Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3140/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən onun himayəsində olan yetkinlik yaşına çatmayan qızı X2 üçün alimentin məbləği artırılaraq dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinə dəqiqləşmə verərək, Suraxanı rayon məhkəməsinin 29 okyabr 2014-cü il tarixli, 2(010)-4050/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 103 manat aliment məbləğinin artırılaraq 235 manat müəyyən edilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikaha xitam verilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 08 oktyabr 2015-ci il tarixdə 315 nömrəli qeyd aparılmışdır. Nikah pozulduqdan sonra cavabdehən 120 manat alimentin tutulması barədə məhkəmə tərəfindən qərar qəbul edilmişdir. İddiaçı bildirmişdir ki, təyin olunan aliment ödənilməsi vaxtı vaxtında icra edilmir, həmçinin, birgə nikahdan doğulmuş qızı X1 heç bir maddi kömək göstərilmir. Qızı orta məktəbdə təhsil alır və ona görə də xərcləri xeyli artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və artırılmışdır. Uşağın bütün qayğısını və ehtiyacını iddiaçı tək başına qarşılayır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment məbləği artırılaraq cavabdehdən tutulmalıdır. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, alimentin artırılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 241015 nömrəli xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 21 yanvar 2014-cü il tarixdə 207 sayla qeyd edilmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “Mediasiya Sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında MŞB/2-0237 nömrəli mediasiya işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 217963 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikaha xitam verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-cü il tarixində 315 nömrə ilə qeyd edilmiş, nikah ləğv edildikdən sonra arvada Manafova soyadı qaytarılmışdır. Suraxanı rayon Məhkəməsinin 2(010)-4050/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında 21 yanvar 2014-cü il tarixdə Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və 73 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahındda doğulmuş xx.xx.2014-cü ildə təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 06 iyun 2014-cü il tarixindən başlayaraq Cavabdeh hər ay 103 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından bir uşağı doğulmuş və bu uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı, uşaqlar üçün yaşayış minimumu artdığından, bu uşaqların saxlanılması üçün cavabdehdən alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-4050/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü ildə təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 06 iyun 2014-cü il tarixindən başlayaraq Cavabdeh hər ay 103 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-4050/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh birgə nikahdan anadan olmuş övladı xx.xx.2014-cü il təvəllüdlü X4 üçün 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 40.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Suraxanı rayon Məhkəməsinin 2(010)-4050/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh birgə nikahdan anadan olmuş övladı xx.xx.2014-cü il təvəllüdlü X4 üçün hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva