Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2742/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbi» tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı «üzləşmə aktının və borcun etirafı haqqında müqavilənin qismən etibarsız hesab edilməsi tələbi» tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20335.66 manat və ödənilmiş 151 manat dövlət rüsumu olmaqla ümumilikdə 20486,66 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2021-ci il tarixli üzləşmə aktının və borcun etirafı haqqında müqavilənin qismən 2000 manat borcun etirafı hissəsində saxlanılmaqla, qalan hissədə etibarsız hesab edilməsi, həmin məbləğin də ödənildiyinə görə ilkin iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ekspeditor xidməti göstərən Cavabdeh dondurma satışından İddiaçı MMC-yə 05 yanvar 2021-ci il tarixinə 20335,66 manat borcu yaranmışdır. Tərəflər arasında 05 yanvar 2021-ci il tarixində bağlanmış “Mövcud borcun etirafı haqqında” müqavilədə Cavabdeh borcunu etiraf etmiş və həmin borc məbləğini tam olaraq 05 fevral 2021-ci il tarixinədək ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Həmçinin tərəflər arasında 05 yanvar 2021-ci il tarixində “Üzləşmə Aktı” tərtib olunmuşdur və həmin akta əsasən də cavabdeh İddiaçı MMC-yə 20335,66 manat borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh tərəflər arasında müəyyən edilmiş razılaşmanın şərtlərini pozaraq hazırki vaxta kimi borcunu qaytarmamış, heç bir ödəniş etməmişdir. Cavabdehə borcunu ödəməsinə dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınmışdır. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, İddiaçı MMC-də ekspeditor xidməti göstərən Cavabdeh həmin MMCyə guya xx.xx.2021-ci il tarixli borcun etirafı və üzləşmə aktına əsasən 20335.66 manat borcu qalmış, həmin borcu guya 05 fevral 2021-ci il tarixə qədər ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Həmin üzləşmə aktında göstərilən yazılar və borcun etiraf edilməsi barədə müqavilədəki yazılar Cavabdeh məxsus deyildir. Həmin məbləğlər başqa şəxs tərəfindən sonradan yazılaraq doldurulmuşdur. Yalnız üzləşmə aktının sonunda qeyd edilən 1500 və ya 2000 manat borcun ödənilməsi qeydi Cavabdeh məxsusdur. Yəni yuxarıdakı qeydlər Cavabdeh məxsus deyildir. Bundan başqa həmin borcun yaranma əsasları uydurma olduğu üçün də qeyri-müəyyəndir. Buna görə, əgər belə bir borc mövcuddursa həmin borcun yaranmasına səbəb olmuş qaimələr qarşı tərəfdən tələb edilərək məhkəməyə təqdim edilməlidir. Habelə, Cavabdehla İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsi də sorğu verilərək məhkəməyə təqdim edilməlidir. Həmçinin qeyd edir ki, 2016-cı ildə Cavabdeh özünə məxsus 2004-cü il buraxılışlı, Ban nömrəsi: WDB9036111R716510, ** GO *** dövlət qeydiyyat nişanlı X2 yük avtomobili depozit məbləğinin təmin edilməsi üçün İddiaçı MMC-nin satış müdiri olan, habelə MMC-nin rəhbəri Elşən Şərifovun xalası oğlu Şahid adına keçirilmişdir. Həmin dövrdə nağd pul tələb edilmiş, lakin Cavabdeh nağd pulunun olmadığını, özünə məxsus həmin avtomobili depozit kimi MMC-nin satış müdirinin adına keçirə biləcəyini demişdir. Həmin vaxt MMC-nin rəhbərliyi avtomobilin formal olaraq onların adında qalmasını, Cavabdeh etibarnamə verəcəklərini, işdən çıxacağı təqdirdə həmin avtomobili Cavabdeh qaytarmalarını təklif etmişdir. Bu məqsədlə Cavabdeh həmin avtomobili onların adına rəsmiləşdirmişdir. Hazırda avtomobili onlardan tələb etdiyinə görə Cavabdeh qarşı qərəzli iddia qaldırılmış və süni şəkildə borc yaratmağa cəhd edirlər. Halbuki, Cavabdeh onlara həmin məbləğdə borcu qala bilməz. Artıq 4-5 ildir ki, MMC heç bir ekspeditorun yüksək məbləğdə borcunun yaranmasına imkan vermir. Yəni 2-3 mindən artıq borc yarananda ona mal vermirlər. Çünki əvvəllər bəzi problemlər yarandığına görə artıq 4-5 ildir ki, həm depozit qəbul edərək işçilərə mal verirlər, həm də borc məbləğinin 2- 3 min manatdan yuxarı qalmağına imkan vermirlər. Ona görə həmin məbləğ həddində Cavabdeh MMC-yə borcunun olması mümkün deyil və buna dair heç bir sübutları yoxdur. Cavabdeh MMC-yə 2000 manat borcu qalmış ola bilərdi, həmin məbləğdə ödəmiş və qaimələri də mövcuddur. Qeyd olunanlara əsasən ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, İddiaçı MMCdə eksperditor vəzifəsində işləyən şəxslərin yaranmış borclarının əvəzinə onların avtomobillərini öz adlarına rəsmiləşdirirdilər. Dəfələrlə onun adına avtomobillər qeydiyyatdan keçirilib. “Mercedes Benz” Sprinet yük markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil də 2016-cı ildən onun adına qeydiyyatdan keçirilib, lakin bu formal xarakter daşıyır. O, MMC-də 18 ilə yaxın işləyib, lakin hal-hazırda orada işləmir. Onun MMC-də işlədiyi dövrdə heç kimlə münasibəti pis olmayıb. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Mövcud borcun etirafı haqqında müqavilədən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə dondurma satışı ilə bağlı yaranmış 20335.66 manat məbləğində borcu olduğunu etiraf edir və həmin borc məbləğini tam olaraq 05 fevral 2021-ci il tarixədək MMC-yə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli üzləşmə aktında qeyd edilir: “Biz aşağıda imza edənlər bir tərəfdən İddiaçı MMC-nin direktoru X1, digər tərəfdən ekspeditor Cavabdeh bu aktı imza edirik ondan ötrü ki, ekspeditor Cavabdeh İddiaçı MMC-yə 20335.66 manat borcu var”. Sonunda “Mən, CavabdehB 2021.04 ayında 1500 və ya 2000 manat borcumdan ödəyəcəm” qeydi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli çıxarışdan görünür ki, “Mercedes Benz” sprinter yük markalı ** GO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 17 mart 2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, 18 aprel 2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Şahid adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə 28 aprel 2020-ci ildə verdiyi izahatından görünür ki, o, MMC-yə 13669 manat borclu olduğunu bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. MM-nin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1099.2.-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Həmin Məcəllənin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Bu Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Cavabdeh 28 aprel 2020-ci ildə verdiyi izahatından müəyyən olunmuşdur ki, onun İddiaçı MMC-yə 13669 manat borcu vardır. Sonradan tərəflər arasında xx.xx.2021-ci il tarixdə borcun etirafı haqqında müqavilə bağlanmış və Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə cəmiyyətə 20335.66 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh borcun etirafı ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən, 20335.66 manat məbləğində İddiaçı MMC-yə borclu olduğundan iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 20335.66 manat məbləğində pul və 151 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı qarşılıqlı iddia tələbi üzrə sübutetmə yükü, yəni, müqavilənin və üzləşmə aktının qismən etibarsız hesab edilməsi barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə qarşılıqlı iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3.-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bu Məcəllənin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirilməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə borcun etirafı haqqında müqaviləni bağlamış və həmin əqdi sonradan mübahisələndirməmiş və əqdin onun iradəsindən asılı olmayan səbəblərdən bağlanması ilə bağlı məhkəməyə sübut təqdim etməmiş və həmin əqdin və üzləşmə aktının qismən etibarsız hesab olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı «üzləşmə aktının və borcun etirafı haqqında müqavilənin qismən etibarsız hesab edilməsi » tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə onu da xatırladır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh 20335.66 (iyirmi min üç yüz otuz beş manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti və 151 (yüz əlli bir) manat məbləğində dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı «üzləşmə aktının və borcun etirafı haqqında müqavilənin qismən etibarsız hesab edilməsi » tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2742/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2742/2022
21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver