Məhkəmə qərarları › İş №e-2(010)-3018/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-3018/2024

23.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3018/2024 23.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 68 saylı evin 35-ci mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşdükdən sonra Bakı şəhərinə pənah gətirmiş və həmin vaxtdan Suraxanı rayonu, Yeni Günəşli əsəbəsi, “AB” yaşayış massivi, 68 saylı evin 35-ci mənzilində məskunlaşmışdır. Həmin mənzilin şəxsi vərəqəsi 1097 nömrəsi ilə onun adına açılmış, hazırkı vaxtadək mənzil üzrə bütün kommunal haqqlar onun tərəfindən ödənilmişdir və hazırda heç bir borcu yoxdur. Onun həmin mənzildə 1993-cü ildən hazırkı vaxtadək yaşamağını qonşuları X4, X6 və X2 tərəfindən tərtib edilməklə Suraxan rayon MKTB-nın 68 saylı Mənzil-Kommunal İstismar sahəsinin rəisi tərəfindən 16 mart 2024-cü il tarixdə təsdiq edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 07 mart 2024-cü il tarixə Respublika ərazisi üzrə adına daşınmaz əmlakın mövcud olmamasına dair DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə arayış verilmişdir. Hazırda da həmin mənzil sənədsiz olaraq onun tərəfindən istifadə olunur. Mənzil Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olduğuna görə həmin təşkilata müraciət etsə də, ona xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Onların yaşayış ünvanları Azərbaycan Respublikasına gəldikdən sonrakı müddətdə hazırda yaşadıqları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 68 saylı evin 35-ci mənzili olmuşdur. Lakin həmin dövrdən mənzil hüquqları qeydə alınmadığına görə yaşadıqları ünvan üzrə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş tibb, təhsil, seçki və digər hüquqlarından istifadə edə bilmir. Göründüyü kimi, o, qeyd olunan mənzildən 30 ildən artıq müddətdə istifadə etsə də, bu hüququ hər hansı formada qeydə alınmamışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərinə dair məhkəməyə ərizə təqdim etdi.

4. Cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. ünvan 1 ünvanında yaşayan X4, X6 və X5 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şirinov X3 rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 68 saylı evin 35 saylı mənzilində 1993-cü il tarixdən qeydiyyatsız olaraq yaşayır. Akt Bakı şəhəri Suraxanı Rayon MKTB-nin 68 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi tərəfindən təsdiq edilmişdir.

6. 68 saylı Mənzil-Kommunal İstismarı sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 170 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Mənzilin 2023-cü ilə kimi məişət tullantılarının yığılmasına görə borcu yoxdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli müraciətə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.

8. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı faktiki olaraq yaşadığı mənzilə istifadə hüququnun tanınması yalnız məhkəmənin səlahiyyətlərinə aid olduğundan, qanunla müəyyən edilmiş qaydada müvafiq iddia tələbi ilə məhkəməyə müraciət hüququndan istifadə edilməsi tövsiyə olunmuşdur.

Şahid ifadələri.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirdi ki, iddiaçını 1991-ci ildən qonşu kimi tanıyır. Belə ki, o özü 1990-cı ildən AB yaşayış sahəsi, ev 68 ünvanında yaşayır. İddiaçı binanın 9-cu mərtəbəsində yaşayır. Onların qonşu kimi əlaqələri var. İddiaçının uşaqları yaxınlıqda yerləşən 282 nömrəli məktəbdə təhsil almışdır.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında bildirdi ki, İddiaçı onun qonşusudur. Həmçinin onunla tələbə yoldaşı olmuşlar. O özü 1990-cı ildən AB yaşayış sahəsi, ev 68 ünvanında yaşayır. İddiaçı da ondan 1-2 il sonra həmin ünvana köçmüş, o vaxtdan indiyə qədər o ünvanda yaşamışdır.

İşin faktiki halları.

11. İddiaçı ünvan 1, mənzil 35 ünvanında yaşayır.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

Məhkəmənin mövqeyi.

14. İş materiallarından görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşayır. Müəyyən edilmişdir ki, iddiaçı bu ünvana 1990-cı illərin əvvəllərindən köçmüşdür və həmin vaxtdan bu ünvanda yaşayır. Belə ki, işin bu halı həm iş materialları, həm də şahid ifadələri ilə təsdiq edilir.

15. Buna baxmayaraq, iddiaçının bu mənzil üzərində qeydiyyata alınmış heç bir hüququ yoxdur. Müəyyən edilmişdir ki, sözügedən mənzil Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır.

16. Beləliklə, işin halları əsasında müəyyən edilir ki, İddiaçı 30 ildən çoxdur ki, sözügedən ünvanda etirazsız yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin mənzil üzərində istifadə hüququ əldə etmək üçün “qanuni gözlənti”yə malikdir.

17. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

18. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı İddiaçı ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmalıdır.

Məhkəmə xərcləri.

19. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad olduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 238-253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınsın. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar