Məhkəmə qərarları › İş №e-2(010)-2786/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2786/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2786/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1419,21 manat əsas və 210,42 manat faiz borcu olmaqla, cəmi 1629, 63 manat məbləğində borcun və 36,3 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən onun kartına 1428 AZN məbləğində pul mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 1419.21 manat əsas, 210.42 manat faiz, cəmi 1629.63 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İş materialları. İş materiallarında olan "xxxx" ASC-nin 15/1224 saylı xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, müştəri Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 1419.21 manat əsas, 210.42 manat faiz, cəmi 1629.63 manat borcu yaranmışdır. Bank tərəfindən təqdim olunmuş sənəddən görünür ki, 10 mart 2022-ci il tarixində tərəflər arasında elektron qaydada əlaqə yaradılmış, cavabdehə 4 sənəd (müqavilə, ərizə, yaddaş vərəqəsi və məlumat anketi) elektron qaydada göndərilmiş, sonra video vasitəsilə görüş keçirilmiş və tərəflər arasında müqavilə bağlanması razılaşdırılmışdır. İş materiallarında olan BRED4914529A299 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Bank” - İddiaçı ASC və “Borcalan” - Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ona şəxsi istehlak məqsədi ilə xx.xx.2025-ci il tarixədək, illik 25 % dərəcəsi ilə 1428 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2022ci il tarixli ərizədən görünür ki, ona gündəlik tələbat məqsədləri üçün 1428 manat məbləğində birkart verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2021-xx.xx.2023-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, Cavabdeh ona məxsus olan kartdan həmin tarixlər üzrə əməliyyatlar aparmışdır. İş materiallarında olan X1 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, ona gündəlik tələbat məqsədləri üçün manat məbləğində kredit ayrılmasını xahiş etmiş və kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcəkdir. Bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 5 təqvim günü müddətində ödəməyəcəyi təqdirdə, Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəkdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu Məcəllənin 23-1 fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5. Ərizəyə baxılması qaydası 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh BRED4914529A299 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 1419.21 manat əsas, 210.42 manat faiz, cəmi 1629.63 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 36,3 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 233.1, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1419,21 manat əsas və 210,42 manat faiz borcu olmaqla, cəmi 1629,63 manat məbləğində pul vəsaiti və 36,3 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar