Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3140/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 7546.27 manat məbləğində əsas kredit borcu, 667.38 manat məbləğində faiz borcu və 135.28 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8348.93 məbləğində borcun və ödənilmiş 103.49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.75% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11300 manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3753.73 manat ödəniş etmiş və onun iddiaçıya 7546.27 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır.
Tərəflərin izahatları
3. İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
5. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh aylıq faiz dərəcəsi 1.75% olmaqla 48 ay müddətinə 11300 manat məbləğində kredit verilmişdir.
6. İş materiallarında olan Hesabdan çıxarışdan görünür ki, Cavabdeh ona təqdim edilmiş kredit vəsaitindən istifadə etmişdir.
7. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli Kredit Müqaviləsi üzrə 7546.27 manat əsas borc, 667.38 manat faiz borcu, 135.28 manat cərimə borcu olmaqla cəmi 8348.93 manat kredit borcu vardır.
8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli Kredit Müqaviləsi üzrə 7249.27 manat əsas borc, 891.98 manat faiz borcu, 251.72 manat cərimə borcu olmaqla cəmi 8392.97 manat kredit borcu vardır.
9. xx.xx.2025-ci il tarixli sonuncu maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli Kredit Müqaviləsi üzrə 7100.77 manat əsas borc, 1063.47 manat faiz borcu, 249.34 manat cərimə borcu olmaqla cəmi 8413.58 manat kredit borcu vardır.
10. İş matariallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə isə borcun ödənilməsilə bağlı qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
11. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini bildirərək sonuncu maliyyə arayışı üzrə yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmənin mövqeyi
13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
14. İş materiallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi əsasında Cavabdeh aylıq faiz dərəcəsi 1.75% olmaqla 48 ay müddətinə 11300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı işə əlavə edilən sənədlərlə və cavabdehin izahatı ilə təsdiq olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki idda tələbini irəli sürməkdə haqlı olmuşdur.
15. Lakin, bununla belə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı öz tələbində əvvəlcə məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına uyğun olaraq cavabdehdən 7546.27 manat əsas borc, 667.38 manat faiz borcu, 135.28 manat cərimə borcu olmaqla cəmi 8348.93 manat kredit borcu olduğunu qeyd etsə də, lakin daha sonra məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli sonuncu maliyyə arayışında həmin borc məbləğinin 7100.77 manat əsas borc, 1063.47 manat faiz borcu, 249.34 manat cərimə borcu olmaqla cəmi 8413.58 manat olduğunu qeyd etmiş və cavabdehdən sonuncu maliyyə arayışı əsasında borc məbləğinin tutulmasını xahiş etmişdir.
16. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı əvvəlcə əsas borc üzrə 7546.27 manat tələb etmiş, lakin daha sonra cavabdeh tərəfindən ödəniş olduğundan yeni maliyyə arayışı təqdim etməklə əsas borc məbləğinin 7100.77 manat olduğunu qeyd etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə sonuncu maliyyə arayışında göstərilən həcmdə əsaslıdır. Bununla belə, məhkəmə faiz borcuna münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi əvvəlcə iddiaçı məhkəməyə müraciət edərkən cavabdehdən faiz borcu üzrə 667.38 manat tutulmasını xahiş etmiş, lakin daha sonra təqdim etdiyi arayışda həmin faiz borcunun artaraq 1063.47 manat olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində tələb edilən faiz məbləği 667.38 manat olduğuna görə tələb də faiz borcuna aid hissədə yalnız tələb həddində təmin edilə bilər. Ona görə də, iddia tələbində qeyd olunan 667.38 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
17. Məhkəmə iş üzrə tələb edilən cərimə borcuna münasibətdə isə qeyd edir ki, iddiaçı əvvəlcə məhkəməyə müraciət edərkən cavabdehdən cərimə borcu üzrə 135.28 manat tutulmasını xahiş etmiş, lakin daha sonra təqdim etdiyi arayışda həmin cərimə borcunun artaraq 249.34 manat olduğunu bildirmiş və həmin məbləğin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində tələb edilən cərimə məbləği 135.28 manat olduğuna görə tələb də cərimə borcuna aid hissədə yalnız qeyd edilən həddə təmin edilə bilər. Ona görə də, iddia tələbində qeyd olunan 135.28 manat məbləğində cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 103.49 manat dövlət rüsumunun 99.03 manat hisəssi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə 7100.77 manat əsas borc, 667.38 manat faiz borcu, 135.28 manat cərimə borcu olmaqla cəmi 7903.43 manat pul vəsaiti və iş üzrə ödənilmiş 103.49 manat dövlət rüsumunun 99.03 manat hisəssi tutularaq ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7100.77 manat əsas borc, 667.38 manat faiz borcu, 135.28 manat cərimə borcu olmaqla cəmi 7903.43 manat pul məbləği tutularaq iddiaçı "İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 103.49 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 99.03 manat Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.