Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2980/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı "AZƏRİQAZ" İB-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı "AZƏRİQAZ" İB Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4137,38 (dörd min bir yüz otuz yeddi manat 38 qəpik) manat məbləğində zərərin və 61,38 (altmış bir manat 38 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4198,76 (dörd min bir yüz doxsan səkkiz manat 76 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 12-4903 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0028 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4250,88 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh 2023-cü ilin iyun ayından 2024-cü ilin aprel ayına qədər həmin zərərdən cəmi 113,50 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İByə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 4137,38 (dörd min bir yüz otuz yeddi manat 38 qəpik) manat təşkil etməkdədir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı özü də yanvar ayında qeyri-qanuni olaraq qaz xəttinə qoşulmaqla qazdan istifadə etdiyini bildirmiş və həmin akt isə mart ayında tərtib edilmiş və cavabdeh ən azı 3 ay müddətində qazdan qeyri-qanuni istifadə etmişdir. İddiaçının ünvanında qazla təchiz edilmiş 3 avadanlıq (kombi, 4 gözlü qaz piltəsi və su qızdırıcı) olmuşdur.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbində qeyd olunan məbləğ həddən artıq çoxdur. O, qaz xəttinə qeyri-qanuni şəkildə qoşulmaqla qazdan qış ayında təqribən 1 aya yaxın müddətdə istifadə etmişdir. Onun evində kombi yaxud su qızdırıcı olmamış, qazla təchiz edilən yalnız 1 ədəd 4 gözlü qaz piltəsi olmuşdur.
İş materialları.
5. xx.xx.2023-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Paylayıcı İddiaçı İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öz öhdəsinə götürür.
6. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, sifarişçi (istehlakçı) Cavabdeh ünvanında Zenner tipli, G-4 markalı, STS**********028 nömrəli sayğac quraşdırılmışdır.
7. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Cavabdeh dair tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur.
8. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəsində Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 360 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi ümumilikdə 35424 m3 müəyyənləşdirilmişdir.
9. Abonent saldosundan görünür ki, Cavabdeh 2023-cü il daxil olmaqla 4250.88 manat borc hesablanmışdır.
İşin faktiki halları.
10. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehlə aralarında bağlanan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin şərtlərinin cavabdeh tərəfindən pozulduğunu və cavabdehin qazdan qeyriqanuni şəkildə kənar xətlə istifadə etməsi nəticəsində ona maddi ziyan vurulduğunu bildirir. İddiaçı tələbin əsası kimi “Təbii X5nın pozulması haqqında” tərtib olunmuş akta və həmin ünvanda çəkilmiş fotoşəkillərə istinad edir. Eyni zamanda, iddiaçı tərəf ona istinad edir ki, cavabdeh özü də qeyri-qanuni qoşulma faktını etiraf edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir və bildirir ki, qaz xəttinə qeyri-qanuni şəkildə qoşulmaqla qazdan qış ayında məcbur qalaraq təqribən 1 aya yaxın müddətdə istifadə etmişdir. Onun evində qazla təchiz edilən yalnız 1 ədəd 4 gözlü qaz piltəsi olmuşdur. Cavabdehin evinnə yerli baxış keçirilən zaman qazla işləyən bir ədəd PQ4 qaz işlədici qurğu aşkar edilmişdir.
Tətbiq edilən hüquq.
11. “X5”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li Qərarı.
4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
12. AR “Qaz təchizatı haqqında” Qanunu
8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. (2022-ci ilin may ayının 1-dən qüvvəyə minmişdir)
13. AR Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. AR Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
16. Cavabdehin adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla bağlı qeyd edilməlidir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi, qazpaylayıcı tərəfindən qanunsuz qoşulma hallarında görməli olduğu tədbirlərlə bağlı əlavələr edilmiş və həmin əlavələr 2022-ci il may ayının 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan aydın olur ki, qeyd edilən tarixdən sonra qaz paylayıcı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Göründüyü kimi, hazırki akta münasibətdə iddiaçı bu prosedura əməl etməmişdir. Lakin bununla belə, işin məhkəmə araşdırması zamanı Cavabdeh qaz xəttinə sayğac quraşdırılmamışdan əvvəl qısa müddətdə qeyri-qanuni yolla qoşulduğunu, bu müddətin yalnız qış fəslində təqribən 1 aya yaxın davam etdiyini və həmin müddətdə qazdan qanunsuz istifadə etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh bir aya yaxın müddətdə qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edir, həmin dövrə münasibətdə iddiaçı tərəfindən cavabdehin təqsirli olması halını sübut etməyə zərurət yoxdur. Məhkəmə hesab edir ki, ziyan məbləği yalnız cavabdehin etiraf etdiyi müddətə münasinbətdə tutulmalıdır. Ona görə ki, iddiaçının tələb etdiyi kimi daha artıq müddətə ziyan məbləğinin tutulması üçün maddi hüquq normalarında qeyd edilmiş prosedurlara iddiaçı tərəfindən əməl edilməsi zəruri idi. İddiaçı isə bu prosedurlara əməl etmədən, yəni, cavabdeh tərəfin təqsirli olması halı müəyyən edilmədən ziyanın tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin etiraf etdiyi müddətə münasibətdə tutulmalı olan ziyan məbləğinə gəldikdə isə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarının 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Eyni zamanda iddiaçı tərəf cavabdehin ünvanında qazla təchiz edilmiş 3 avadanlıq olduğunu qeyd etsə də, lakin cavabdehin yaşadığı ünvana İddiaçı İB-nin Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin böyük mühəndisi X2 iştirakı ilə yerli baxış keçirilmiş və yerli baxış zamanı həmin ünvanda qazla işləyən yalnız 1 ədəd 4 gözlü qaz piltəsi (3 gözü qazla, 1 gözü elektriklə təchiz edilmiş) aşkar edilmişdir. Həmin hal qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli aktla da təsdiq olunur. Belə ki, həmin aktdan göründüyü kimi, sayğac quraşdırılarkən istismarda olan cihazların növü və sayı 1 ədəd PQ4 cihazı olmuşdur. Belə olan halda məhkəmə hazırki işin hallarını və cavabdehin tərəfin izahatını nəzərə alaraq hesab edir ki, həmin ünvanda qazla təchiz edilmiş 4 gözlü qaz piltəsinin (PQ4-ün) həmin 1 ay müddəti ərzində itirilmiş ümumi qaz sərfiyatının dəyəri 51.84 manat təşkil edir. ( maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesab müddəti 30 gün olmaqla x 0.12 Azn). Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə cəmi 51.84 manat məbləğində pul vəsaiti tutulmalı və iddia qalan hissədə təmin edilməməlidr.
Məhkəmə xərcləri.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeḣ oğlundan iddiaçı Azəriqaz" İB-yə vurulmuş zərərə görə 51.84 (əlli bir manat səksən dörd qəpik) manat pul vəsaiti və iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə ( Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT, İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun 31.38 manat hissəsi iddiaçı "Azəriqaz" İB-nin özünə aid edilməli və iddia qalan hissədə təmin edilməməlidir.
20. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeḣ oğlundan iddiaçı Azəriqaz" İB-yə vurulmuş zərərə görə 51.84 (əlli bir manat səksən dörd qəpik) manat pul vəsaiti və iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə ( Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT, İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 31.38 manat hissəsi iddiaçı "Azəriqaz" İB-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.