin surətindən görünür ki, "İnfiniti M-45" minik markalı, dövlət nömrə nişanı **-TA-*** olan avtomobil İddiaçı mülkiyyətindədir.

İşin faktiki halları

7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı "İnfiniti M-45" minik markalı, dövlət nömrə nişanı **-TA-*** olan avtomobili cavabdehə təhvil verməyi və cavabdeh də həmin avtomobilin dəyərini müqavilədə nəzərdə tutulan ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. İddia tələbinin faktiki əsasını o təşkil edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və aylıq müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Bununla da, o, müqavilə münasibətlərini pozmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdeh iddia tələbi ilə razı olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 139. Mülkiyyət hüququ 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

11. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı “ilkin alqı-satqı” müqaviləsi imzalanmışdır. Belə ki, tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı "İnfiniti M-45" minik markalı, dövlət nömrə nişanı **-TA-*** olan avtomobili işlək vəziyyətdə cavabdehə təhvil verməyi və cavabdeh də həmin avtomobilin dəyərini müqavilədə nəzərdə tutulan ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda iddiaçı öz tələbində ona istinad edir ki, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş şərtləri yerinə yetirməmişdir. Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə qeyd edir ki, göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə bağlı şərtlər cavabdeh tərəfindən pozulmuşdur. Həmin müqavilədə eyni zamanda alıcı tərəfindən öhdəlik yerinə yetirilmədiyi təqdirdə avtomobilin satıcı tərəfindən geri qaytarılması ilə bağlı şərt nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan avtomobilin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində əsaslıdır.

12. Tələb edilən hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manata münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan pul vəsaitini tələb etsə də, lakin iddia ərizəsinə hüquqi yardım göstərilməsi ilə əlaqədar pul vəsaitinin ödənilməsi barədə sübut əlavə etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “İnfiniti M-45” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılmalı və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “İnfiniti M-45” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar