Məhkəmə qərarları › İş №e-2(010)-2951/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2951/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2951/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cəmi 261,15 (iki yüz altmış bir manat on beş qəpik) manat borc olmaqla - bundan 230,76 (iki yüz otuz manat 76 qəpik) manat əsas, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 30,39 (otuz manat 39 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli 99/1503/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 446 (dörd yüz qırx altı) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 24 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 5.1.3-cü bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində kreditin təminatının mövcudluğunu və vəziyyətini, o cümlədən zaminlərin əmlak və maliyyə vəziyyətini istənilən vaxt yoxlamaq. “Borcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi və ya çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.1.4-cü bəndinə əsasən “Borcalan” öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazmınca icra etmədikdə qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək və bunun üçün zəruri tədbirlər görmək barədə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********742 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə 230,76 manat əsas və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 30,39 manat faiz borcu olmaqla, cəmi 261,15 manat məbləğində borcu vardır. İş materialları 24 iyun 2019-cu il tarixli 99/1503/RES nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 NBC X1 Cəmiyyətindən 24 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 446 (dörd yüz qırx altı) manat məbləğində kredit götürmüş və borcun qaytarılmasını Cavabdeh2 öz üzərinə götürmüşdür. 24 iyun 2019-cu il tarixli 99/1503/RES nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 borcalan Cavabdeh2 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. Maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı banka 230,76 (iki yüz otuz manat 76 qəpik) manat əsas və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 30,39 (otuz manat 39 qəpik) manat faiz borcu vardır. "xxxx" ASC-nin bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçünillik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə Cavabdeh2 24 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 446 (dörd yüz qırx altı) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Bank ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, Bank aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və banka ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş 230,76 manat əsas borcu və eləcə də Azərbaycan Respublikası AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq müqavilə müddəti bitəndən sonra hesablanmış 30,39 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24 iyun 2019-cu il tarixli 99/1503/RES nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 230,76 (iki yüz otuz manat yetmiş altı qəpik) manat və müqavilə müddəti bitəndən sonra hesablanmış faiz borcuna görə 30,39 (otuz manat otuz doqquz qəpik) manat olmaqla, cəmi 261,15 (iki yüz altmış bir manat on beş qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24 iyun 2019-cu il tarixli 99/1503/RES nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 230,76 (iki yüz otuz manat yetmiş altı qəpik) manat və müqavilə müddəti bitəndən sonra hesablanmış faiz borcuna görə 30,39 (otuz manat otuz doqquz qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 291,15 (iki yüz doxsan bir manat on beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar