Məhkəmə qərarları › İş №e-2(010)-2983/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2983/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2983/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı “X1” Bakı filialının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı “X1” cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müarciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 9.292,55 manat (bundan 8700.14 manat əsas borc və 592,41 manat faiz borcu təşkil edir) məbləğində xx.xx.2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 112.93 manat dövlət rüsumunun tutularaq “X1” Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 9.812,81 manat (bundan 8.700,14 manat əsas və 1.112,67 manat isə hesablanmış faiz borcu təşkil edir) borcun və 112,93 manat dövlət rüsumunun tutularaq “X1” Bakı filialına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri “X1” Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 743 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh3 arasında 981 saylı və Cavabdeh2 arasında 982 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» xx.xx.2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 3665.60 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 2.208,00 manat ödəniş həyata keçirilmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 19% ödəməlidir. xx.xx.2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 9292.55 manat təşkil edir. Bundan 8700.14 manat əsas borc və 592,41 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 743 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh3 arasında 981 saylı və Cavabdeh2 arasında 982 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onun maddi imkanı ağır olduğu üçün banka heç bir ödəniş edə bilməmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli 743 №li Kredit müqaviləsindən görünür ki, “X1” Bakı filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 981 №li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ilə “X1” “Bakı filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli 982 №li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 “X1” “Bakı filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. “X1” Bakı filialının Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanladığı bildirişdən görünür ki, cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. 2022/1252 saylı xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə “X1” Bakı filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 743 №li kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 8700.14 manat əsas, 1112.67 manat faiz borcu olmaqla cəmi 9812.81 manat məbləğində borcu vardr. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, “X1” ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 743 №li kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə Cavabdeh1 illik 19% olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə görə müqavilə üzrə ödənişlər vaxtında lazımi qaydada icra edilməzsə bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 digər Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin müəyyən edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdehlər müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 8.700,14 manat və faiz borcu üzrə isə 1.112,67 manat olmaqla cəmi 9.812,81 manat məbləğində vəsait alınaraq iddiaçı “X1” Bakı filialının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 112,93 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 8.700,14 (səkkiz min yeddi yüz manat on dörd qəpik) manat və faiz borcuna görə 1.112,67 (bir min bir yüz on iki manat altmış yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 112,93 (bir yüz on iki manat doxsan üç qəpik) manat olmaqla cəmi 9405,48 (doqquz min dörd yüz beş manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “X1” Bakı filialının xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar