Məhkəmə qərarları › İş №e-2(010)-3006/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3006/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3006/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı (Ləğv Prosesindədir) ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı (Ləğv Prosesindədir) ASC cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1179PFFK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi borcu 2359.66 (iki min üç yüz əlli doqquz manat 66 qəpik) AZN, bundan 2280.00 (iki min iki yüz səksən manat 00 qəpik) AZN əsas, 79.62 (yetmiş doqquz manat 62 qəpik) AZN faiz və 0,04(0 manat 04 qəpik) AZN cərimə borcu və iş üzrə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı (Ləğv Prosesindədir) ASC ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə cəmi borcu 2359.66 (iki min üç yüz əlli doqquz manat 66 qəpik) AZN, bundan 2280.00 (iki min iki yüz səksən manat 00 qəpik) AZN əsas, 79.62 (yetmiş doqquz manat 62 qəpik) AZN faiz və 0,04(0 manat 04 qəpik) AZN cərimə borcu və iş üzrə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1179PFFK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 567PFFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturisasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 2280 (iki min iki yüz səksən) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 02 avqust 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1 -ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-ci il tarixli, **********440 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

Tərəflərin izahatları

4. Cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. İddiaçı (Ləğv Prosesindədir) ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək qeyd olunan miqdarda borcunun olduğunu bildirdi.

İş materialları

7. xx.xx.2019-cu il tarixli, 1179PFFK nömrəli Güzəştli şərtlərlə kreditin verilməsinə dair kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh xx.xx.2013-ci il tarixli, 567PFFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturisasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 2280 (iki min iki yüz səksən) manat məbləğində kredit verilmişdir.

8. xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, Zamin Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar bank qarşısında zamin durmuşdur.

9. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 1179PFFK nömrəli kredit müqaviləsi üzrə banka 2280 manat əsas borc, 79.62 manat faiz borcu və 0.04 manat cərimə borcu olmaqla 2359.66 manat borcu vardır.

10. İş matariallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə borc məbləğinin 5 iş günü müddəti ərzində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

11. İddiaçı (Ləğv Prosesindədir) ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 1179PFFK nömrəli kredit müqaviləsinin imzalanması, həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi və Zamin ilə bank arasında cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqaviləsinin imzalanması işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul edərək qeyd olunan miqdarda kredit borcunun olduğunu bildirir. Digər cavabdeh Zamin tərəfindən iddia tələbinə dair etiraz məhkəməyə daxil olmamışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Məhkəmənin mövqeyi

13. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

14. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə Cavabdeh təqdim etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtıvaxtında ödəniş etməmişdir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, iş üzrə digər cavabdeh Zamin ilə bank arasında zaminlik müqaviləsı mülki qanunvericilik normalarına uyğun şəkildə bağlanmış və hazırda iddiaçının borcalan cavabdehlə yanaşı həmin borc məbləğini zamindən də tələb etməsi qanuni və əsaslıdır. Belə ki, öhdəliyin icrasının zamindən tələb edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 44 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2280 manat əsas borc, 79.62 manat faiz borcu və 0.04 manat cərimə borcu olmaqla cəmi 2359.66 manat pul və iş üzrə ödənilmiş 44 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2280 manat əsas borc, 79.62 manat faiz borcu və 0.04 manat cərimə borcu olmaqla cəmi 2359.66 manat pul və iş üzrə ödənilmiş 44 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar