Məhkəmə qərarları › İş №e-2(010)-2743/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2743/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2743/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiаçı "xxxx" X5 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" X8 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 455.37 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi **-FM-*** dövlət qeydiyyat nişanlı “Toyota Camry minik” markalı avtomobil ilə xx.xx.2024-cü ildə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ərazisində yol-nəqliyyat hadəsi törətmiş və nəticədə iddiaçıya məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 5455.37 manat məbləğində maddi ziyan vurmuşdur. Yolnəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri DYPİ-nin əməkdaşları tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-FM-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry minik” markalı avtomobilin sürücüsü Cavabdeh tanınmışdır. Hadisə zamanı **-FM-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry minik” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, hal-hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Bu səbəbdən də, ləğv prosesində olan “Dövlət sığorta kommersiya” şirkəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 bank hesabına 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X5 balansına verilmişdir. Qeyd edilənlərə əsasən, müəssisəyə vurulmuş 5455.37 manat məbləğində maddi ziyandan qalıq olaraq alan 455.37 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Tərəflərin izahatları.

4. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh bu barədə yazılı ərizə verilməklə iddia tələbini tam həcmdə etiraf etmiş və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2011-ci il olan, “Toyota Camry” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. 7 xx.xx.2023-cü il tarixli, 7E-17951 reyestr nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, buraxılış ili 2011-ci il olan, “Toyota Camry” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə X7 (nəqliyyat vasitəsinin mülkiyyətçisi) tərəfindən Cavabdeh etibar edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2024-cü il, saat 12:30 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ərazisində “Toyota Camry” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məblğində cərimə edilmə haqqında inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.

9. "xxxx" X8 tərəfindən Ləğv prosesində olan "xxxx" Şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə icbari qaydada sığortalanmış “Toyota Camry” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 5000 manat məbləğində sığorta ödənişinin bank hesabına köçürülməsi xahiş edilmişdir.

10. "xxxx" X8 tərəfindən tərtib edilmiş smetanın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclər aşağıdakı kimi göstərilmişdir – “Palermo” tipli 1 çıraqlı işıq dirəyi – 5155.37 manat; Özül hissənin bərpası – 300 manat.

İşin faktiki halları.

11. xx.xx.2024-cü il tarixdə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ərazisində “Toyota Camry” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasında ifadə olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X5 balansında olan 01 ədəd “Palermo” tipli 1 çıraqlı işıq dirəyinə və həmin işıq dirəyinin özül hissəsinə maddi zərər vurulmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş smetaya əsasən, vurulmuş zərərin ümumi məbləği 5455.37 manat məbləğində müəyyən edilmiş, müvafiq nəqliyyat vasitəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığı üçün ləğv prosesində olan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

12. Cavabdeh iddia tələbinin etirafına dair yazılı ərizə verməklə iddia tələbini qəbul etmişdir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. xx.xx.2024-cü il tarixdə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ərazisində “Toyota Camry” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasında ifadə olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X5 balansında olan 01 ədəd “Palermo” tipli 1 çıraqlı işıq dirəyinə və həmin işıq dirəyinin özül hissəsinə maddi zərər vurulmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş smetaya əsasən, vurulmuş zərərin ümumi məbləği 5455.37 manat məbləğində müəyyən edilmiş, müvafiq nəqliyyat vasitəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığı üçün ləğv prosesində olan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

17. Cavabdeh iddia tələbinin etirafına dair yazılı ərizə verməklə iddia tələbini qəbul etmişdir.

18. Məhkəmə həmçinin qeyd edir ki, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: 1) onun qanuna uyğun olub-olmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

19. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz.

20. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur.

Məhkəmə xərcləri.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14cü maddəsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Belə olan halda, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 455.37 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X5 xeyrinə ödənilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 455.37 (dörd yüz əlli beş manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X5 xeyrinə ödənilsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar