Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2865/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1236.81 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğin cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 2865/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixliəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin “OBA Türkan 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən, yekun ziyan məbləği 1811.35 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1236.81 manat borc qalmışdır. Beləlikl,ə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1236.81 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X4 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Tərəflərin izahatları.
4. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək bildirişi haqqında xx.xx.2025-ci il tarixli elektron çıxarışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı Satış departamentinin Satış şöbəsində satıcı-kassir vəzifəsində çalışmışdır.
7. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə dair xx.xx.2025-ci il tarixli elektron çıxarışdan müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-nin Satış departamentinin Satış şöbəsində “Administrator” vəzifəsinə təyin edilmişdir.
8. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış X4 haqqında müqavilədən müəyyən olunur ki, maddi məsul şəxs ona işə götürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi X4i ilə öz üzərinə götürür.
9. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə dair xx.xx.2025-ci il tarixli elektron çıxarışdan müəyyən olunur ki, işçi Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir.
10. xx.xx.2024-cü il tarixli iltizamnamədən müəyyən olunur ki, Cavabdeh inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmiş, kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmiş və heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışdır. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənilmiş və öhdəsində olan bütün mallar yoxlama işçi qrupuna təqdim edilmişdir. Sayımda iştirak etməsini və sayımla bağlı narazılığının olmadığını imzasıyla təsdiq etmişdir.
11. xx.xx.2024-cü il tarixli, 533 nömrəli əmrdən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən “Oba-Türkan 2” mağazasının “administrator” vəzifəsində çalışan maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin yoxlanılmasını aparmaq məqsədilə işçi qrupu yaradılmış və növbədənkənar inventarizasiyanın xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında aparılması qərara alınmışdır.
12. İddiaçı MMC-nin “Oba-Türkan 2” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair xx.xx.2024-cü il tarixli yekun aktdan müəyyən olunur ki, araşdırma sonrası nəticə (maliyyət qiyməti ilə) -1811.35 manat müəyyən edilmişdir.
13. İddiaçı MMC-nin “Oba-Türkan 2” filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair tərtib olunmuş inventarizasiya siyahısından müəyyən olunur ki, siyahıda qeyd olunan malların üzləşdirilməsi aparılmış, 1811.35 manat əskikgəlmə aşkar edilmişdir.
14. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də “administrator” vəzifəsində çalışan Cavabdeh “Oba-Türkan 2” mağazasında xx.xx.2024-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrinə imza etməli olması barədə xəbərdarlıq edilmişdir.
15. xx.xx.2024-cü il tarixli imtina aktından müəyyən olunur ki, İddiaçı MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən “Oba-Türkan 2” mağazasında, həmin mağaza üzrə məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1811.35 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.
16. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maddi məsuliyyətə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 1811.35 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edilməklə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə 1236.81 manat məbləğində borcu qalmışdır.
17. Mediasiya Şurasının Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/20/2025-00240 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı MMCnin etibarnamə üzrə nümayəndəsi xx.xx.2025-ci il tarixdə keçirilmiş vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) İddiaçı MMC tərəfindən ödənilmişdir.
İşin faktiki halları.
18. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdən “administrator” vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir.
19. xx.xx.2025-ci il tarixli təftiş yoxlaması barədə arayışa əsasən, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 1811.35 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edilməklə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə 1236.81 manat məbləğində borcu qalmışdır.
Tətbiq edilən hüquq.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Məhkəmənin mövqeyi.
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
25. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bu hal xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “Oba-Türkan 2“ mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun olaraq 1811.35 manat məbləğində zərər vurması məlum olmuşdur.
26. xx.xx.2025-ci il tarixli təftiş yoxlaması barədə arayışa əsasən, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 1811.35 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edilməklə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə 1236.81 manat məbləğində borcu qalmışdır.
27. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda X4ə cəlb olunur.
28. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir.
29. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar).
30. Qanunverici, həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2ci hissəsinə müvafiq olaraq, tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
31. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilən sübutlarla maddi ziyanın həqiqətən də cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmış, cavabdeh isə iddia tələbinə etirazını, həmçinin ziyanın onun təqsiri ilə əlaqədar olmadığı sübuta yetirən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir.
Məhkəmə xərcləri.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. İddia təmin edildiyindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli və ödənilməmiş 32.37 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
34. Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1236.81 manat məbləğində pul vəsaiti və ödənilmiş 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməli və ödənilməmiş 32.37 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
35. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1236.81 (min iki yüz otuz altı manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilməmiş 32.37 (otuz iki manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.