Məhkəmə qərarları › İş №e-2(010)-2765/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2765/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2765/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Ьəhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3312 manat dəymiş ziyanın, ödəniş etmədən avtomobili özündə saxladığı günlər üçün 1800 manat cərimənin və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manatın və ödənilmiş 73 manat dövlət rüsumunun tutulub fiziki şəxs İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasına xx.xx.2024-cü il tarixində 3/2024 saylı ilkin müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 7440 manat dəyrində “Runna” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh 24 ay müddətinə hər ay 310 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh cəmi 3 ay ödəniş etmiş və müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmişdir. O, ofisə dəvət edilmiş, lakin ofisə gəlməmiş və avtomobili nasaz vəziyyətdə başqa şəxs vasitəsi ilə xx.xx.2025-ci il tarixində göndərmişdir. Cavabdeh heç bir ödəniş etmədən 2 ay müddətinə qanunsuz olaraq avtomobili özündə saxlamışdır. Avtomobili Təmir məntəqəsinə apardıqda avtomobili təmir etmək üçün avtomobilə 3312 manat ziyan dəydiyi məlum olmuşdur. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Şahid ifadələri. Məhkəmə iclasında Şahid bildirmişdir ki, maşın tanışı Cavabdeh olmuş, motoru vurmuşdu, yığdıra bilməyəcəyini dedi, ondan xahiş etdi, o, da evakuatorla aparıb maşını qaytarmışdır. Qeyd edir ki, tanışının qardaşı rəhmətə getmişdi deyə özü gedə bilmirdi. Motor qızmışdı, ola bilsin ki, şlanq cırılmışdı, qaytarmaqdan başqa yolu yox idi. İş materialları. İş materiallarında olan xx.xx.2024-cü il tarixli daşınar əmlakın ilkin alqı-satqısı müqaviləsinin 1-ci bəndindən görünür ki, Tərəflər Satıcı İddiaçı və Alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2024 tarixində BA414339 qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən satıcıya məxsus olan "Runna” minik markalı, buraxılış ili 2014-ci il, dövlət nömrə nişanı **-SC-*** olan avtomobilə dair gələcəkdə əsas alqı satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər...8. Avtomobil tam saz vəziyyətdə alıcıya təhvil verilir və avtomobil və gələcəkdə avtomobildə yaranan nasazlıqlara görə satıcı məsuliyyət daşımır....9. Alıcının bu müqavilənin predmeti olan əmlak üzərində istifadə hüququ onun barəsində ilkin alqı-satqı müqaviləsi imzalandığı andan, sahiblik və sərəcam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlir.... 15. Alıcı öhdəliyin icra edilmədiyi tarixdən 5 (beş) gün müddətinə avtomobili geri verməzsə və ya avtomobil satıcı tərəfindən tapılıb məcburi qaydada duracağa qoya bilməzsə alıcı avtomobili qanunsuz olaraq özündə saxladığı hər gün üçün 30 (otuz) manat məbləğində cərimə ödəməlidir... 18. Avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa yəni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir. İş materiallarına əlavə edilmiş 3/2024 saylı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, buraxılış ili 2014-ci il olan, “Runna” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh tam saz vəziyyətdə təhvil verilmişdir. Alıcı satıcının iştirakı ilə avtomobilə baxış keçirdi və avtomobilə dair heç bir etiraz və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, “Runna” minik markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin şəkilləri çəkilmişdir. İş materiallarına əlavə edilən “X6” (fərdi sahibkar X4 VÖEN: **********) tərəfindən İddiaçı təqdim edilən xx.xx.2025-ci il tarixli Qüsur Aktından görünür ki, “Runna” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği – ehtiyat hissələrinə görə: şatun 3 ədəd – 105 manat, ön salnik – 15 manat, arxa salnik – 25 manat, kladış – 90 manat, porsen 4 ədəd – 200 manat, kolça – 75 manat, raspredval salniki 2 ədəd – 30 manat, qalovka prokladkası – 45 manat, qalovka – 450 manat, pompa – 45 manat, yağ filteri – 90 manat, starter avtomati – 35 manat, soyuducu par – 80 manat, amartizator 4 ədəd – 256 manat, şaravoy 2 ədəd – 30 manat, on sağ və sol link 2 ədəd – 26 manat, ön sağ və sol almacı 2 ədəd – 30 manat, mühərik yastığı – 55 manat, çöl granat – 180 manat olmaqla ümumilikdə 1862 manat, işçiliyə görə: dəmirçi – 70 manat, rəngsaz – 200 manat, razval – 20 manat, mühərrik ustası – 500 manat, çilingər – 150 manat, radiator təmiri – 50 manat, şlivovka – 360 manat, elektrik – 100 manat olmaqla, ümumilikdə 1450 manat olmaqla, cəmi 3312 manat olaraq göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Runna Assamad” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz vəziyətdə X2 və evakuator xidmətinin sürücüsü Şahid tərəfindən İddiaçı təhvil-təslim edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 9 saylı Vəkil Bürosunun vəkili Vəkil hesabına 150 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan X1 haqqında xx.xx.2025-ci il tarixli Müqavilədən görünür ki, İddiaçı ilə 9 saylı Vəkil Bürosu arasında hüquqların müdafiəsiə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 150 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: ... 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2 iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli nömrəli ilkin alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, “Runna” minik markalı, **-SC- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Avtomobil xx.xx.2025-ci il tarixdə üçüncü çəxslər tərəfindən nasaz vəziyyətdə iddiaçıya geri təhvil verilmişdir. İddiaçı cavabdehdən 3312 manat dəymiş ziyanın, ödəniş etmədən avtomobili özündə saxladığı günlər üçün 1800 manat cərimənin və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manatın və ödənilmiş 73 manat dövlət rüsumunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələbin cavabdehdən 3312 manat dəymiş ziyanın tutulması hissəsində məhkəmə qeyd edir ki, avtomobil cavabdehə saz vəziyyətdə təhvil verilmiş, qaytarıldıqda isə nasaz vəziyyətdə cavabdeh yox, üçüncü şəxslər tərəfindən evakuator vasitəsilə gətirilmişdir. Belə olan halda, iddiaçı cavabdeh tərəfindən dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Avtomobilin təmiri iddiaçı tərəfindən həyata keçirilmiş, “X6” (fərdi sahibkar X4 VÖEN: **********) tərəfindən tərtib olunmuş qüsur aktı məhkəməyə təqdim edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, öz etiraz və ona əsaslanan dəlillərini məhkəməyə təqdim etməmiş, dəymiş ziyanı və /və ya ziyana görə tələb olunan məbləği mübahisələndirməmişdi. Belə olan halda, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Avtomobilin cavabdehdə saxlanıldığı günlər üçün tələb edilən 1800 manat cərimə məbləğinə gəldikdə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin 15-ci bəndinə əsasən, alıcının öhdəliyi icra etmədiyi tarixdən 5 gün müddətinə avtomobili geri vermədiyi və ya avtomobilin satıcı tərəfindən tapılıb məcburi qaydada duracağa qoyula bilmədiyi təqdirdə, alıcının avtomobili qanunsuz olaraq özündə saxladığı hər gün üçün 30 manat məbləğində cərimə ödəməsi nəzərdə tutulmuşdur. Buna əsasən, iddiaçı 1800 manat (30 manat x 60 gün) məbləğində cərimənin cavabdehdən tutulmasını tələb etmiş, məhkəmə isə cəriməni tənəssübsüz surətdə yüksək hesab etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cərimə məbləği azaldılaraq, avtomobilin cavabdehdə saxlanıldığı müddətə əsasən hesablanmalıdır. Belə ki, avtomobil müqavilədə qeyd edilən məbləğ ödənilmədən cavabdehdə 2 ay ərzində qaldıqdan, cərimə məbləğinin hesablanması – 310 manat (aylıq ödəniş) x 2 ay = 620 manat şəklində olmaqla aparılmalıdır. Beləliklə, cavabdehdən tutulan cərimə məbləği azaldılaraq, 620 manat olaraq müəyyən edlməlidir. Tələbin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manatın cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, iş materiallarında olan X1 haqqında müqavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı ilə 9 saylı Vəkil bürosu arasında hüquqi yardıma dair müqavilə imzalanmış, İddiaçı tərəfindən 9 saylı vəkil bürosuna X1 ilə bağlı 150 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduqdan təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 3312 manat dəymiş ziyanın, ödəniş etmədən avtomobili özündə saxladığı günlər üçün 620 manat cərimə, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat pul tutulub fiziki şəxs İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 60.82 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3312 manat dəymiş ziyanın, ödəniş etmədən avtomobili özündə saxladığı günlər üçün 620 manat cərimə, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat və ödənilmiş 60.82 manat dövlət rüsumu tutulub fiziki şəxs İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar