Məhkəmə qərarları › İş №e-2(010)-2838/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2838/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2838/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasına dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 12 ay müddətinə illik 17% olmaqla 4000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

İddia tələbi.

2. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4000 manat məbləğində əsas borcun, 542,43 manat məbləğində faiz borcunun, 546,99 manat məbləğində cərimə borcunun, cəmi 5089,42 manat borcun və 71 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək izahatında göstərdi ki, iddia tələbini qəbul edir. O, krediti atası üçün götürüb, atası 1-ci qrup əlildir, özü ehtiyatda olan zabitdir, kredit götürdükdən sonra xidmətə getmiş, bir müddət müalicə almış, sonra təxris olmuş, təxris şəhadətnaməsini banka təqdim etdikdə bankın nümayəndəsi ona borcu ödəməli olduğunu bildirmişdir. Xidmətdən sonra psixioloji cəhətdən səhhətində problem yaranmışdır, hal-hazırda pensiya düzəltmək istəyir, iş tapmaqda çətinlik çəkir, belə ki, tapdığı işlərdə adaptasiya ola bilmir. Üç uşağı vardır. Borc məbləğini hissə-hissə icra edə bilər.

İş materialları.

5. xx.xx.2022-ci il tarixli, CC/44145/87/25 saylı kredit sazişindən müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh 12 ay müddətinə qaytarmaq, illik 17% ödəmək şərti ilə 4000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2022-ci il tarixli, CC/44145/87/25 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan İddiaçı ASC və Cavabdeh arasında “Bank of Baku ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri haqqında” müqavilədən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixli, CC/44145/87/25 saylı müqavilə üzrə tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər haqqında razılığa gəlmişlər.

7. xx.xx.2022-ci il tarixli istehlak kreditinin alınması üzrə ərizə anketdən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-dən 12 ay müddətinə 4000 manat məbləğində kredit verilməsini xahiş etmişdir.

8. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/44145/87/25 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində əsas borca görə 4000 manat, faiz borcuna görə 378,60 manat olmaqla, cəmi 4378,60 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

9. İddiaçı ASC tərəfindən tərtib edilən Cavabdeh hesabından xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində olan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 4000 manat məbləğində kredit mədaxil edilmişdir.

10. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci iİ tarixli, CC/44145/87/25 saylı kredit müqaviləsinə əsasən 4000 manat əsas, 542,43 manat faiz və 546,99 manat cərimə borcu vardır.

11. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə və icra xərclərinin tutulacağı barədə xəbərdarlıq etmişdir.

12. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 71 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

13. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, CC/44145/87/25 nömrəli kredit sazişinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

18. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində borc verənə əsas borca görə 4000 manat və 542,43 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia tələbi təmin edilərək cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 4000 manat, faiz borcuna görə 542,43 manat tutulmalıdır

19. İşdən görünür ki, bank cavabdehə təklif göndərməklə, borcunu ödəməyi təklif etmişdir.

20. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borclunun borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.)

21. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 30 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir.

23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsi isə 4572,43 manat təşkil etdiyindən cavabdehdən 71 manat məbləğində deyil, 65,72 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/44145/87/25 nömrəli müqavilə üzrə cavabdehdən 4000 manat məbləğində kredit borcu, 542,43 manat məbləğində faiz borcu və 30 manat məbləğində cərimə borcu, cəmi 4572,43 manat məbləğində borc və ödənilmiş 65,72 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, CC/44145/87/25 nömrəli müqavilə üzrə 4000 manat əsas, 542,43 manat faiz və 30 manat cərimə olmaqla, cəmi 4572,43 (dörd min beş yüz yetmiş iki manat qırx üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 65,72 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar