Məhkəmə qərarları › İş №e-2(010)-3123/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3123/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3123/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1256 manat borc məbləği, 126 manat cərimə və 33.82 manat məbləğində dövlət rüsumunun cəmi 1415.82 manat məbləğində borcun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında xx.xx.2021-ci il tarixli R0025120 nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya 12 ay müddətinə, 4008 manat dəyərində olan iPhone 13 Pro 256, Borofone E28 markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə 800 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 3208 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 1952 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2023-cü il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən İddiaçı MMC tərəfindən ona xx.xx.2023cü il tarixə 126 manat məbləğində cərimə hesablanmışdır. İş materialları. İş materiallarında olan R0025120 saylı xx.xx.2021-ci il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən, satıcı dəyəri 4008 manat olan iPhone 13 Pro 256, Borofone E28 markalı telefonu (malı) nisyə alğı-satqı şərtləri əsasında verir, alıcı isə aldığı əşyaya görə 800 manat məbləğində ilkin ödəniş edir və borclu olduğu qalıq 3208 manat məbləğində pulu müqaviləyə əlavə edilən “ödəniş cədvəli”nə əsassən hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, əmtəə (əşya) alıcıya təhvil verildiyi gündən etibarən hər ay müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş boc məbləğinin 0.3 % həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli R0025120 saylı kredit müqaviləsi üzrə 3208 manat əsas borcundan maliyyə arayışı tərtib edilən tarixə 1952 manat ödəniş etmiş 1256 manat əsas borcu, 126 manat cərimə borcu qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, Cavabdeh R0025120 saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcunu aylıq 268 manat ödəmək şərti ilə, 12 ay müddətinə ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli malların təhvil-təslim aktına əsasən iPhone 13 Pro 256, Borofone E28 markalı telefon (mal) Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 3 gün ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu Məcəllənin 23-1 fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5. Ərizəyə baxılması qaydası 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 3 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 33.82 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da, o, alğı-satqı müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində iddiaçıdan aldığı mala görə nisyə ödənilməli olduğu ödənişləri ödəməməklə, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Müqavilə üzrə tərəflər arasında cavabdeh öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh R0025120 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1256 manat əsas borc və 75 manat cərimə borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 33.82 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 233.1, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh R0025120 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1256 manat borc, 75 manat cərimə və 33.82 manat məbləğində dövlət rüsumu, cəmi 1331 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar