Məhkəmə qərarları › İş №e-2(010)-2929/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2929/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2929/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5908 (beş min doqquz yüz səkkiz) manat 03 (üç) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “Müşfiqabad 4” mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə 3365 manat 23 qəpik və 4169 manat 68 qəpik zərər vurması müəyyən edilmişdir İnventarizasiyalar yoxlaması zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 5908 (beş min doqquz yüz səkkiz) manat 03 (üç) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 5908 (beş min doqquz yüz səkkiz) manat 03 (üç) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə qismən razı olduğunu bildirdi və qeyd etdi ki, birinci yoxlama nəticəsi ilə razı olsa da, lakin ikincidən razı deyildir. İş materialları.

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən və həmin əmək müqaviləsi üzrə 001/İQ saylı Çıxarışdan görünür ki, tərəflər arasında 1 ay müddətinə əmək müqaviləsi bağlanmış və əmək münasibətləri yaranmış və Cavabdeh aylıq əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla satıcı-kassir vəzifəsində işə qəbul olunmuşdur.

6. Əmək Müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən və həmin əmək müqaviləsi üzrə 200 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2023-cü il tarixdən administrator vəzifəsinə keçirilmiş və aylıq əmək haqqısı 390 manat müəyyən edilmişdir.

7. xx.xx.2023-cü il tarixli X5 haqqında müqavilədən görünür ki, Cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürür və üzərinə qoyulan vəzifələri icra etməyə borcludur.

8. xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən İddiaçı MMC-nin İnventarizasiya komissiyasına təqdim edilmiş iltizamnamədən görünür ki, Cavabdeh həmin iltizamnamə ilə bildirmişdir ki, “inventarizasiya tarixinə kimi öhdəmdə olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişəm. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmişəm və heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışam. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənilmiş və öhdəmdə olan bütün mallar yoxlama işçi qrupuna təqdim edilmişdir. Yoxlama işçi qrupu tərəfindən öhdəmdə olan yoxlanılmış mallardan, mənim tərəfimdən təkrar nəzarət qaydasında tam olaraq yoxlanıldı. Komissiya üzvlərinə və yoxlama işçi qrupunun apardığı yoxlamaya dair heç bir narazılığım və iradım yoxdur. Yoxlama işçi qrupunun rəhbəri tərəfindən mənə aid hər hansı bir səhvliyə, uçotdan gizlətməyə və təhrif olunmuş məlumatlara bilərəkdən və ya bilmədən imza etdiyim aşkar olunarsa, buna görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağım barədə məlumatlandırıldım.

9. xx.xx.2024-cü il tarixli İnventarizasiya siyahısından görünür ki, inventarizasiyanın yekununda 3365.23 manat məbləğində “əksikgəlmə” müəyyən edilmişdir.

10. xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən İddiaçı MMC-nin İnventarizasiya komissiyasına təqdim edilmiş iltizamnamədən görünür ki, Cavabdeh həmin iltizamnamə ilə bildirmişdir ki, “inventarizasiya tarixinə kimi öhdəmdə olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişəm. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmişəm və heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışam. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənilmiş və öhdəmdə olan bütün mallar yoxlama işçi qrupuna təqdim edilmişdir. Yoxlama işçi qrupu tərəfindən öhdəmdə olan yoxlanılmış mallardan, mənim tərəfimdən təkrar nəzarət qaydasında tam olaraq yoxlanıldı. Komissiya üzvlərinə və yoxlama işçi qrupunun apardığı yoxlamaya dair heç bir narazılığım və iradım yoxdur. Yoxlama işçi qrupunun rəhbəri tərəfindən mənə aid hər hansı bir səhvliyə, uçotdan gizlətməyə və təhrif olunmuş məlumatlara bilərəkdən və ya bilmədən imza etdiyim aşkar olunarsa, buna görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağım barədə məlumatlandırıldım.

11. xx.xx.2024-cü il tarixli İnventarizasiya siyahısından görünür ki, inventarizasiyanın yekununda 4169.68 manat məbləğində “əksikgəlmə” müəyyən edilmişdir.

12. Əmək Müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən və həmin əmək müqaviləsi üzrə 61-x saylı əmrdən Çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir.

13. İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ümumilikdə 5908.03 manat əksik gəlmə məbləğinin 3 gün müddəti ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı MMC-nin “Oba Market MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması” barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 3365.23 manat və xx.xx.2024-cü il tarixdə 4169.68 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər edilməklə qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 5908.03 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 14 fevral 2025-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 5908.03 manat təşkil edir.

İşin faktiki halları.

15. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanılmaqla işgüzar münasibət yaranmışdır. Hazırki iddia tələbində iddiaçı cavabdehin əmək müqaviləsi üzrə işlədiyi dövrdə aparılmış inventarizasiya nəticəsində iddiaçıya maddi ziyan vurduğunu bildirir və tələbin əsası kimi hazırki iddia ərizəsinə əlavə edilmiş iş materiallarına istinad edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir, birinci inventarizasiya nəticəsi ilə razı olduğunu, lakin ikinci inventarizasiya nəticəsini qəbul etmədiyini bildirir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 198. İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. İşçinin X5i

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200. X5 daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X5 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi

1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarı. Həmin Qərarda qeyd edilmişdir ki, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X5 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

20. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

21. Hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk öncə tərəflər arasında olan mübahisənin mahiyətini müəyyən etmək lazımdır. İş materiallarından görünür ki, tərəflərin arasında əmək münasibəti olmuşdur. Belə ki, Cavabdeh Müşvif oğlu ilk dəfə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında İddiaçı MMC-də satıcı kassir vəzifəsində işə qəbul edilmiş, eyni zamanda onunla işəgötürən arasında X5 haqqında müqavilə də imzalanmışdır. Daha sonra əmək müqaviləsinə dəyişiklik edilməsi nəticəsində xx.xx.2023cü il tarixdə satış şöbəsinə administrator vəzifəsinə keçirilmişdir. Cavabdehin müəsissədə işləyən zamanı iki fərqli vaxtda – xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə inventarizasiya aparılmış, sonuncu inventarizasiya cavabdehin işdən azad edilməsi ilə əlaqədar təhvil-təslim xarakterli olmuş və cavabdehin təqsirli hərəkətləri nəticəsində cəmiyyətə ziyan vurulması ilə bağlı müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh tərəf yalnız birinci inventarizasiya nəticəsində dəymiş ziyan məbləğini qəbul edir, lakin ikinci yoxlama nəticəsi ilə razılaşmır. Əmək qanunvericiliydə işçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyətinin iki halı müəyyən edilmişdir: məhdud məsuliyyət - işçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti ( maddə 198), işçinin X5i ( maddə 199). İşçinin işəgötürən qarşısında vurulmuş ziyan üzrə tam maddi məsuliyət daşıması üçün onunla işəgötürən arasında X5 haqqında müqavilənin olması zəruridir. Hazırkı işdə belə bir müqavilə bağlanmışdır. Eyni zamanda, o da müəyyən edilir ki, cavabdehə həvalə edilən vəzifə işəgötürənin əmlakının idarə edilməsi, işəgötürənə məxsus malların qəbulu və saxlanması ilə əlaqədar olmuşdur. Deməli, iddiaçı ilə cavabdeh arasında işçinin maddi məsuliyyətini genişləndirən müqavilənin bağlanması işin xarakterindən irəli gəlməklə, qanuni və əsaslı olmuşdur. Qanunverici iş prosesi çərçivəsində ziyan vurulması ilə bağlı sübutetmə yükünü tərəflər arasında bölmüşdür. Hazırkı işdə iddiaçı tələbində tərtib edilmiş inventarizasiya aktlarına və onunla bağlı müvafiq sənədlərə əsaslanır. Cavabdeh tərəf birinci inventarizasiyanın nəticələrinə etiraz etməsə də, sonuncu inventarizasiyaya etiraz edir. Lakin, cavabdeh tərəf etirazının əsaslılığını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız şifahi etirazla əsaslanmışdır. Prosessual qanunvericiliyin tələbinə görə hər kəs istinad etdiyi halları sübut etməyə mükəlləfdir. Cavabdeh hər nə qədər ikinci inventarizasiya nəticəsi ilə razılaşmasa da, lakin göründüyü kimi hər iki yoxlama onun iddiaçı müəssisədə administrator vəzifəsində işlədiyi dövrdə aparılmış və hətta yoxalamalardan əvvəl müvafiq məsuliyyət barədə cavabdeh iltizamnamə təqdim etmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. İddia tələbinin əsassızlığına dəlalət edəcək hər hansı bir hal mövcud deyildir.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5908.03 manat pul vəsaiti və iş üzrə ödənilmiş 60 manat mediasiya xərci və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh 5908.03 manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar