Məhkəmə qərarları › İş №e-2(010)-3069/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3069/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3069/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Hoffmann üçün 277.4 (iki yüz yetmiş yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 27.6 (iyirmi yeddi manat altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********34344 X1 10 S markalı telefon üçün 614 (altı yüz on dörd) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Bike Vista üçün 451.6 (dörd yüz əlli bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 45.4 (qırx beş manat qırx qəpik) manat cərimə, ümumilikdə 1477 manat borc, 34.77 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “ABC TELECOM'’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021 -ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Hoffmann, İmei kodu **********34344 X1 10S markalı telefon, Bike Vista üçün 1477 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 554.4 manat Soyuducu Hoffmann üçün ümumilikdə, 305 manat olmaqla ondan, 277.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 795 manat olan İmei kodu **********34344 X2 10S markalı telefon üçün ümumilikdə, 675 manat olmaqla ondan, 614 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 549.6 manat olan Bike Vista üçün ümumilikdə, 497 manat olmaqla ondan, 451.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.4 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 556 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021 ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, aldığı X1 10S markalı telefon işləmədiyi üçün onu geri qaytarmış və əvəzində yeni telefon götürərək həmin telefon üçün ödənişlər etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 554.4 manat məbləğində “Hoffmann” soyuducu əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 30.8 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.

6. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 795 manat məbləğində İmei kodu **********34344 X1 10 S markalı telefon əldə etmiş və həmin məbləği ilkin ödəniş 3 manat, aylıq 44 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.

7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 549.6 manat məbləğində Bike Vista əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 22.9 manat olmaqla, 24 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.

8. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 277.4 manat ödənilməmiş hissə, 27.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 614 manat ödənilməmiş hissə, 61 manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, Bike Vista üçün 451.6 manat ödənilməmiş hissə, 45.4 manat cərimə olmaqla ümumilikdə 1477 manat borcu vardır.

9. Texniki Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli “aparılan işlər barədə məlumat”ından görünür ki, xx.xx.2021-ci il satış tarixli İmei kodu **********34344 X1 10 S markalı telefon xx.xx.2021-ci il tarixdə cihaz hissələrə bölünmüş formada servisə daxil olmuşdur. Cihaza texniki baxış keçirilmiş və cihazda mexaniki zədə aşkar edilmişdir və eyni zamanda təmirə yararsızdır.

İşin faktiki halları

10. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə həmin müqavilələrdə nəzərdə tutulan məhsullar təqdim edilmiş və cavabdeh həmin məhsulların dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli müqavilə əsasında aldığı X1 10S markalı telefon işləmədiyi üçün onu geri qaytarmış və əvəzində yeni telefon götürərək həmin telefon üçün ödənişlər etmişdir. İddiaçı tərəf cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılan İmei kodu **********34344 X1 10 S markalı telefon cavabdeh tərəfindən servisə qaytarılsa da, lakin onun həmin telefona görə ödəniş etməkdən azad edilməsi nəzərdə tutulmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi

12. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

13. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan məhsulları cavabdehə təqdim etmişdir. Cavabdeh isə nisyə alqı-satqı müqavilələri əsasında əldə etdiyi həmin məhsullara görə borclu olduğu məbləği ödəniş qrafiklərinə uyğun ödəməyi öhdəsinə götürsə də, lakin öhdəliyini icra etməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi İmei kodu **********34344 X1 10 S markalı telefonu qüsurlu olması səbəbi ilə geri qaytarması barədə etirazına münasibətdə məhkəmə bildirir ki, cavabdeh müqavilə obyekti olan məhsulu heç bir əmtəə və texniki qüsur aşkar etmədən qəbul etmişdir. Alqı-satqı münasibətlərində formalaşmış adətlərə görə məhsul alıcıya təhvil verilərkən onda texniki və digər qüsurların olmaması barədə təhvil-təslim aktı imzalanır. Hazırkı işdə də məhsul bu sənədin imzalanması ilə cavabdehə təhvil verilmişdir. Hazırkı işdə cavabdeh məhsulun ona satılarkən artıq qüsurlu olduğunu, yaxud da qüsur əvvəlcədən olsa da, obyektiv səbəblərdən onu sonradan aşkar etməsini sübut edəcək tutarlı dəlilləri məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Bundan əlavə, işə əlavə edilmiş yazılı sübutdan müəyyən edilir ki, İmei kodu **********34344 X1 10 S markalı telefon hissələrə bölünmüş formada servisə daxil olmuşdur. Bu da onu deməyə əsas verir ki, məhsul cavabdehin istifadəsində olarkən yararsız hala düşmüşdür. Bu səbəbdən məhkəmə cavabdehin qeyd olunan hissədə etirazını əsaslı hesab etmir. Belə ki, həmin məhsul cavabdehə işlək vəziyyətdə verilmişdir. Məhsul yararsız vəziyyətə düşəndən sonra cavabdehə güzəştli əsaslarla digər telefonun verilməsi və cavabehin həmin (yeni) telefona görə ödənişlərini edib bitirməsi, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********34344 X1 10 S markalı telefon üçün ödənişin edilməməsinə əsas yaratmır. Ona görə ki, məhsulun yararsız vəziyyətə düşməsində iddiaçının təqsiri müəyyən edilmir.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 34.77 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Məcı̇ dov Hüseynbala Məcı̇ d oğlundan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 277.4 manat ödənilməmiş hissə və 27.6 manat cərimə, xx.xx.2021-ci il tarixli 614 manat ödənilməmiş hissə və 61 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 451.6 manat ödənilməmiş hissə və 45.4 manat cərimə olmaqla ümumilikdə 1477 manat borc və 34.77 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Məcı̇ dov Hüseynbala Məcı̇ d oğlundan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 277.4 manat ödənilməmiş hissə və 27.6 manat cərimə, xx.xx.2021-ci il tarixli 614 manat ödənilməmiş hissə və 61 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 451.6 manat ödənilməmiş hissə və 45.4 manat cərimə olmaqla ümumilikdə 1477 manat borc və 34.77 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar