Məhkəmə qərarları › İş №e-2(010)-3038/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3038/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3038/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tələbkar İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun borclu Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, Sar-000000048 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 906 manat olan Sony Z2 vhite (İMEİ **********05049) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ayın 7-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 59 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 706 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, o, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək olunmuşdur.

İddiaçının tələbi:

2. Cavabdeh 706 manat borc məbləği, 100 manat faiz borcu, 70 manat cərimə və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 906 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

3. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun cavabdehdən tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Tərəflərin izahatları:

5. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə məhkəmə işinə nümayəndənin iştirakı olmadan baxılıb iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

8. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır

İş materialları:

9. xx.xx.2016-cı il tarixli, Sar-000000048 nömrəli hissə-hissə (alqı-satqı) müqaviləsindən görünür ki, "xxxx" MMC ("xxxx" MMC) – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 906 manat olan mal hər ay ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır.

10. xx.xx.2016-cı il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC ("xxxx" MMC) qarşısında xx.xx.2016-cı il tarixi hissə-hissə müqaviləsi üzrə yaranmış borcunun icrasını təmin etmək məqsədilə əşyanı girov qoymuşdur.

11. xx.xx.2016-cı il tarixli, Sar-000000048 nömrəli hissə-hissə müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 59 manat, sonuncu ay 57 manat ödəmək şərtilə 906 manat məbləğində borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

12. İddiaçı MMC ilə "xxxx" MMC (Mobil Texnologiyalar MMC) arasında imzalanan Sar- 000000048 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin (Mobil Texnologiyalar MMC) Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir.

13. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 706 manat məbləğində əsas borc, 100 manat faiz borcu, 70 manat məbləğində cərimə borcu vardır.

14. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

15. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, həmin Polis İdarəsinin sabiq polis nəfəri Cavabdeh DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2016-cı il tarixli 672 ş\h saylı əmri ilə daxili işlər orqanlarından öz xahişi ilə xidmətdən xaric edilmişdir.

İşin faktiki halları.

17. "xxxx" MMC ("xxxx" MMC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, Sar- 000000048 nömrəli alqı-satqı, "xxxx" MMC ("xxxx" MMC) ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ("xxxx" MMC) alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı MMC ilə "xxxx" MMC ("xxxx" MMC) arasında bağlanmış faktorinq müqaviləsinə əsasən tələbetmə hüququ iddiaçıya keçmiş və hazırda iddiaçı cavabdehdən ödənilməmiş borcun tutulmasını tələb edir. Odur ki, iddiaçı ona güzəşt edilmiş borcun qaytarılmasını tələb etməkdə haqlıdır.

22. Cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi, tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçının əsas borca görə 706 manat və cərimə borcuna görə 70 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edib təmin edir.

23. Faiz borcuna görə 100 manat ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, iddianın əsasını alqı-satqı müqaviləsi təşkil etdiyindən, cavabdehdən cərimədən əlavə faizlərin tələb edilməsi əsassızdır, çünki əmtəənin qiyməti borc-kredit məbləği kimi qiymətləndirilə bilməz.

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 706 manat əsas və 70 manat cərimə olmaqla, cəmi 776 (yeddi yüz yetmiş altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar