Məhkəmə qərarları › İş №e-2(010)-2744/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2744/2025

11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2744/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra İddiaçı2 MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı2 MMC-yə məxsus “BMW F30” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh tərəfindən vurulmuş ziyana görə 5286 manat, əlavə olaraq AR MM-nin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda qismində 2400 manat məbləğində pul vəsaitinin və ödənilmiş 74 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı2 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 894/24 nömrəli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi” bağlanmışdır. Cavabdeh şəxs xx.xx.2024-cü il tarixli, 894/24 nömrəli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”nin 3.1-ci maddəsinə əsasən, İddiaçı2 MMC-yə məxsus olan “BMW F30” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini günü 120 manat olmaqla, həmin müqavilənin 5.11-ci bəndində qeyd edilən xx.xx.2024-cü il, saat 13:00-dan xx.xx.2024-cü il, saat 13:00-dək olmaqla 1 gün müddətinə icarəyə götürmüşdür. Belə ki, Cavabdeh “BMW F30” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhvil verilən zaman avtomobil tam saz vəziyyətdə olmuş və cavabdeh şəxs həmin avtonəqliyyatı icarəyə götürənə qədər avtomobildə heç bir problem olmamışdır. Lakin cavabdeh şəxs sözügedən nəqliyyat vasitəsini götürdükdən sonra xx.xx.2024-cü il tarixli, 894/24 nömrəli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”nin 5.6 və 5.7-ci bəndlərini kobud şəkildə pozmuş, icarəyə götürdüyü “BMW F30” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman çoxsaylı xəbərdarlıqlara baxmayaraq, dayanmadan forsaj verərək qəza şəraiti yaratmış, avtonəqliyyat vasitəsini kobud şəkildə idarə etmiş və nəticədə avtonəqliyyatın mühərrikini dağıdaraq, yararsız vəziyyətə salınmışdır. Cavabdeh şəxsə etdiyi hərəkətsizliklər barədə və qəza şəraitinin yaradılması barədə GPS vasitəsilə çoxsaylı bildirişlərin gəldiyini bildirmələrinə baxmayaraq, o, deyilənlərə heç bir məhəl qoymamış və eyni qaydada avtomobilə forsaj (ziyan) verərək, sürməyə davam etmişdir. Hadisə nəticəsində cavabdehin icarəyə götürdüyü nəqliyyat vasitəsinə 5286 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir. Cavabdeh şəxs dəymiş ziyanın ödənilməsi üçün ofisə dəvət edildikdə, o, 1 həftə möhlət istəyərək, dəymiş 5286 manat maddi ziyanı ödəyəcəyini söz vermişdir. Lakin Cavabdeh sonradan telefon zənglərinə cavab verməmiş, vurduğu ziyanı qəsdən və bilərəkdən ödəməkdən yayınmışdır. Cavabdeh şəxs tərəfindən dəymiş ziyan məbləğindən bu günə qədər İddiaçı2 MMC-yə heç bir ödəniş edilməmişdir. Daha sonra “BMW F30” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təmir üçün avtoservisə aparılmışdır. Sözügedən avtonəqliyyat vasitəsi 20 gün müddətinə Babək prospektində qaldıqdan sonra İddiaçı2 MMC-nin öz hesabına “BMW F30” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərriki 5286 manat dəyərinə təmir edilmişdir. İddiaçı2 MMC tərəfindən “BMW F30” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1 günü 120 manat dəyərində icarəyə verilirdi. Nəzərə alınsa ki, cavabdeh avtomobili tam yararsız hala saldığına görə “BMW F30” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 20 gün müddətinə icarəyə verilə bilməyib. Bu da onu göstərir ki, Cavabdeh İddiaçı2 MMC-yə vurduğu 5286 manat ziyanla kifayətlənməmişdir. Bu səbəbdən də məhkəmə 5286 manat ziyandan əlavə, 1 günü 120 manat dəyərində icarəyə verilən “BMW F30” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 20 gün müddətində icarəyə verilmədiyi üçün bu halı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda kimi qiymətləndirməli və həmin avtonəqliyyat vasitəsinin günü 120 manat dəyərində olmaqla 20 gün üçün ümumi olaraq İddiaçı2 MMC-yə 2400 manat dəyərində xeyli miqdarda ziyan vurulduğunu nəzərə almalıdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

5. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

6. Məhkəmə iclasında mütəxəssis kimi izahatı dinlənilən X3 bildirdi ki, “ani hızlanma” ani sürətlənmə deməkdir. “Ani hızlanma” nəticəsində mümkündür ki, mühərrik sıradan çıxsın. Bütün yanacaqla işləyən nəqliyyat vasitələrinin mühərriki bu “hızlanma”dan dağıla bilər, tam sıradan çıxa bilər. GPS şirkətləri maşına naviqasiya qoşmaq istəyəndə onlardan məsləhət alırlar, avtomobilin sağlam sürətlənmə müddətini soruşurlar. GPS-ə paramaterlərə uyğun dəyərlər əlavə edirlər. Məsələn, avtomobil 5 saniyə içərisində maksimum saat 20-25 km/saata kimi sürətlənə bilər. Hazırkı işdəki bildirişdən isə görünür ki, avtomobil müəyyən olunmuş müddətdə daha çox sürətlənmişdir. GPS tətbiqi qapalı tətbiqdir. Ona kənardan müdaxilə mümkün deyil. Şirkətlər GPS-i ona görə quraşdırır ki, maşının sürətini, onun manevrlərini, yerini müəyyən edə bilsinlər. Sürətlənməni sürücü öz zövqü üçün istifadə etmiş ola bilər, bəlkə də kimləsə yarışmışdır. Qiymətləndirmə aktını onlar tərtib etmişlər. Mühərrik qismən, ya da tam dağıla bilər. Lakin hazırkı işdəki avtomobildə mühərrik tam sıradan çıxmışdı. Mütəxəssis kimi avtomobilə baxış keçirən kimi görmüşdür ki, mühərrikin daxilindəki temperatur həddən çox olduğu üçün metal sürətlə aşınmış, dişli çarxlar və val tam sıradan çıxmışdır. Valın ardınca ona bağlı porşenlər və ardınca bütün hissələr sıradan çıxmışdır. Mühərrikin daxilində detallar bir-birinə bağlıdır. Biri sıradan çıxırsa, o biri də çıxır. Sürücü əslində mühərrikdə ilk dəyişikliyi mütləq hiss edir və o, bu halda dayanmalıdır. Bu zaman ziyan demək olar ki, yarıya düşür. Dayanmadıqda isə mühərrik tam sıradan çıxır. Hazırkı işdəki avtomobildə köhnə mühərrik tam yararsız vəziyyətdə olmuşdur. Ona görə də məcbur olub yenisi ilə əvəz etmişlər. Avtomobil istehsalçısı müəyyən parametrlər daxilində avtomobil istehsal edir. Bu parametrlər aşsa, mühərrik sıradan çıxır, bütün avtomobilə mənfi təsir edir.

İş materialları.

7. İddiaçı2 MMC (İcarəyə verən) və Cavabdeh (İcarədar) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 849/24 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin sürətindən görünür ki, “İcarəyə verən” mülkiyyət hüququ ilə ona məxsus olan “BMW” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “İcarədar”ın istifadəsinə verir, “İcarədar” isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği “İcarəyə verən”ə ödəyir. “İcarədar” avtonəqliyyat vasitəsinin istifadəsinin 1 (bir) günü üçün 120 manat ödəyir.

8. H.Z.Tağıyev adına Xüsusi Kiçik Müəssisənin nəzdində olan avtoservis tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qiymətləndirmə aktının sürətindən görünür ki, “BMW 328” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi zərərin məbləği (işçilik + ehtiyat hissələri) 5286 manat məbləğində müəyyən edilmişdir.

9. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, buraxılış ili 2015-ci il olan, “BMW 328İ” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 adına qeydə alınmışdır.

İşin faktiki halları.

10. İddiaçı2 MMC (İcarəyə verən) və Cavabdeh (İcarəçi) arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İcarəyə verən “BMW” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə həmin avtomobildən istifadənin bir gününə görə 120 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İcarə müddəti xx.xx.2024-cü il, saat 13:00-dan xx.xx.2024-cü il, saat 13:00-dək müəyyən edilmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq sürətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 675. Əmlak kirayəsi müqaviləsi. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri. 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 700. İcarə müqaviləsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq sürətdə tətbiq edilir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

13. İşin faktiki hallarından görünür ki, İddiaçı2 MMC (İcarəyə verən) və Cavabdeh (İcarəçi) arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İcarəyə verən “BMW” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə həmin avtomobildən istifadənin bir gününə görə 120 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, icarə müddəti xx.xx.2024-cü il, saat 13:00-dan xx.xx.2024-cü il, saat 13:00-dək müəyyən edilmişdir. Hazırda iddiaçı MMC iddia edir ki, icarə müqaviləsi əsasında avtomobil cavabdehin istifadəsində olduğu dövrdə avtomobilin mühərriki tam yararsız vəziyyətə düşmüş və nəticədə 5286 manat məbləğində zərər dəymişdir.

14. İş materiallarından görünür ki, xx.xx.2024-cü il, saat 11:51-dən xx.xx.2024-cü il, saat 13:49-dək **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəfələrlə “ani hızlanma ihlali”, bəzi hallarda “ani yavaşlama ihlali” və “kontrol mesajı gecikme ihlali” edilmişdir. Yenə iş materiallarında olan H.Z.Tağıyev adına xüsusi kiçik müəssisənin nəzdində olan avtoservis tərəfindən verilmiş qiymətləndirmə aktında avtomobilə müəsssisənin ustaları tərəfindən baxış keçirildiyi göstərilmiş, baxış nəticəsində avtomobilin qaynadılaraq sürüldüyü, bu səbəbdən mühərrikin içinin tam olaraq ərimiş vəziyyətdə sıradan çıxdığına görə yenisi ilə əvəz edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında həmin müəssisədə mühərrik ustası kimi fəaliyyət göstərən şəxsin mütəxəssis kimi izahatı dinlənilmiş, mütəxəssis izahatında göstərmişdir ki, hər bir avtomobilin sürəti həmin avtomobil üçün müəyyən edilmiş parametrlər daxilində artırıla bilər. Sürətin bu parametrlərdən artıq tezlikdə artırılması “ani hızlanma”ya gətirib çıxarır və bu hərəkət dəfələrlə edildikdə birbirinə bağlı olan mühərrik hissələri sıradan çıxır ki, servislərində yoxlanılmış avtomobilin mühərriyində də bu hal baş vermişdir.

15. Göründüyü kimi, iş materialları əsasında avtomobilin cavabdehin istifadəsində olduğu dövrdə sürətlənmə həddinin aşılması, mütəxəssis rəyi əsasında avtomobil “qaynadılaraq” sürüldüyü üçün mühərrikin tam sıradan çıxması, mütəxəssisin izahatı əsasında isə avtomobilin sürət alması ilə bağlı parametrlərin dəfələrlə pozulmasının mühərrikin sıradan çıxmasına səbəb olduğu müəyyən edilir. İstinad edilən bu sübutların mötəbərliyini şübhə altına alan hər hansı halın müəyyən edilmədiyini nəzərə alan məhkəmə hesab edir ki, avtomobili icarə müqaviləsi əsasında istifadə edən Cavabdeh icarə müqaviləsi üzrə öhdəliyini pozmuş, avtomobilin sürət alma həddini dəfələrlə aşaraq, mühərriyin sıradan çıxmasına səbəb olmuşdur.

16. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik kirayəyə (icarəyə) verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində kirayəyə (icarəyə) verənə dəyən zərərin ödənilməsini müəyyən etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin müqavilə öhdəliyini pozaraq, müqavilə əsasında istifadə etdiyi avtomobillə etdiyi hərəkətlər nəticəsində avtomobilin mühərrikinə dəymiş zərər ödənilməlidir. İş materiallarında olan mütəxəssis rəyində bu zərər 5286 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə müvafiq nəticənin ağlabatanlığını şübhə altına alan hansısa halın müəyyən edilmədiyini nəzərə alaraq, həmin pulun cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlir.

17. Əldən çıxmış fayda kimi tələb edilən 2400 manat məbləğində pula münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəf bu tələbini avtomobilin xəsarət almasına görə bir müddət yenidən icarəyə verilə bilməməsi və əldə edilə biləcək potesial gəlirin itirilməsi ilə əlaqələndirsə də qeyd edilən hallarla bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatında sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmənin vəzifəsi yalnız təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

18. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə tələbi təsdiq edən mötəbər sübutlar olmadığından iddia həmin hissədə təmin edilə bilməz.

19. Son olaraq məhkəmə İddiaçı1 münasibətdə qeyd edir ki, onun bu iddia üzrə iddiaçı qismində məhkəmədə şəxsən öz adından iddia qaldırması istisna edilir. Belə ki, işin hallarından məlum olur ki, İddiaçı2 təsisçisi İddiaçı1dur. Məhkəmədə İddiaçı2 qanuni təmsliçisi kimi iddianı da İddiaçı1 qaldırmışdır. Belə olan halda iddia ona münasibətdə təmin oluna bilməz.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, 7686 manat qiyməti olan iddiaya görə 96.86 manat məbləğində dövlət rüsumu ödənilməli idi.

21. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 72.86 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya aid edilməli, ödənilməmiş 24 manat məbləğində dövlət rüsumu isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən dəymiş zərərə görə 5286 manat məbləğində pul və 72.86 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 24 manat məbləğində dövlət rüsumu iddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 5286 (beş min iki yüz səksən altı) manat məbləğində pul və 72.86 manat (yetmiş iki manat səksən altı qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı2nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu İddiaçı2ndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar