Məhkəmə qərarları › İş №e-2(010)-2744/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2744/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2744/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/107123/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 5666.78 manat əsas, 5436.07 manat faiz, 2351.09 manat cərimə, 766.30 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 14220.24 manat məbləğində pulun və 132.66 manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/107123/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24% ödənilməsi şərti ilə 48 ay müddətinə 10000 məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 5666.78 manat əsas, 5436.07 manat faiz, 2351.09 manat cərimə, 766.30 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 14220.24 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, bankla müqavilə bağlayaraq kredit götürmüş və ödənişləri vaxtında etmişdir. Lakin sonra Bank ləğv olunduqdan sonra banka müraciət etmiş, lakin bankın ləğv olunduğunu və bu barədə ona məlumat veriləcəyini bildirmişlər. Bundan sonra ona məlumat verilməmiş və götürülmüş məbləğin üstünə artıq faiz hesablanmışdır. Sonradan banka müraciət etmiş və ona 2000 manat məbləğində faiz borcu olduğunu bildirmişlər. Hesab edir ki, onun bank qarşısında olan borcu şişirdilmişdir və buna görə də iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh daha sonra ərizə ilə məhkəməyə müraciət edərək təyin olunmuş məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iş üzrə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 1xx/xx/107123/15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB QSC Cavabdeh illik 24% ödənilməsi şərti ilə 48 ay müddətinə 10000 məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş "xxxx" KB QSC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh banka 5666.78 manat əsas, 5436.07 manat faiz, 2351.09 manat cərimə, 766.30 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 14220.24 manat borcu vardır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/107123/15 saylı kredit müqaviləsi üzrə borcu xx.xx.2019-cu il tarixə 5310.48 manat əsas, 3904.25 manat faiz borcu müəyyən olunur. İş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla banka olan əsas borcu 5310.48 manat, faiz borcu 4405.89 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu məcəllənin 449.1.-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/107123/15 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədi ilə borcluya illik 24% ödənilməsi şərti ilə 48 ay müddətinə 10000 məbləğində kredit verilmişdir. Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilsə də, bu günə qədər borcun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. İş üzrə iddiaçı "xxxx" KB QSC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bankın iddiasının 2351.09 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/107123/15 saylı kredit müqaviləsi üzrə 5310.48 manat əsas, 3904.25 manat faiz, 100 manat cərimə, 501.64 manat gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu, ümumilikdə 9816.37 manat və 132.66 manat dövlət rüsumu tutularaq "xxxx" KB QSC-nin xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/107123/15 saylı kredit müqaviləsi üzrə 5310.48 manat əsas, 3904.25 manat faiz, 100 manat cərimə, 501.64 manat gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu, ümumilikdə isə 9816.37 (doqquz min səkkiz yüz on altı manat, otuz yeddi qəpik) manat və132.66 (yüz otuz iki manat, altmış altı qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" KB QSC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar