Məhkəmə qərarları › İş №e-2(010)-310/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-310/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-310/2024 09.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 682,75 (altı yüz səksən iki manat 75 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 293,23 (iki yüz doxsan üç manat 23 qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1005,98 (bir min beş manat 98 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində AK2/31232 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 799,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh həmin zərərdən 116,45 manat məbləğində ödəniş etmişdir. Belə ki, cavabdehin 682,75 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2022-ci ilin fevral-dekabr ayları üzrə 399,84 manat sərfiyyat borcu və limitdən əlavə 35,52 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-iyul ayları üzrə 292,28 manat sərfiyyat borcu və limitdən əlavə 0,32 manat sərfiyyat borcu, cəmi 727,96 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin fevral ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh 434,73 manat məbləğində ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 293,23 manat borcu (debitor borc) da qalmışdır. Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin Saldo-su üzrə ümumi 75,98 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə AKX-02657xx/xx-2020 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 0292871 saylı aktdan görünür ki, Suraxanı rayonu, Zığ qəs. ünvanına Cavabdeh ünvanında qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni rezin boru vasitəsi ilə istifadə edir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ünvan 3 ünvanında fərdi evdə (müəssisədə istixanada) «X2»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Abonentin saldosundan görünür ki, **********00000 saylı abonenti Cavabdeh 01.2021-ci ildən 09.2023-cü il tarixinə borcu 292,28 manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”

3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli. 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

5. Qazın dəyərinin ödəmə şərtləri. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi İddiaçı İB qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaya görə ona Cavabdeh tərəfindən vurulmuş 682,75 (altı yüz səksən iki manat 75 qəpik) manat məbləğində zərərin, eləcə də qaz sərfiyyatına görə yaranmış 293,23 (iki yüz doxsan üç manat 23 qəpik) manat debitor borcun cavabdehdən tutularaq ona ödənilməsini istəyir. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə zalında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulduğunu etiraf etmişdir. Məhkəmə xatırladır ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi, cavabdehin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması işin mübahisəsiz halıdır. Lakin, iddiaçı tərəfindən müəyyən edilən zərərin məbləğinə gəldikdə isə məhkəmə müəyyən edir ki, iddiaçı zərəri aşağıdakı qaydada hesablamışdır: qaz işlədicilərindən PQ3 üçün: maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (0.8x24x90=1728 m3), QSSQ üçün: maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (1.5x24x90=3240), dəmir soba üçün: maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (1.4x24x90=3024 m3). Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-3-cü bəndinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, vurulmuş zərər qaz işlədicilərindən PQ3 üçün: maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün (0.8x12x90=864 m3), QSSQ üçün: maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün (1.5x12x90=1620), dəmir soba üçün: maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün (1.4x12x90=1512 m3), cəmi 3996 m3 qaydada hesablanmalıdır. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, cavabdeh vurulmuş zərərə görə 116,45 manat ödəniş etmişdir. Cavabdehin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulduğuna görə iddiaçıya vurduğu zərərin ümumi məbləğinin 399,60 manat olmasını və cavabdeh tərəfindən 116,45 manat həcmində zərərin ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı yalnız 283,15 manat məbləğində zərərin ödənilməsini tələb edə bilər. İddia tələbinin ikinci hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, yuxarıda istinad edildiyi kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Hazırkı işdən görünür ki, tərəflər arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, bu müqaviləyə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə sərf etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə üzrə 293,23 (iki yüz doxsan üç manat 23 qəpik) manat manat məbləğində borcu yaranmışdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində İddiaçı İB-yə vurulmuş zərərə görə 283,15 (iki yüz səksən üç manat on beş qəpik) manat, qaz sərfiyyatı üzrə yaranmış debitor borca görə 293,23 (iki yüz doxsan üç manat 23 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-yə ödənilməlidir. iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə (iddia qiyməti 1.000 manatadək olduqda 30 manat) uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində İddiaçı İB-yə vurulmuş zərərə görə 283,15 (iki yüz səksən üç manat on beş qəpik) manat, qaz sərfiyyatı üzrə yaranmış debitor borca görə 293,23 (iki yüz doxsan üç manat 23 qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar