Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-317/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “krеdit müqaviləsi üzrə yaranmış bоrcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı ASC Cavabdeh qarşı “krеdit müqaviləsi üzrə yaranmış bоrcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 26 sentyabr 2019-cu il tariхli, 100821-108620\10 nömrəli güzəştli krеdit müqaviləsi üzrə 7563.54 manat məbləğində əsas bоrc və 78.84 manat faiz borcu оlmaqla, ümumilikdə 7642.38 manat və 96,83 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz, dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq, İddiaçı ASC ilə Əliyev Elçin Behbut oğlu arasında bağlanmış 26 sentyabr 2019-cu il tariхli, 100821-108620\10 nömrəli güzəştli krеdit müqaviləsinə əsasən, ona 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 7563.54 manat məbləğində krеdit vеrilmişdir. Əliyev Elçin Behbut oğlu tərəfindən banka sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə olmuş, həmin tarixdən sonra heç bir ödəniş aparılmamışdır. Əliyev Elçin Behbut oğlu 09 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Əliyev Elçin Behbut oğlunun vərəsələrinin olub-olmaması araşdırılarkən, məlum olmuşdur ki, Əliyev Elçin Behbut oğluna dair xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, Əliyev Elçin Behbut oğlunun vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən miras əmlakdan tam hissədə pay almışdır. Bundan sonra, Əliyev Elçin Behbut oğlunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. 21 avqust 2023-cü il tarixinə kredit müqaviləsi üzrə 7563.54 manat məbləğində əsas bоrc və 78.84 manat faiz borcu оlmaqla, ümumilikdə 7642.38 manat məbləğində kredit bоrcu yaranmışdır. Güzəştli krеdit müqaviləsinin şərtlərinə əsasən, borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Qanunvericiliyə əsasən, vərəsə borcunun kreditorlarının mənafelərini almış aktivdə payına mütənasib surətdə tam ödəməyə borcludur. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh bankdan pulu onun götürmədiyini və atasının pulu götürməsindən məlumatı olmadığını bildirmişdir. Atasının 2021-ci ildə vəfat etdiyini qeyd etmişdir. İş materialları. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, mərhum Əliyev Elçin Behbut oğlunun İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, 100821- 108620/10 nömrəli kredit müqaviləsi üzrə 7563,54 manat əsas, 78,84 manat faiz borcu olmaqla, cəmi 7642,38 manat məbləğində borcu vardır. İş materiallarında olan 100821-108620/10 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC – “Bank”, mərhum Əliyev Elçin Behbut oğlu– “Müştəri” olmaqla, bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bank müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün kredit verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. Kredit məbləği: 7563.54 manat. Kredit müddəti: 60 ay. İllik fazi dərəcəsi: 1%. İş materiallarında olan xx.xx.2019-cü il tarixli, LD********** (100821-108620/10) nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, mərhum Əliyev Elçin Behbut oğluna kredit illik 1 % və xx.xx.2019 tarixində 6.72 manat, xx.xx.2019-xx.xx.2020 tarixlərdə hər ay 6.30 manat, xx.xx.2020-xx.xx.2024 tarixində hər ay 160.81 manat, xx.xx.2024 tarixində 160.92 manat ödəmək şərti ilə 60 ay müddətinə verilmişdir. Kreditin güzəştli restrukturizasiyası üçün mərhum Əliyev Elçin Behbut oğlu tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Əliyev Elçin Behbut oğlu restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə illik 1 faizlə, 60 ay müddətinə, 7563.54 manat məbləğində güzəştli kreditin verilməsinə icazə verilməsini, kredit müddəti cari hesabına ödəniş cədvəli ilə müəyyən edilmiş məbləğdən artıq mədaxil etdiyi vəsaiti anuitet ödəniş məbləğinin azaldılması şərti ilə cari borcun silinməsinə yönətmələrini xahiş etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 226072 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Elçin Behbut oğlu xx.xx.2021-ci il tarixdə kəskin tənəffüs çatışmamazlığı səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 839 nömrə ilə qeyd edilmişdir. 16 aprel 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Elçin Behbut oğlunun vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Əliyev Elçin Behbut oğluna verilmiş **********13-05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57 kv/m , yaşayış sahəsi 35 kv/m, yardımçı sahəsi 22 kv /m olan otaqlı mənzildən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 100821- 108620/10 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 7 iş günü müddətində ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC və Əliyev Elçin Behbut oğlu arasında kredit müqaviləsi bağlanmış və ona 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə 7563,54 manat məbləğində kredit verilmişdir. Əliyev Elçin Behbut oğlu xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, onun adına olan miras əmlakları vərəsəlik şəhadətnamələri üzrə Cavabdeh adına keçirilmişdir. Qanunun tələbinə görə, Əliyev Elçin Behbut oğlunun malik olduğu əmlak vəzifələrinə, həmçinin, miras passivi olaraq banka olan borcları da daxildir. Həmin hüquqlar qanun üzrə vərəsəsi olan Cavabdeh keçdiyindən, o, (vərəsə) miras qoyanın kreditorlarına olan borcunu mütənasib hissədə ödəməyə borcludur. Vərəsə olan Cavabdeh, əgər ölənin borcları ona məlum idisə, mirasın açılması barədə kreditora məlumat verməli idi, lakin, o bu barədə iddiaçıya məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh aldığı miras aktivləri miras passivlərdən artıqdır. Lakin, o, iddiaçının müraciətinə baxmayaraq, kredit müqaviləsi üzrə ödənişləri aparmamış, bununla da, Cavabdeh hərəkətləri mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, mərhum Əliyev Elçin Behbut oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə güzəştli krеdit müqaviləsi üzrə 7563.54 manat məbləğində əsas bоrc və 78.84 manat faiz borcu оlmaqla, ümumilikdə 7642.38 manat tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 96,83 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26 sentyabr 2019-cu il tariхli, 100821-108620\10 nömrəli güzəştli krеdit müqaviləsi üzrə 7563.54 manat məbləğində əsas bоrc və 78.84 manat faiz borcu оlmaqla, ümumilikdə 7642.38 manat və 96,83 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhimdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-317/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-317/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver