Məhkəmə qərarları › İş №e-2(010)-2981/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2981/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2981/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən alqı-satqı qiyməti 1625 manat olan Samsung 43 Smart markalı televizor almışdır.

2. Təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Samsung 43 Smart markalı televizor təhvil alınmışdır.

3. Arayışdan müəyyən olunur ki, Cavabdeh 1625 manat əsas, 175 manat cərimə borcu yaranmışdır.

4. Bildirişdən müəyyən olunur ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.

İşin faktiki halları

5. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firuddin qızndan İddiaçı MMC-nin xeyrinə 1625 manat əsas, 175 manat cərimə borcu və dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Firudin qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 99005650 saylı Alqı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 1625 manat dəyərində olan "Samsung" markalı Televizor almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini 15 aya bölərək, hər ay üçün 108.33 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 1625 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, qalan 1625 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Alqı-satqı müqavilələrinin 11.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh maddi vəziyyətin pisləşməsini əsas gətirərək müqavilə üzrə borcunu ödəməkdən yayınaraq, onun sahibkarlıq fəaliyyətinə ziyan vurmuşdur.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu Alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

11. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi iddiaçı Alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn və əşyanın verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı əşyanın pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə Alqı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

12. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 1800 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1625 manat ödənilməmiş hissə, 175 manat cərimə olmaqla, cəmi 1800 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1625 manat ödənilməmiş hissə, 175 manat cərimə olmaqla, cəmi 1800 (bir min səkkiz yüz) manat pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38(otuz səkkiz) manat məbləğində pul Cavabdeh Firuddin qızından İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar