Məhkəmə qərarları › İş №e-2(010)-294/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-294/2024

11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-294/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh ilə birgə nikahımızdan xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1293/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə aramızda olan nikah pozulmuş, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi qərara alınmışdır. Hal-hazırkı durumda mən iki uşağımı saxlamaqda böyük çətinliklərlə qarşılaşmışam, onların təhsil və başqa xərclərini təmin edə bilmirəm”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçı vəkili X10 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh X8 məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları.

5. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-1293/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması və Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 247543 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2006-cı il tarixdə Salyan rayonu Qaracalar qəsəbəsində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 65 nömrə ilə qeyd edilmişdir.

7. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 247544 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 66 nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları.

8. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2012ci il təvəllüdlü X5 doğulmuşdur. Birgə nikahından doğulmuş digər uşaq artıq yetkinlik yaşına çatmışdır.

9. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il qətnaməsi qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

15. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

18. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.

19. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

20. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

21. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

22. Son olaraq, məhkəmə onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 14) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərci.

23. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 72.8 manat məbləğində ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-1293/2021 saylı, qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 220 manat olmaqla, 440 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-294/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 72.8 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)- 1293/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(010)-294/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 72.8 manat (yetmiş iki manat səksən qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar