Məhkəmə qərarları › İş №e-2(010)-3187/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3187/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3187/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “X1 Azərbaycan” QSC) Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 280.35 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları İddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. Daha sonra "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 280.35 manat məbləğində xidmət haqqı ödənilmişdir və hazırda həmin xidmət haqqı Cavabdeh tələb edilir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2017-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və xx.xx.2021-ci il tarixli, e-2(005)- 964/2021 saylı məhkəmə qətnaməsi çıxarılmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 1869 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 280.35 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən “Hüquqi xidmət haqqında” müqaviləsinin 5.1.1-ci bəndinə əsasən, yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 280.35 manat məbləğində xidmət haqqı ödəmişdir. “X1 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20-ci bənində qeyd edilmişdir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımı qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər “X1 Azərbaycan” QSC (Bank) və Cavabdeh (Müştəri) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən müəyyən olunur ki, bu müqaviləyə əsasən “Bank” “Müştəri”yə cari hesab açmağı, hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair “Müştəri”nin sərəncamlarını yerinə yetirməyi, “Müştəri” isə “Bank” tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(lar)ı ödəməyi öhdəsinə götürür. “X1 Azərbaycan” QSC (Bank) və "xxxx" MMC (Büro) arasında bağlanmış xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilədən müəyyən olunur ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən “Bank” qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 11896 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 280.35 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh həmin tarixə borcunun məbləği barədə məlumat verilmiş və borcun 5 (beş) iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Məcburi icra orqanları. 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırda iddiaçı Bank tərəfindən cavabdehdən tələb edilən pul tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən vaxtında icra edilməmiş öhdəliyə görə yaranmış borc məbləği deyil. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı bu borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və bu barədə qətnamə də qəbul edilmişdir (Həmin qətnamə iddia ərizəsinə əlavə edilməmişdir). Hazırda iddiaçı Bank tərəfindən cavabdehdən tələb edilən 280.35 manat məbləğində pul isə iddiaçı “X1 Azərbaycan” QSC-nin "xxxx" MMC-yə ödədiyini iddia etdiyi xidmət haqqıdır. İddiaçı Bank bu tələbini belə əsaslandırmışdır ki, “X1 Azərbaycan” QSC və "xxxx" MMC arasında hüquqi xidmət haqqında müqavilə bağlanmışdır və bu müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun ödənilməsinin təmin edilməsi "xxxx" MMC-yə sifariş edilmişdir. “X1 Azərbaycan” QSC və Cavabdeh arasında bağlanmış müqavilədə bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımı qaydada geri qaytarılmasına görə, Bankın kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalacağı təqdirdə kart sahibinin bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq etməsinə istinad edən iddiaçı Bank məhkəmə qətnaməsinin icra edilməsi üçün "xxxx" MMC-yə ödədiyi 280.35 manat məbləğində xidmət haqqını cavabdehdən tələb etmişdir. Məhkəmə isə iddia tələbi ilə razılaşmır. Belə ki, iddiaçı 280.35 manat məbləğində pulu cavabdehdən icra xərci kimi tələb edir və bu zaman cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin 4.20-ci bəndində borcalan tərəfindən öhdəliklərin lazımınca icra edilməməsi halında “icra tətbiqi”nin həyata keçirilməsi ilə bağlı xərclərin borcalan tərəfindən ödənilməsinin müəyyən edilməsinə istinad edir. Bununla bağlı məhkəmə ilk növbədə, müqavilənin 4.20-ci bəndinin mətnini olduğu kimi qeyd etməyi zəruri hesab edir: “Bu müqavilədən yaranan (irəli gələn) borcların “kart sahibi” tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, “kart sahibi” bununla bağlı Bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmətlə bağlı xərclər daxil olmaqla) Banka ödənilməsinin qəbulunu təsdiq edir”. Göründüyü kimi, müqavilədə həqiqətən “icra tətbiqini həyata keçirmək”dən bəhs edilmiş, bu halda Bank tərəfindən çəkiləcək bütün xərclərin kart sahibi (borcalan) tərəfindən ödənilməsi müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası qanunvericiliyində ümumiyyətlə, “icra tətbiqi” anlayışı yoxdur. Qanunvericilikdə yalnız məhkəmə qərarlarının məcburi icrası müəyyən edilmişdir ki, bunu da icra məmurları həyata keçirir. Belə ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (“İcra haqqında” Azərbaycan Respublikasının qanunu, mad.2.1). Yəni, əgər həqiqətən iddia ərizəsində qeyd edildiyi Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə hansısa məbləğdə pul tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmiş və bu qətnamə qanuni qüvvəsini almışdırsa, həmin qətnamənin icra edilməsi üçün aidiyyəti icra qurumuna yönəldilməsi və icra məmuru tərəfindən qətnamənin məcburi qaydada icra edilməsi üçün müəyyən tədbirlər görülməsi qanunla müəyyən edilmişdir. Bunun üçün tələbkar tərəfindən hansısa xidmət haqqı ödənilməsi tələb edilmir. Bununla belə, nəzərə alınmalıdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, mad. 390.1). Bu baxımdan iddiaçı “X1 Azərbaycan” QSC-nin "xxxx" MMC ilə bağladığı müqavilə qanuna zidd deyil. Yəni, “X1 Azərbaycan” QSC məhkəmə qətnaməsinin icra edilməsi üçün başqa bir hüquqi şəxslə xidməti müqavilə bağlamağı və bunun üçün müəyyən xidmət haqqı ödəməyi öz mənafeyinə uyğun hesab edirsə, bu cür müqavilə bağlamaqda sərbəstdir. Lakin bu müqavilə üçüncü şəxslərin (eləcə də hazırkı iş üzrə cavabdehin) mənafeyini pozmamalıdır. Nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş istənilən məhkəmə qətnaməsi icraya yönəldilir, icra məmuru tərəfindən qətnamənin məcburi icrası üçün icra hərəkətləri həyata keçirilir. Bu zaman icra sənədi üzrə borcludan müəyyən icra xərci tutulması istisna edilməsə də hansısa hüquqi şəxsin xeyrinə xidmət haqqı tutulmur. Bu mənada əgər iddiaçı heç bir xidmət haqqı ödəmədən icra məmuru tərəfindən məcburi icrasına nail ola biləcəyi qətnamənin hansısa hüquqi şəxsə xidmət haqqı ödəməklə icrasına nail olubsa, bu iddiaçı Bankın daxili məsələsidir. İddiaçı Bank heç bir zərurət olmadan, tamamilə könüllü şəkildə bağladığı müqavilə üzrə ödədiyi xidmət haqqını çəkilmiş zəruri icra xərci kimi cavabdehdən tələb edə bilməz. Belə ki, iddiaçı Bankın kredit müqaviləsi üzrə ödənilməmiş borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək, qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını tələbkar kimi tələb etmək hüququ olduğu kimi icra sənədi üzrə borclunun da müəyyən hüquqları (məsələn, icra sənədini könüllü icra müddəti ərzində icra edərək icra xərclərindən azad olmaq) var. Bu baxımdan iddiaçı Bankın bağladığı hüquqi xidmət müqaviləsi üzrə çəkdiyi xərclər cavabdehin bu hüquqdan məhrum edilməsi ilə nəticələnməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin "xxxx" MMC-yə ödədiyini iddia etdiyi 280.35 manat məbləğində pul nə zəruri məhkəmə (icra) xərci, nə də iddiaçı Banka dəymiş ziyandır. Bu baxımdan iddiaçı Bankın həmin pulu cavabdehdən tələb etməsi əsassızdır. Tərəflər arasında bağlanmış müqavilədə “icra tətbiqi xərclərinin borcludan tutulması”nın müəyyən edilməsi isə əhəmiyyətsizdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar