Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2861/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Namazova (Ağayeva) Sona Elxan qızının və Zamin1 iştirakları ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh, Namazova (Ağayeva) Sona Elxan qızına və Zamin1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh, Namazova (Ağayeva) Sona Elxan qızından və Zamin1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Namazova (Ağayeva) Sona Elxan qızından və Zamin1 müştərək qaydada, kreditin əsas borcu üzrə 7652,86 manat, faiz borcu üzrə 2333,18 manat, cərimə borcu üzrə 2715,16 manat olmaqla, ümumilikdə 12701,2 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun "xxxx" BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı "xxxx" BOKT MMC daha sonra iddia ərizəsinə əlavə verərək cavabdehlər Cavabdeh, Namazova (Ağayeva) Sona Elxan qızından və Zamin1 xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, əsas borcu 7652,86 manat, faiz borcu 2245,50 manat, cərimə borcu 3676,5 manat olmaqla, ümumilikdə 13574,86 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun "xxxx" BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. xx.xx.2023-cü il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 02/011-23 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı tərəfindən mebelin alınması üçün 9515 manat məbləğində kredit ayrılmışdır. O, 24 ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin xx.xx.2023-cü il tarixdə Namazova (Ağayeva) Sona Elxan qızı və xx.xx.2023-cü il tarixdə Zamin1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə “zamin”lər Cavabdeh təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit məbləğini Cavabdeh ödəmişdir. Lakin, cavabdehlər kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuşlar. Onların xx.xx.2024-cü il tarixə iddiaçıya əsas borc üzrə 7652.86 manat, faiz borcu üzrə 2333.18 manat, cərimə borcu üzrə isə 2715.16 manat olmaqla ümumilikdə 12701.2 manat məbləğində borcu yaranmışdır.
İddia ərizəsinə əlavə.
4. Belə ki, iddia ərizəsi xx.xx.2024cü il tarixində məhkəməyə göndərilərkən tələb əsas borc 7652.86 manat, faiz borcu üzrə 2333.18 manat, cərimə borcu üzrə isə 2715.16 manat olmaqla ümumilikdə 12701.2 manat məbləğində təşkil edirdi. Belə ki, xx.xx.2024-cü il tarixli exspert rəyinə əsasən xx.xx.2024-ci il tarixə əsas borc 7592,46 manat, faiz borcu üzrə 507,6 manat və xx.xx.2024-cü il tarixə isə əsas borc 7592.46 manat, faiz borcu 872.04 manat məbləğində borc müəyyən edilmişdir. Bundan əlavə exspert kredit müqaviləsinin 2.5 bəndini (Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafıkində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 2 gündən sonra hər gecikdirilən gün üçün aylıq ödəniləcək əsas məbləöin 1% həcmində dəbbə pulu ödəyir) nəzərə almayıb və dəbbə borcunu öz rəyində qeyd etməyib. Məhkəmə prosesi 5 aydan artıqdır ki davam edir. Lakin bu günədək yekun qərar qəbul olunmayıb. Bundan əlavə müqavilə müddəti bitmədiyi üçün cavabdehlərin kredit borcu üzrə günlük faiz məbləği 6.80 manat cərimə məbləği 6.70 manat məbləğində borc hesablanır.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib izahatında iddia ərizəsində qeyd olunanları təsdiqləyərək, iddianın təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında çıxış edən cavabdeh Zamin1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, digər Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən mebelin alınması üçün 9515 manat məbləğində kredit ayrılmışdır. O, və Namazova (Ağayeva) Sona Elxan qızı həmin kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC ilə zaminlik müqaviləsi bağlamışdır. Onun hazırda maddi durumu pis olduğu üçün "xxxx" BOKT MMC-nə olan kredit borcunu ödəmək iqtidarında deyildir. Belə ki, zaminlik müqaviləsi üzrə öhdəlik götürdüyündən kredit borcunu hissə-hissə ödəmək niyyətindədir.
7. Məhkəmə iclasında cavabdeh Namazova (Ağayeva) Sona Elxan qızı iddia tələbini qismən qəbul edərək və digər cavabdeh Zamin1 izahatına uyğun izahat verərək bildirmişdir ki, o, ümumilikdə həmin borcdan 8500 manat ödəmək iqtidarındadır.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, digər Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
İş materialları.
9. xx.xx.2023-cü il tarixli 02/011-23 saylı kredit müqaviləsindən və 1 saylı əlavədən görünür ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 32% olmaqla 24 ay müddətinə 9515 manat məbləğində kredit verilmişdir.
10. xx.xx.2023-cü il tarixli 02/011-23 saylı zaminlik müqaviləsinə əsasən Zamin1 borcalan Cavabdeh bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır.
11. xx.xx.2023-cü il tarixli 02/011-23 saylı zaminlik müqaviləsinə əsasən Namazova (Ağayeva) Sona Elxan qızı borcalan Cavabdeh bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır.
12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 02/011-23 saylı kredit müqaviləsinə əsasən 7652,86 manat məbləğində əsas borc, 2245,50 manat faiz borcu, 3676,5 manat cərimə borcu olmaqla, ümumilikdə 13574,86 manat borcu vardır.
13. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh, Namazova (Ağayeva) Sona Elxan qızına və Zamin1 yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6489 nömrəli rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, 02/011-23 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh "xxxx" BOKT MMC-nə olan borcu xx.xx.2024-cü il tarixə ümumilikdə 8100,06 manat olmaqla, əsas borc üzrə 7592,46 manat, faiz borcu üzrə 507,60 manat, xx.xx.2024-cü il tarixə ümumilikdə 8464,50 manat olmaqla, əsas borc üzrə 7592,46 manat, faiz borcu üzrə 872,04 manat məbləğində müəyyən olunur.
İşin faktiki halları.
15. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 02/011-23 saylı Kredit Müqaviləsi bağlanmış və iddiaçı tərəfindən mebelin alınması üçün 9515 manat məbləğində kredit ayrılmışdır. Həmçinin iddiaçı kredit təşkilatı ilə cavabdehlər Namazova (Ağayeva) Sona Elxan qızı və Zamin1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə iddiaçı "xxxx" BOKT MMC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 742. Borcun qaytarılması 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
Məhkəmənin mövqeyi.
20. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
21. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə qismən haqlı olmuşdur.
22. Məhkəmə hesab edir ki, Kredit Təşkilatı tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərilməklə müqavilə münasibətlərinə xitam verilməsi ilə bağlı olaraq tərəf öz iradə ifadəsini bildirmiş və verilmiş ekspert rəyinə əsasən xəbərdarlıq müddətinə ümumilikdə borc 8100,06 manat olmaqla, əsas borc üzrə 7592,46 manat, faiz borcu üzrə 507,60 manat təşkil etmişdir. Həmçinin iddiaçı tərəfindən tələb olunan cərimə məbləği (3676.50 manat) əsas borca mütənasib deyil və tənasübsüz surətdə yüksək hesablanmışdır. Bankın iddiasının 3676.50 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə isə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 200 manat məbləğində pul tutulmalıdır.
23. Odur ki, cavabdehlər Cavabdeh, Namazova (Ağayeva) Sona Elxan qızından və Zamin1 birgə qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7592.46 manat əsas borc, 507.60 manat faiz borcu, 200 manat cərimə borcu, cəmi 8300.06 manat məbləğində borc və 103 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri.
24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə mütənasibətdə dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh, Namazova (Ağayeva) Sona Elxan qızından və Zamin1 birgə qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7592.46 manat əsas borc, 507.60 manat faiz borcu, 200 manat cərimə borcu, cəmi 8300.06 (səkkiz min üç yüz manat, altı qəpik) manat məbləğində borc və 103 (yüz üç) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir. Ekspertiza xərci - 50 (əlli) manat Cavabdeh, Namazova (Ağayeva) Sona Elxan qızından və Zamin1 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh, Namazova (Ağayeva) Sona Elxan qızından və Zamin1 birgə qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7592.46 manat əsas borc, 507.60 manat faiz borcu, 200 manat cərimə borcu, cəmi 8300.06 (səkkiz min üç yüz manat, altı qəpik) manat məbləğində borc və 103 (yüz üç) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza xərci - 50 (əlli) manat Cavabdeh, Namazova (Ağayeva) Sona Elxan qızından və Zamin1 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova