Məhkəmə qərarları › İş №e-2(010)-3006/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3006/2025

30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3006/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı X4 Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı X7 Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-198/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə Cavabdeh tutulan sabit pul məbləğində aliment miqdarının dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/3 hissəsi miqdarında alimentin, hüquqi yardım haqqında müqaviləyə əsasən vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin məhkəmə xərcləri qismində cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, bu nikahdan iki uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Nikaha daxil olduqları ilk vaxtlarda cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri korlanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-198/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, onunla Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 988 saylı nikahın pozulması, birgə nikahdan doğulan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 onun yanında qalması, Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 325 manat olmaqla, cəmi 650 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün cavabdehdən tutulan aliment məbləği uşaqların saxlanılması üçün ölkə üzrə minimum yaşayış səviyyəsindən çox olsa da, uşaqların əvvəlki şəraitinin maksimum səviyyədə saxlanılmasına kifayət etmədiyinə və cavabdehin sabit pul məbləğində qazancı olduğuna görə o, həmin aliment məbləğinin dəyişdirilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində dəstə rəisi vəzifəsində işləyir və o, yüksək əmək haqqı aldığına görə belə hesab edir ki, uşaqların saxlanılması üçün Cavabdeh onun əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsində aliment tutulmalıdır. Cavabdeh adi vaxtlarda 2500-3000 manat, bayram günlərində isə daha çox əmək haqqı alır ki, o, məhz alimentin məbləğinin dəyişdirilərək onun əmək haqqından tutulmasını tələb edir. O, bu tələblə mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiyaya gəlmədiyinə görə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. O, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün vəkillə hüquqi yardım haqqında müqavilə imzalamış, həmin müqaviləyə əsasən xidmət haqqı olaraq 500 manat məbləğində pul vəsaiti ödəmiş və eyni zamanda mediasiya xərci olaraq 50 manat pul vəsaiti ödəmişdir ki, belə hesab edir ki, bu məbləğlər də məhkəmə xərcləri kimi cavabdehdən tutularaq ona ödənilməlidir.

İddia tələbinə etiraz.

3. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin qismən, uşaqların saxlanılmaları üçün hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması hissəsində qətnamə qəbul edilməsinə etirazı olmadığını bildirmiş, iddia tələbinin qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinə etirazın əsaslandırıldığı hallar.

4. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə müəyyən olunmuş alimenti heç vaxt gecikdirmədən və vaxtlı-vaxtında ödəyir. Bu gün də həmin aliment ödənişini tam məsuliyyətlə ödəyir və öz üzərində olan öhdəlikdən yayınmır. Lakin, iddiaçı tərəfin ərizəsində göstərdiyi guya onun əmək haqqının çox olması məsələsi isə tamamilə yanlışdır. Çünki, onun hal-hazırkı ərizəsinə əlavə etdiyi əmək haqqı çıxarışından da görünür ki, aylıq stabil maaşı 2149.92 manatdır. İddiaçının iddia ərizəsində yazdığı yalan və böhtanla dolu məlumatlar məhkəmədə onun haqqında yanlış təəssürat yaratmaqdadır. Hər halda məhkəmə də onun əmək haqqısı ilə bağlı müvafiq sorğunu göndərə bilər. Cavab isə eyni olacaqdır. Baxmayaraq ki, o, alimenti vaxtlı-vaxtında iddiaçıya ödəyir, lakin o, vicdanlı davranmır, uşaqları ona göstərmir. İddiaçı uşaqları ondan ayrı saxlayır və ola bilər ki, hətta onun haqqında yalanlarla dolu neqativ fikirləri də övladlarına sərgiləyir ki, uşaqları ondan uzaqlaşdırsın. Əgər ondan aliment tələb edirsə, iddiaçı borcludur ki, uşaqlarla ünsiyyətinə şərait yaratsın. İddiaçı onu övladlarından qəsdən, bilərəkdən və qərəzli formada ayırmışdır. Hər bir uşağa həm ana həm də ata qayğısı lazımdır. Bu gün o, iddiaçı ilə boşansa da, bu boşanmanın travması uşaqlara yansımamalıdır. Uşaqlar onunla da daim görüşməli, ünsiyyətdə olmalı və atalarının da onları sevdiyini bilməlidirlər. Faktiki olaraq görünən odur ki, iddiaçıya yalnız bir şey – pul maraqlıdır. Hazırkı iddia ərizəsi elementar bir iddiadır və hər bir vətəndaş dövlətin yaratdığı internet imkanlarından istifadə edərək ərizəni hazırlaya bilər. Lakin, iddiaçının hədsiz pula hərisliyi bu işə son dərəcədə ciddi yanaşmağa vadar etmiş və hətta işə qoşulan vəkilə ödənilmiş 500 manat və mediasiyaya ödənilmiş 50 manat pulu da ondan iddia ərizəsində tələb etmişdir. İddiaçı bəlkə vəkillə 5000 manat məbləğində müqavilə bağlayacaqdı? Belə olan halda, onu da tələb edəcəkdi? Digər məsələ isə alimentin indeksasiyası üzrə artıq Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Plenum qərarına əlavəsi ilə bu cür iddiaların qaldırılması üçün mediasiyaya müraciət tələb olunmur. İddiaçı özü gedərək gərək oldu-olmadı mediasiya prosesi keçərək rüsum ödəyir, vəkil tutur bunun da pulunu zəhmət çəkib ödəməyə borcludur və bu ödənişin ondan tutulması yolverilməzdir. O, elə bu pulu balalarına verər. İddia tələbinə etiraz edərək bildirir ki, vəkilə müqaviləyə görə ödənilmiş 500 manat məbləğində pulun və 50 manat məbləğində mediasiya xərcinin tutulması hissəsində iddia tələbinin rədd edilməsi və təmin edilməməsini, alimentin ümumi məbləğinin artırılaraq 726 manat müəyyən edilməsi və ondan tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Alimentin əmək haqqına yönləndirilmədən qət edilməsinə razıdır. Hazırkı iddia tələbi üzrə 2149.92 manat əmək haqqının 1/3 hissəsinin, yəni 716.64 manat alimentin əvvəlki, yəni iddiaçıya məxsus bank hesab kartına ödənilməsi qaydası ilə razıdır. Əmək haqqının da qanunamüvafiq formada 1/3 hissəsi 716 manatdır. Xüsusilə bildirir ki, alimentin əmək haqqında yönləndirilmədən qət edilməsinə razıdır. Əgər iddiaçı iddia ərizəsində bu hissədə dəqiqləşdirmə ərizəsi vermədən eyni qaydada iddianın təmin edilməsini tələb edirsə, o zaman o da iddiaçının yaşadığı və onların bərabər bir mülkiyyətləri olan mənzil, hansı ki həmin mənzil üzərində iddiaçının və onun ½ hissədə pay hüququ tanınmışdır, o da həmin mənzilə olan pay hüququnu tələb edərək iddiaçının yaşadığı mənzilin açıq hərracdan satılaraq bölünməsinə dair iddia ərizəsi qaldıracaqdır.

Tərəflərin izahatları.

5. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinə etiraz ərizəsində qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

İş materialları.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 198/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 988 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları, iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 325 manat olmaqla, cəmi 650 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş elektron çıxarışdan görünür ki, Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş 01 ədəd əmək müqaviləsi (işəgötürən – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi; vəzifənin adı – dəstə rəisi) aşkar edilmişdir.

9. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və İddiaçı arasında xx.xx.2025-ci il tarixdə bağlanmış EM-79VK-18459/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 500 manat müəyyən olunur və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir.

10. xx.xx.2025-ci il tarixli elektron çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika X11 Daşları MGE 20 saylı dəstə adlanan struktur bölməsində dəstə rəisi vəzifəsində çalışır və aylıq əmək haqqının məbləği 2149.92 manat təşkil edir.

İşin faktiki halları.

11. İddiaçı X7 və Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmış, tərəflərin birgə nikahından iki uşaq – xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 doğulmuşdur.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 198/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 988 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları, iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 325 manat olmaqla, cəmi 650 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşaqların təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşaqların fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşaqların inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını, cavabdehin iddia tələbinə etiraz ərizəsini araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X7 və Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmış, tərəflərin birgə nikahından iki uşaq – xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-198/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 988 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları, iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 325 manat olmaqla, cəmi 650 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir.

22. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların müvafiq məhkəmə qətnaməsi ilə iddiaçının yanında qalmaları qət edilmiş, bu baxımdan uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşı artdıqca onların saxlanılma xərcləri artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır. Üstəlik, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

23. Qüvvədə olan ailə qanunvericiliyi ilə valideynlər tərəfindən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ödənilən alimentin tutulma forması ilə bağlı iki fərqli qayda təsbit edilmişir: 1) könüllü (aliment ödənilməsi barədə saziş bağlamaqla) və 2) məcburi (məhkəmə qaydasında). Tərəflərin birgə nikahından doğulan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-198/2024 nömrəli qətnaməsi ilə hər ay hər uşağa görə 325 manat olmaqla, cəmi 650 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilsə də, bu qətnamə iddiaçını yeni tələblə - alimentin qarşı tərəfin qazancının və (və ya) başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Nəzərə alınmalıdır ki, alimentin sabit pul məbləği formasında tutulması seçimi məhz xeyrinə aliment tutulan şəxsin subyektiv seçimindən asılıdır.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi, alimentin sabit pul məbləği formasında tutulması qanunvericiliklə bir sıra imperativ şərtlərdən asılı edilmiş və həmin şərtlərdən bu və ya digərinin mövcudluğu halında müvafiq maddi hüquq normasının mövcud mübahisəyə tətbiqi imkanı nəzərdə tutulmuşdur. Belə ki, aliment verməyə borclu olan valideynin qazancının (gəlirinin) qeyri-müntəzəm, dəyişən olması, qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideynin natura və ya xarici valyuta ilə alması, yaxud onun qazancının və ya sair gəlirinin olmaması, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmaması, çətinlik törətməsi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa halların mövcudluğu, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin bu barədə xahişinin olmamasını nəzərə alan məhkəmə alimentin cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur.

25. Cavabdehin iddia ərizəsinə etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə birgə nikahdan doğulan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan sabit pul məbləğində tutulan aliment məbləğinin qazancın və (və ya) başqa gəlirlərin 1/3 hissəsi miqdarında alimentin tutulması ilə əvəz edilməsinə etiraz etmiş və alimentin sabit pul məbləği formasında artırılaraq onun aylıq əmək haqqının 1/3 hissəsi miqdarına uyğun məbləğdə tutulmalı olmasını göstərmişdir. Lakin, cavabdeh alimentin qazancın və (və ya) başqa gəlirlərin müəyyən hissəsi miqdarında tutulması zamanı yalnız əmək haqqı məbləğinin deyil, başqa gəlirlərin də həmin topluya daxil edilməsini, eləcə də alimentin sabit pul məbləği formasında tutulmasının xeyrinə aliment tutulan şəxsin sərbəst seçimindən asılı edilməsini nəzərə almamışdır. Cavabdeh həmçinin göstərmişdir ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təyin edilən aliment məbləğinin indeksasiyası məqsədi ilə məhkəməyə müraciət etməli idi. Lakin, nəzərə alınmalıdır ki, aliment məbləğinin indeksasiyası və aliment miqdarının artırılması fərqli hüquqi anlayışlar olmaqla, fərqli hüquqi nəticələrə səbəb olan hüquqi hadisələr qismində çıxış edir. Belə ki, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qətnaməsi ilə təyin edilən alimentin indeksasiyası bu barədə ərizənin məhkəmənin icraatına daxil olduğu ilə uyğun ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği ilə şərtləndiyi halda, aliment miqdarının artırılması tərəflərin ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərdən, eləcə də diqqətəlayiq olan digər hallardan, bir sözlə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin dispozisiya şərtlərindən asılı edilmiş hüquqi imkandır və həmin şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tətbiqi mümkündür. Alimentin indeksasiyasından fərqli olaraq, ailə münasibətlərindən irəli gələn mübahisə qismində məhkəməyə müraciət etməzdən əvvəl qanunla nəzərdə tutulmuş qaydada ilkin mediasiya sessiyasında iştirak məcburidir (Azərbaycan Respublikası Ailə Məcələsinin 7-1-ci maddəsi).

26. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə aliment tutulmasına bu iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarıının 8.11-1-ci bəndinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir

Məhkəmə xərci.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Aliment tələbi ilə məhkəməyə müraciət edən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir. İddiaçı həmçinin hüquqi yardım göstərilməsi üçün vəkilə 500 manat məbləğində pul vəsaiti ödəmişdir (hüquqi yardım göstərilməsi haqqında müqavilə iş materiallarına əlavə edilmişdir).

29. Belə olan halda, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cаvаbdeh Cavabdeh hər ay hər uşağa görə qazancın və (və ya) başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment iddiаçı İddiaçı ödənilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cаvаbdeh Cavabdeh hər ay hər uşağa görə qazancın və (və ya) başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiаçı İddiaçı ödənilsin. Hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar