Məhkəmə qərarları › İş №e-2(010)-2873/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2873/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2873/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edlməsi və hər ay 300 manat əlavə xərcin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlliləri Xətai Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(011)- 3525/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində aliment mənim xeyrimə tutulması müəyyən olunmuşdur. Buna baxmayaraq, cavabdeh uşağın saxlanması üçün heç bir maddi kömək göstərmir. Uşaq gündən-günə böyüyür və xərcləri artır. Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını özü çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını nəzərə alaraq, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 250 manata çatdırılmalıdır. Övladı xx.xx.2015-ci il təvəllüdlü Süleymanlı Uğur xəstədir. Övladının müalicəsi ilə əlaqədar iddiaçı tərəfindən istər ölkə daxilində, istərsə də ölkə xaricində kifayət qədər yüksək maddi imkanlar sərf edilmişdir. Lakin cavabdeh bütün bunlara biganə qalmaqla, övladına heç bir maddi dəstək göstərmir. Hər ay 300 manat məbləğində vəsait övladının xəstəlik xərcləri olaraq müəyyən olunur. Hal-hazırda iddiaçı ağır maddi vəziyyətdə yaşayır. İddiaçının izahatları İddiaçı mühkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, mülki iş üzrə məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, uşaqda astiqmatizm aşkar edildiyindən eynək taxmalıdır. Uşağın eynəyinə 250 manat vəsait sərf etmişdir və mütəmadi olaraq görməsi dəyişdiyi üçün eynək də dəyişilməlidir. Eyni zamanda uşağın başında kistik ocaq aşkarlanmışdır. Mütəmadi olaraq MRT müayinəsindən keçib müşahidə olunmalıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-3525/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, birgə nikahdan olan uşağın ananın himayəsində saxlanması və aliment tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı ASAN Xidmət Mərkəzində bağlanmış və 1582 № ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 anası X2 yanında saxlanılması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/16-2024-00536 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması və uşağın atanın razılığı olmadan ölkə xaricinə çıxarılması tələbi üzrə xx.xx.2024-cü il tarixində 12:30-13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasından sonra prosesi Cavabdeh ilə davam etdirə bilməmişdir. «Medika Hospital»ın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 Hospitalda xx.xx.2024-cü il tarixdə həkim müayinəsində olmuş, ona «ou mürəkkəb miopik astiqmatizm» diaqnozu qoyulmuşdur. Təyinat: eynik təyini ODsph-4,5 eyl 1,0Ax1800; OS sph-4,5 eyl 1,0Ax1800 ; DİSPP =55- 56mm; xəstə hal-hazırda eynək taxır. 9 nömrəli uşaq poliklinikasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 rayonu 9 nömrəli uşaq poliklinikasında dispanser qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə MRT müayinədə adenoid toxumada 7 mm kistik ocaq aşkar edilib xx.xx.2024-cü ildə MRT müayinədə kistik ocaq 10mm olub, uşaq “D” qeydiyyatda müşahidə edilir. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 adlı övladı doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)- 3525/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi və alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Hazırda iddiaçı, Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat müəyyən edilməsini və hər ay 300 manat əlavə xərcin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddiaya münasibətinin öyrənilməsi qeyri-mümkün olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İddiaçı, Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsini və hər ay 300 manat əlavə xərcin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddiaya münasibətinin öyrənilməsi qeyri-mümkün olmuşdur. Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. İddianın "hər ay 300 manat əlavə xərcin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi" hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının övladı Uğura «astiqmatizm» diaqnozu qoyulmuş, ona eynək təyin edilmişdir. Onun eynəyinin mütəmadi olaraq dəyişdirilməsinə zərurət vardır. Eyni zamanda, MRT müayinəsi əsasında uşaqda adenoid toxumada kistik ocaq aşkar edilmişdir. Buna görə də, o, həkim müşahidəsi altında qalmalıdır

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il təvəllüdlü X6 qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-3525/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh əlavə xərclərə görə hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-3525/2023 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-2873/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh əlavə xərclərə görə hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar