Məhkəmə qərarları › İş №e-2(010)-3154/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3154/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3154/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı- İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında xx.xx.2022-ci il tarixli, 345040-CNS-34869 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” bağlanılmış və illik 29 faiz hesablanması şərti ilə 24 ay müddətinə 1065 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Borclu şəxs Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və bunun nəticəsində cavabdehin banka 852,67 manat məbləğində əsas borc, 103,51 manat məbləğində faiz borcu, 92,40 manat məbləğində cərimə borcu, ümumilikdə 1048,58 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit “kredit alan” tərəfindən icra edildikdən sonra “Bank” tərəfindən “kredit alan”ın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kredit uçotu “Kredit alan”ın müvafiq ssuda hesabında aparılır. (2.9-cu bənd) Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

İddiaçının tələbi:

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 345040- CNS-34869 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”nə əsasən xx.xx.2023-cü il tarixinə banka borclu olduğu 852,67 manat məbləğində əsas borc, 103,51 manat məbləğində faiz borcu, 92,40 manat məbləğində cərimə borcu, ümumilikdə 1048,58 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,49 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

3. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.

İş materialları.

4. xx.xx.2022-ci il tarixli, 345040-CNS-34869 saylı Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən görünür ki, kreditor İddiaçı ASC tərəfindən kredit alan Cavabdeh 24 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 1065 manat məbləğində kredit verilmişdir.

5. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, 345040-CNS-34869 saylı kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 1065 manat, faiz borcuna görə 351,18 manat olmaqla, cəmi 1416,18 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

6. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ona 1065 manat məbləğində kredit verilməsi üçün bank əməliyyatlarının aparılması/istifadə edilməsi məqsədi ilə “Asan” Finans sistemindən bəzi məlumatların İddiaçı ASC-yə təqdim edilməsinə razılıq vermişdir.

7. İddiaçı ASC tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 1045 manat məbləğində pul vəsaiti verilmişdir.

8. İddiaçı ASC tərəfindən tərtib olunan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan hesabından çıxarışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 1065 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

9. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, 345040-CNS-34869 saylı nağd pul krediti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 852,67 manat əsas,103,51 manat faiz və 92,40 manat cərimə borcu vardır.

10. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli, 1128 P saylı pretenziyadan müəyyən olunur ki, bank borcluya xx.xx.2022-ci il tarixli, 345040-CNS- 34869 saylı krediti müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

11. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 30,49 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi.

14. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

15. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

16. Məhkəmə hesab edir ki, iddianın “92,40 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən 20 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2022-ci il tarixli, 345040-CNS-34869 saylı nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi üzrə 852,67 manat ödənilməmiş əsas məbləğ, 103,51 manat faiz borcu və 20 manat cərimə məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddia qismən təmin edildiyindən idda ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,49 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli, 345040-CNS-34869 saylı nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi üzrə 852,67 manat ödənilməmiş əsas məbləğ, 103,51 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 976,18 manat məbləğində pul və 30,49 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçının hesabına ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 345040-CNS-34869 nömrəli nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsinə əsasən 852,67 manat əsas, 103,51 manat faiz və 20 manat cərimə borcu olmaqla, cəmi 976,18 (doqquz yüz yetmiş altı manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 30,49 (otuz manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar