Məhkəmə qərarları › İş №e-2(010)-2750/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2750/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2750/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı X2-Bank Kredit Təşkilatının (bundan sonra – İddiaçı MM QBKT) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2187.27 manat, faiz borcuna görə 1.94 manat, cərimə borcuna görə 0 manat, cəmi 2189.21 manat məbləğində borcun və 41.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2750/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0302 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə təbdirlə haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3898.37 manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3.25, dörd il müddətində isə hər ay 82.91 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0302 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 2187.27 manat, faiz borcuna görə 1.94 manat, cərimə borcuna görə 0 manat, cəmi 2189.21 manat təşkil edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Əməliyyat olunduğu üçün müəyyən qədər problemlər yaranmışdır, lakin borcunu ödəməlidir. Qeyd etdiyi səbəbdən borcunun ödənilməsində gecikmə yaransa da, borcunu ödəməkdən imtina etmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı MM QBKT (Kredit Verən) və Cavabdeh2 (Kredit Alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0302 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən “Kredit Verən” “Kredit Alan”a sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3898.37 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3898.37 manat məbləğində güzəştli krediti verməyi, “Kredit Alan” isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə “Kredit Verən”ə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur. Kreditin müddəti illik faiz dərəcəsi 1% olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müəyyən olunur. xx.xx.2019-cu il tarixli, **********0302 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2019 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 82.91 manat (ilk 12 ay güzəşt müddəti tətbiq edilməklə, sonuncu ay 82.78 manat) məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır. İddiaçı MM QBKT (Kredit Verən) və Cavabdeh1 (Zamin) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, “Zamin” xx.xx.2019-cu il tarixli, **********0302 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə “Kredit Alan” olan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri “Kredit Verən”ə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 2187.27 manat əsas borc, 1.94 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla, ümumilikdə 2189.21 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MM QBKT tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 41.90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. Borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını lazımi qaydada həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə AR MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (AR MM, maddə 385.1). Eyni zamanda əsas öhdəliyin icrasının təmini məqsədilə Cavabdeh1 ilə iddiaçı arasında qanunvericinin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin olan Cavabdeh1 borclu Cavabdeh2 kreditor olan İddiaçı MM QBKT qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün birgə məsuliyyət götürmüşdür. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi halında kreditora bu öhdəliyin icrasını birbaşa zaminə yönləndirmək hüququna verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, **********0302 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və iddiaçıya 2187.27 manat məbləğində əsas borc, 1.94 manat məbləğində faiz borcu, cəmi 2189.21 manat borcunun olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək, müqavilə üzrə əsas borc və faiz borcunun məbləğini mübahisələndirməmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, cavabdehlər iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 41.90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 41.90 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2187.27 manat əsas borc, 1.94 manat faiz borcu olmaqla, cəmi 2189.21 manat pul vəsaiti və ödənilmiş 41.90 manat dövlət rüsumu tutularaq İddiaçı X2-Bank Kredit Təşkilatına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2187.27 manat əsas borc, 1.94 manat faiz borcu olmaqla, cəmi 2189.21 (iki min yüz səksən doqquz manat iyirmi bir qəpik) manat borc və ödənilmiş 41.90 (qırx bir manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı X2-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar