Məhkəmə qərarları › İş №e-2(010)-3087/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3087/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3087/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 517 (beş yüz on yeddi) manat əsas borc, 50 (əlli) manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 587 (beş yüz səksən yeddi) manat pulun tutularaq kreditora ödənilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, İddiaçı MMC-nin direktoru X1 ilə borclu Cavabdeh arasında 21 iyun 2020-ci il tarixdə hissə-hissə ödəmək şərti ilə WTCN-008957 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh İddiaçı mağazasından ümumi nisyə dəyəri 517 (beş yüz on yeddi) manat olan Samsung A217 32 DS (İMEİ **********72566) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh 21.07.2020-ci il tarixdən başlayaraq hər ayın 21-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 43 (qırx üç) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri- 517 (beş yüz on yeddi) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətləri nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli əmri ilə borclu Cavabdeh 517 (beş yüz on yeddi) manat əsas borc, 50 (əlli) manat cərimə və 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 587 (beş yüz səksən yeddi) manat məbləğində vəsaitin kreditor “Vorld Telekom" MMC-nin xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh əmrə etiraz vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qərardadı ilə sonuncunun etirazı təmin edilmiş, məhkəmənin 2(010)- 3087/2021 nömrəli 08.05.2021-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və materiallara iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, o, iddiaçı İddiaçı mağazasından ümumi nisyə dəyəri 517 (beş yüz on yeddi) manat olan Samsung A217 32 DS (İMEİ **********72566) markalı mobil telefonu almamışdır. İddiaçı ilə bağlanmış 21 iyun 2020-ci il tarixli WTCN-008957 nömrəli alqı-satqı müqaviləsindəki imza ona məxsus deyil və onun tərəfindən icra olunmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə icraat təzələndikdən sonra məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, alınan məhsul onlayn sifariş olunduğundan cavabdehin ünvanına gətirildikdə oğlu tərəfindən imza olunub qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, onun iddiaçı təşkilatdan mobil telefon almadığını, müqavilədəki imzanın ona məxsus olmadığını iş üzrə verilmiş ekspert rəyi də təsdiq edir. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: - WTCN-008957 nömrəli 21.06.2020-cı il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "Vorld Telekom” MMC “Samsung A217 32 DS” markalı mobil telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 43 manat ödəməyi öhdəsinə götürmüşdür. "Vorld Telekom” MMC ilə Cavabdeh arasında bağlanmış WTCN-008957 nömrəli 21.06.2020-cı il tarixli girov müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən tərəflər arasında WTCN-008957 nömrəli 21.06.2020-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən “Samsung A217 32 DS” markalı mobil telefonu 517 manat məbləğdə avadanlığın dəyərinin ödənilməsini təmin etmək məqsədi ilə Girov qoyan onu təhvil verilmiş həmin əmlak, özündə saxlmaq şərtilə girov qoymuşdur. İddiaçı MMC-nin 04.04.2021-ci il tarixli Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən İddiaçı MMC müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. 03.05.2021-ci il tarixli 008957/21 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh 03.05.2021-ci il tarixə İddiaçı MMC-yə 517 manat məbləğdə əsas, 50 manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/160 nömrəli 27.08.2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş İddiaçı MMC ilə Cavabdeh Ərziman qızı arasında bağlanmış 21.06.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsində “Alıcı” qrafasında imza - Cavabdeh Ərziman qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbinin hüquqi əsasını müqavilədən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi təşkil edir. İddiaçı cavabdehlə aralarında bağlandığını iddia etdiyi 21.06.2020ci il tarixli müqaviləyə əsasən sonuncudan pul tələb edir. Lakin, iş üzrə verilmiş ekspert rəyindən müəyyən edilir ki, həmin müqavilədəki imza Cavabdeh tərəfindən icra edilməmişdir. Halbuki, Müqavilənin hər iki tərəf üçün müəyyən öhdəliklər yaratması üçün onun qanunla tənzimlənən qaydada bağlanması əsas şərtdir. Qanunvericinin tələblərinə əsasən müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı işdə isə, müqavilənin tərəfi kimi göstərilmiş Cavabdeh iradə ifadəsinin olması müəyyən edilmir. Odur ki, iddiaçının bağlanmamış müqaviləyə əsaslanaraq cavabdehdən hər hansı öhdəliyin icrasını tələb etməsi, öhdəliyin pozulmasına görə borcu tələb etməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdehin onun qarşısında müqavilə öhdəliyinin olmasını sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar