Məhkəmə qərarları › İş №e-2(010)-290/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-290/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-290/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh“K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 272.58 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 452.98 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri “K@TV11” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Nizami rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 381 №-li Arayışdan görünür ki, Nizami rayonu, Nəsimi küçəsi, ev 20, mənzil 16- nın sahibi çıxarışa əsasən xx.xx.2011-ci ildən cavabdehdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Arayışdan müəyyən olur yuxarıda qeyd edilən mənzil xx.xx.2009-cu il tarixdə KATV1 kabel televiziyası şəbəkəsinə qoşulmuş, xx.xx.2020-ci ildə sonuncu dəfə ödəniş etmiş və xx.xx.2020-ci ildə borcsuz şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9655 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə göründüyü kimi adıçəkilən ünvana iddiaçı tərəfindən akt tərtib edilmiş və tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus olmuş mənzilində “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar icra edilmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Baxış keçirilən zaman tərtib edilmiş aktlarda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Qanunsuz qoşulma faktı vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdehə məxsus mənzildə bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Cavabdehə məxsus olmuş mənzilin şəbəkədən ayrıldığı xx.xx.2020-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2023-cü il tarixə qədər olan müddət 826 gün, təşkil edir. 826 günün hər gün üçün 33 qəpik olmaqla ümumilikdə 272.58 manat abunə haqqı qismində vurulmuş maddi ziyan təşkil edir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış müqavilə əsasında 150 (yüz əlli) manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş və məktub qəbul edilsə də zərər ödənilməmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" MMC xx.xx.2025-ci il tarixdə AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü tarixli məhkəmə iclasında iştirak edən X1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi (qızı) Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 saylı evin 16 saylı mənzil 2019-cu ildə anası tərəfindən satın alınmışdır. 2020-ci ildə anası həmin mənzili ona bağışlamışdır. 2020-ci ilin may ayında o, ailəsi ilə birlikdə sözügedən mənzilə köçərək orada yaşamışdır. Onlar həmin mənzilə köçəndən 2023-cü ilin noyabrına qədər iddiaçı şirkətin internet xidmətindən istifadə edilmişdir. Sonra müqaviləni sonlandırmışlar. Dörd uşağı olduğundan onun televizora baxmağa vaxtı olmur. Televizordan internet üzərindən smart qaydasında istifadə ediblər. Yoldaşı hər ay 60 GB mobil internet əldə edir və ondan istifad edirlər. Anası elektron məhkəmə vasitəsilə etiraz ərizəsində texniki səhv olaraq kabel televiziyası ilə bağlı xidmətdən istifadəni xx.xx.2020-ci ildə sonlandırdığını yazmışdır. Əslində isə 2020-ci il nəzərdə tutmuşdur. Məhkəmə iclasında dindirilən Cavabdeh AZEMİS vasitəsilə iddia tələbinə etiraz bildirirək göstərdi ki, Cavabdeh yaşadığı mənzil əvvəllər KaTV xidmətlərindən istifadə etmiş, sonradan ehtiyac aradan qalxdığından və həmin mənzildə heç kim yaşamadığından son haqq-hesab edib. xx.xx.2024-cü ildə son borcunu ödəyib bu şirkətin xidmətlərindən ayrılmışdır. Lakin təqribən 2023-cü ilin noyabrındək həmin şirkətin internet xidmətindən istifadə etmişdir. Belə ki, hərdən mənzil yiyəsiz qalmasın deyə gəlib orda qalmışdır. Televizordan isə smart qaydasında istifadə etmiş, yəni internet üzərindən iddia ərizəsi ilə tanış olduqdan sonra məlum olmuşdur ki, faktiki 4 ilə yaxındır olaraq heç kimin yaşamadığı mənzildə xidmətdən ayrılmasına baxmayaraq İddiaçı əməkdaşları tərəfindən blokda quraşdırılmış moduldan cavabdehin mənzilinə gedən kabel şəbəkədən ayrılmamışdır. Bu səbəbdən iddiaçının nümayəndələrinin yoxlama keçirərkən yazdıqları aktda həmin qoşulmanın olması müəyyən edilmişdir. Cavabdeh tərəfindən heç bir vaxt bu provayderə qanunsuz qoşulma həyata keçirilməmiş, xidmətdən ayrılandan sonra mənzildə heç kim yaşamamışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qoşulan kabel üzrə siqnal axınının olması barədə elektron cihazların göstəricisinin qeydə alınması müəyyən deyildir. Əvvəllər istifadə edərkən hər hansı ay xidmət haqqı ödənilməzsə, avtomatik qaydada onların abunəyə xidmət dayandırılırdı. Hesab edir ki, onlar ayrılandan sonra xidmət - siqnal axını dayandırılmış, moduldan fiziki olaraq ayrılma iddiaçının təqsiri əsasında həyata keçirilməmişdir. Onların blokda olan modulu qıfıllı qəfəsdə yerləşir. Bildirir ki, iddianı sübut etmək vəzifəsi qanunvericiliyə əsasən iddiaçının üzərinə düşür. Onun guya qanunsuz qoşulmasını və uzun müddət (illərlə) istifadə etməsini iddiaçı sübut etməlidir. Əslində bu praktik olaraq mümkün deyildir. Hətta belə bir qanunsuz qoşulma olsaydı belə, xidmət haqqı ödənilmədiyinə görə şirkət operatorları vasitəsilə dayandırılardı. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları 120 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli arayışından aydın olur ki, Cavabdeh oğlu Bakı şəhəri, Nəsimi rayonu, 20 saylı evin 16 saylı mənzilində yaşayır və çıxarışa əsasən mənzil satılmışdır, qeydiyyatı yoxdur. 120 saylı MKİS-də olan sənədlərə əsasən yazılıb xx.xx.20211-ci ildən. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ‘’AG Telekom” MMC ilə ünvan 1 ünvanında yaşayan ƏlNümayəndə arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009 il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub xx.xx.2020 il tarixinədək isə son ödəməsini edib. xx.xx.2020 ildə borcsuz şəbəkədən ayrılıb. "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş İddiaçı MMC-nin “KATV 1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2023-cü il tarixli 9655 N saylı aktın surətindən aydın olur ki, xx.xx.2023-cü il tarixdə Nizami rayonu, Nəsimi 20 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 16 saylı mənzilinin “KATV1” Kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin edərək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döymüş və nəticədə mənzilin qapısını açan olmamışdır. xx.xx.2024-cü il tarixli Paşa Bankın ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən ADALAT-A LLC-nın xeyrinə 150 manat məbləğində ödəniş həyata keçirilmişdir. AZEMİS vasitəsi ilə müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 20, mənzil 16 Nümayəndə xüsusi mülkiyyətindədir. 1 ədəd CD-dən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 20 saylı evə yerli baxış keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13 . Radiotezliklərdən istifadənin təşkili. 13.6. Radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Maddə 35. Telekommunikasiya şəbəkələrinin, vasitələrinin və qurğularının mühafizəsi. 35.3. Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Məhkəmənin mövqeyi İddiaçı MMC Cavabdeh“K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel televiziyası şəbəkəsinə xx.xx.2020-ci ildən müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 272.58 manat məbləğində vurulmuş zərərin tutulmasını istəyir. Cavabdeh iddia tələbini qəbul etmir. Göründüyü kimi, mübahisə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 20 saylı evin 16 saylı mənzildə iddiaçının kabel televiziyası şəbəkəsinə xx.xx.2020-ci ildən müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması ilə bağlıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 saylı evin 16 saylı mənzil 2019-cu ildə Cavabdeh mülkiyyətinə keçmiş, 2020-ci ildə sözügedən mənzil cavabdehin qızı Nümayəndə bağışlanmışdır. 2020-ci ilin may ayından cavabdehin qızı Nümayəndə ailəsi ilə birlikdə həmin mənzilə köçərək orada yaşamışdır. Göründüyü kimi, Cavabdeh aktda göstərilən xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 20 saylı evdə yerləşən 16 saylı mənzilin mülkiyyətçisi olmamış, həmin vaxtdan indiyənədək həmin mənzildə yaşamamışdır. Bu halda həmin tələbin yönəldiyi əsl cavabdehin Nümayəndə olduğu aydındır. Çünki, mübahisəli aktda qeyd edilən xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 20 saylı evdə yerləşən 16 saylı mənzil artıq Nümayəndə mülkiyyətində olmuş, həmin vaxtdan indiyədək məhz sonuncu sözügedən mənzildə yaşamışdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin kabel televiziyası şəbəkəsinə xx.xx.2020-ci ildən müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması ilə bağlı yaranan istənilən mübahisəsinə görə cavabdeh məhz Nümayəndədır. Hər hansı şəxs, o cümlədən hazırki cavabdeh bu iş üzrə iddiaya cavab verməli olan şəxs deyil. İş üzrə cavabdehin əsl cavabdehlə (Nümayəndə) əvəz edilməsinin iddiaçıya təklif edilməsi mümkün olmamışdır, belə ki, iddiaçının nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Belə olan halda məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, işə irəli sürülmüş tələblər üzrə baxan məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaya cavab verməli olan Cavabdeh deyil, Nümayəndədır. Odur ki, iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Məhkəmə hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) edilməsi mümkün deyil. Belə ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-in 50-ci maddəsi). Məhkəmə, həmçinin, iddiaçıya izah edir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə (Nümayəndə) qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar