Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2978/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı "X1mayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli OMD-034- 0236-23 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehdən 581.25 (beş yüz səksən bir manat iyirmi beş qəpik) manat əsas borc, 339.7 (üç yüz otuz doqquz manat yetmiş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 920.95 (doqquz yüz iyirmi manat doxsan beş qəpik)) manat, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “X1mayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "X1mayan Kredit Təşkilatı" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli OMD- 034-0236-23 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, İddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Təhvil-təslim aktında qeyd edilmiş malları Cavabdehə satmağı, Cavabdeh isə həmin malların 807 (səkkiz yüz yeddi) manat məbləğində olan dəyərini 06 (altı) ay müddətində İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə üzrə İddiaçı malları Cavabdehə təqdim edərək müqavilə üzrə müvafiq öhdəliyini yerinə yetirsə də, Cavabdeh öhdəliklərin icrasından yayınmaqdadır. 24 oktyabr 2023-cü il tarixli OMD-034-0236-23 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən Cavabdehin 02 may 2024-cü il tarixinə 581.25 (beş yüz səksən bir manat, iyirmi beş qəpik) manat əsas borc, 339.7 (üç yüz otuz doqqu manat, yetmiş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 920.95 (doqquz yüz iyirmi maant, doxsan beş qəpik) manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. İş materiallarına əlavə edilmiş: 24 oktyabr 2023-cü il tarixli OMD-034-0236-23 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “"X1mayan Kredit Təşkilatı" MMC nisyə aldığı malları Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 6 ay müddətinə, 5 ay müddətində hər ay 135 manat, sonuncu 6-cı ayda 132 manat ödəməyi öhdəsinə götürmüşdür. “X1mayan Kredit Təşkilatı” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh 24 oktyabr 2023-cü il tarixli OMD-034-0236-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 581.25 manat əsas borc, 339.7 manat cərimə olmaqla, ümumilikdə 920.95 manat məbləğində borcu vardır. "X1mayan Kredit Təşkilatı" MMC-nin bildirişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 24 oktyabr 2023-cü il tarixli OMD-034-0236-23 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 807 manat olan özünə məxsus nisyə aldığı əmlakı Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və ilkin ödəniş etmədən, 6 ay müddətinə, 5 ay müddətində hər ay 135 manat, sonuncu 6-cı ayda 132 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin 24 oktyabr 2023-cü il tarixli OMD-034-0236-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 581.25 (beş yüz səksən bir manat iyirmi beş qəpik) manat əsas borc, 339.7 (üç yüz otuz doqquz manat yetmiş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 920.95 (doqquz yüz iyirmi manat doxsan beş qəpik)) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq 24 oktyabr 2023-cü il tarixli OMD-034-0236-23 saylı müqavilə üzrə cərimə borcunun 100 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24 oktyabr 2023-cü il tarixli OMD-034-0236-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 581.25 (beş yüz səksən bir manat iyirmi beş qəpik) manat əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 681,25 (altı yüz səksən bir manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "X1mayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 24 oktyabr 2023-cü il tarixli OMD-034-0236-23 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 581.25 (beş yüz səksən bir manat iyirmi beş qəpik) manat əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 711,25 (yeddi yüz on bir manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "X1mayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rübabə Qafarova