Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2800/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4193 manat borcun, sənədlərin təhvil verilməməsinə görə 700 manat cərimənin, hüquqi xidmətlərə görə ödənilmiş 150 manatın və ödənilmiş 71 manat dövlət rüsumunun tutulub ona – fiziki şəxs İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3905 manat borc, sənədlərin təhvil verilməməsinə görə 700 manat cərimə, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat və ödənilmiş 71 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 18 saylı Notariat kontorunda 3M-874 saylı ilkin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 40845 manat dəyrində “Lexus LX470” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 1167 manat ödəniş etmiş və 34 ay müddətinə hər ay 1167 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh cəmi 2 ay ödəniş etmiş və müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmişdir. Ona avtomobili geri vermək təklif edilsə də, o, bunu etməkdən boyun qaçırmış və qanunsuz olaraq avtomobili başqa şəxsə satmışdır. Avtomobil xx.xx.2024-cü il tarixində dövlət yol polisi əməkdaşları tərəfindən Cəlilabad rayonunda saxlanılaraq iddiaçıya təhvil verilmişdir. Avtomobili təmir məntəqəsinə apardıqda avtomobili təmir etmək üçün avtomobilə 4193 manat vəsait xərclənmişdir. Bundan əlavə, avtomobilin bu günə kimi texniki pasportu iddiaçıya təhvil verilməmişdir.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə çıxarılmasına etiraz etməmişdir. Eyni zamanda məhkəmə iclasında izahatı zamanı iddia tələbinin qiyabi formada təmin edilməsini xahiş etmişdir.
İş materialları
5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”ndən görünür ki, tərəflər müqaviləni qeyd olunan şərtlərlə bağlamışlar :
1. X2 Nəhməd İsa oğlu və Alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023 tarixində BA280949 qeydiyyat nömrəsi olan X1 şəhadətnaməsinə əsasən satıcıya məxsus olan "LEXUS LX470" minik markalı, buraxılış ili 2006-cı il, dövlət nömrə nişanı **-GS-*** olan avtomobilə dair gələcəkdə əsas alqı satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər.
2. Avtomobilin satış qiyməti 40845 (qırx min səkkiz yüz qırx beş) manat müəyyən edilir.
3. Alıcı bu müqavilənin 2-ci bənddə müəyyən edilən pulun 1167 manatını müqavilə bağlandığı anında, qalan 39678 manatını bu müqavilənin 6-cı bəndinə uyğun olaraq ödəyəcəkdir.
4. Alıcı bu müqavilənin 3-cü bəndində ilkin olaraq 1167 manat nəzərdə tutulan məbləği Satıcıya nağd ödəyir.
5. Avtomobilin qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.
6. Alıcı borclu olduğu 39678 manatı, hər ay hissə-hissə 1167 manat olmaqla 34 ay ərzində hər ayın müqavilə imzalandığı günü satıcıya nağd və ya fiziki şəxsin bank hesabına ödəməyi öhdəsinə götürür.
7. Alıcı avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkət qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır
8. Avtomobil tam işlək vəziyyətdə alıcıya təhvil verilir.
9. Avtomobil təhvil təslim aktına uyğun olaraq təhvil verildikdən sonra avtomobildə yaranan nasazlıqlara görə satıcı məsuliyyət daşımır.
10. Alıcının bu müqavilənin predmeti olan əmlak üzərində istifadə hüququ onun barəsində “ilkin alqı-satqı” müqaviləsi imzalandığı andan, sahiblik və sərəncam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlir.
11. Satıcı öhdəliyin tam icrasından sonra avtomobilin alıcının adına rəsmiləşdirilməsi üçün lazım olan bütün sənədləri təqdim etməyi öhdəsinə götürür.
12. Öhdəlik icra edildikdən sonra nəqliyyat vasitəsinin alıcının adına rəsmiləşdirilməsi üçün çəkiləcək xərclər alıcı tərəfindən ödəniləcəkdir.
13. Müqavilə öhdəliyi tam icra olunmadığı müddətdə alıcı satıcının icazəsi olmadan avtomobili başqa şəxsə icarəyə və ya müvəqqəti idarə üçün verə bilməz.
14. Alıcı öhdəliyi yerinə yetirməyi 5 (beş) gündən artıq gecikdirdiyi təqdirdə satıcı məhkəməyə müraciət edərək müqavilyə xitam verdirə, verilmiş etibarnaməni ləğv edib avtomibili geri ala, könüllü surətdə təhvil verilmədikdə məcburi qaydada istənilən yerdən qanunla qadağan edilməmiş istənilən vasitə ilə götürüb öz duracağına gətirə və 10 gündən artıq müddətdə avtomobilin borcunu 1 dəfəyə olmaqla tam ödəmədiyi təqdirdə avtomobili başqa şəxsə sata bilər.
15. Avtomobil alıcıdan məcburi qaydada geri alınarsa və alıcı avtomobilə aid sənədləri və avtomobilin açarını təhvil verməkdən imtina edərsə, alıcı avtomobilin sənədinə görə 700 manat, açarına görə isə 500 manat cərimə məbləği hesablayaraq almaqda haqlıdır.
16. Alıcı öhdəliyin icra edilmədiyi tarixdən 5 (beş) gün müddətinə avtomobili geri verməzsə və ya avtomobil satıcı tərəfindən tapılıb məcburi qaydada duracağa qoya bilməzsə alıcı avtomobili qanunsuz olaraq özündə saxladığı hər gün üçün 30 (otuz) manat məbləğində cərimə ödəməlidir.
17. Avtomobil alıcıdan məcburi qaydada geri alınarsa satıcı avtomobildə qalmış əşyalara görə cavabdehlik daşımır.
18. Müqaviləyə xitam verilməklə avtomobilin geri qaytarılması halında ödənilmiş vəsait geri qaytarılmır.
19. Avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa yeni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir.
20. Avtomobil tam yararsız hala düşərsə satıcı məhkəməyə müraciət edərək müqaviləni bir tərəfli qaydada ləğv edərək, alıcıdan avtomobilin dəyərinin ödənilməmiş hissəsini bir dəfəyə ödəməsini tələb edə bilər.
21. Alıcı müqavilə müddətinin istənilən mərhələsində avtomobilin dəyərim tam ödəyərək avtomobili özününküləşdirə bilər.
22. Tərəflər razılığa gəlir ki, müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəmə mübahisələri satıcının qeydiyyatda olduğu ünvan uzrə məhkəmədə həll ediləcəkdir.
23. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir.
6. X1 Şəhadətnaməsinin surətindən görünür ki, "LEXUS LX470" minik markalı, **-GS-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
7. “X4”in xx.xx.2024-cü il tarixli “Qüsur aktı”ndan görünür ki, "LEXUS LX470" minik markalı, **-GS-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan məbləği ümumilikdə 4193 manat təşkil edir.
8. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “X4” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2006-cı il buraxılışlı, "LEXUS LX470" minik markalı, **-GS-*** dövlət nömrə nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3905 manat məbləğində olduğu müəyyən edilmişdir.
İşin faktiki halları
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı “LEXUS LX470" minik markalı, **- GS-*** dövlət nömrə nişanlı avtomobili cavabdehə təhvil verməyi və cavabdeh də həmin avtomobilin dəyərini müqavilədə nəzərdə tutulan ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. İddia tələbinin faktiki əsasını o təşkil edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və avtomobili nasaz vəziyyətə gətirmişdir. Bununla da, ona maddi ziyan vurmuş, eyni zamanda müqavilə münasibətlərini pozmuşdur. Tələbin hüquqi əsasını müqavilə münasibətləri təşkil edir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qiyabi şəkildə təmin edilməlidir.
13. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı “ilkin alqı-satqı” müqaviləsi imzalanmışdır. Belə ki, tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı “LEXUS LX470" minik markalı, **-GS-*** dövlət nömrə nişanlı avtomobili işlək vəziyyətdə cavabdehə təhvil verməyi və cavabdeh də həmin avtomobilin dəyərini müqavilədə nəzərdə tutulan ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, avtomobil cavabdehə işlək vəziyyətdə verilmişdir. xx.xx.2024-cü il tarixində avtomobil nasaz vəziyyətdə servis mərkəzinə qəbul edilimişdir. Beləliklə, müəyyən edilir ki, bu keçən müddət ərzində avtomobil cavabdehdə olarkən nasaz vəziyyətə gətirilmişdir. Mübahisəyə tətbiq edilən maddi hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “X4” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2006-cı il buraxılışlı, "LEXUS LX470" minik markalı, **-GS-*** dövlət nömrə nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3905 manat məbləğində olduğu müəyyən edilmişdir. Hazırkı iddia tələbində də cavabdehdən 3905 manat borc, sənədlərin təhvil verilməməsinə görə 700 manat cərimə, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat və ödənilmiş 71 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir.
14. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslıdır. Belə ki tərəflər arasında bağlanan müqavilənin 19-cu bəndinə əsasən, avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa, yəni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir. Eyni zamanda, iş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən də göründüyü kimi "LEXUS LX470" minik markalı, **-GS-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan məbləği ümumilikdə 3905 manat təşkil edir. Məhkəmə hazırkı ekspert rəyinə tənqidi yanaşılması üçün əsas görmür. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə tam əsaslıdır.
15. Məhkəmə hesab edir ki, iddia tələbi 700 manat cərimə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən öhdəliklərin yerinə yetirilməməsi halında qeyd olunan miqdarda cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmiş və iddiaçıya maddi ziyan vurulmuşdur. Ona görə iddiaçı cavabdehə qarşı cərimə tələbi irəli sürməkdə haqlıdır.
16. Tələb edilən hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manata münasibətdə isə məhkəmə hazırkı iddianın xarakterini və vəkil tərəfindən bu işə sərf olunan vaxt miqdarını nəzərə alaraq tələb edilən vəsaitinin ağlabatan olduğu qənaətinə gəlir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia tələbi qiyabi şəkildə təmin edildiyindən iş üzrə ödənilmiş 71 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qiyabi şəkildə təmin edilməli, Cavabdeh 3905 manat borc, sənədlərin təhvil verilməməsinə görə 700 manat cərimə, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat və ödənilmiş 71 manat dövlət rüsumu tutulub fiziki şəxs İddiaçı ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 3905 manat borc, sənədlərin təhvil verilməməsinə görə 700 manat cərimə, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manat və ödənilmiş 71 manat dövlət rüsumu tutulub fiziki şəxs İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.