Məhkəmə qərarları › İş №e-2(010)-3197/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3197/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3197/2023 22.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə özünə fərdi yaşayış evi tikmək üçün "xxxx" ASC-dən illik 19 faiz olmaqla, 36 ay müddətinə 7050 manat kredit götürmüşdür. Eyni zamanda iddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2022ci il tarixli kredit xətti müqaviləsinə əsasən, İddiaçı 35 ay müddətinə, illik 25 faiz ödəməklə 400 manat məbləğində kredit xətti ayrılmış və buna müvafiq olaraq da iddiaçıya kredit kartı verilmişdir. Həmin ərəfədə mərhum ərinin tanışı olmuş Cavabdeh ona yaxınlaşaraq, işləmədiyini, özünü və ailəsini təmin etməkdə çətinlik çəkdiyini və özünə fərdi iş qurmaq üçün pula ehtiyacı olduğunu bildirmiş və iddiaçıdan qısa müddətə qaytarmaq şərtilə borca pul istəmişdir. İddiaçı cavabdehin müraciətini cavabsız qoymamış, bankdan kreditə pul götürdüyünü bildirmiş və əlində olan 7050 manat kredit məbləğini və eyni zamanda 400 manatlıq kredit kartını cavabdehə vermişdir. Pulu və kredit kartını əldə etdikdən bir neçə gün sonra cavabdeh borcu qaytarmaqda çətinlik çəkdiyini və kredit kartından olan vəsaitin hamısını məxaric etdiyini iddiaçıya bildirmiş və pulun qaytarılması üçün ona möhlət verilməsini İddiaçı xahiş etmişdir. İddiaçı bu dəfə də cavabdehə güzəştə getmiş və tərəflər razılığa gəlmişlər ki, "xxxx"a olan aylıq kredit ödənişlərini Cavabdeh ödəyəcəkdir. İddia ərizəsinə əlavə edilən 13873nkBKXb/22 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 260 manat, xx.xx.2022-ci il tarixdə 260 manat, xx.xx.2022-ci il tarixdə 260 manat, xx.xx.2022-ci il tarixdə 160 manat, xx.xx.2022-ci il tarixdə 100 manat və xx.xx.2022-ci il tarixdə 259 manat, ümumilikdə 1299 manat ödəniş etmişdir. Paralel olaraq cavabdeh tərəfindən 5013sBKXb/22 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 120 manat, xx.xx.2022-ci il tarixdə 5 manat, xx.xx.2022-ci il tarixdə yenidən 5 manat, xx.xx.2022-ci il tarixdə 5 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 120 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, ümumilikdə 790 manat ödəniş edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 5013sBKXb/22 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan o da görünür ki, Cavabdeh iddiaçıya məxsus kredit kartından xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 145 manat, xx.xx.2022-ci il tarixdə 320 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 10 manat və xx.xx.2023-cü il tarixdə 10 manat, ümumilikdə 1135 manat məxaric etmişdir. Göründüyü kimi, cavabdeh yanvar ayından etibarən ödənişləri həyata keçirməmiş, iddiaçının telefonlarına cavab verməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə iddiaçını çıxılmaz vəziyyətdə qoymuşdur. Belə ki, İddiaçı bank qarşısında borclu qalmış, həm kredit, həm də kredit xətti müqaviləsi üzrə yaranmış faiz borcunun daha da artmaması üçün qalıq kredit borclarını özü ödəməyə məcbur olmuşdur. Kredit kartı və kredit müqaviləsi üzrə ödənişlərin kəsilməsi barədə bankdan gələn xəbərdarlıqdan sonra İddiaçı ilk olaraq banka yaxınlaşıb kredit kartını bloka salmış, sonra hər iki kredit öhdəliyi üzrə aylıq ödənişləri özü öz vəsaiti hesabına həyata keçirməyə başlamışdır. İddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında baş tutmuş “Whatsapp” yazışmalarından göründüyü kimi, cavabdeh hər iki kredit öhdəliyi üzrə kredit məbləğinin ona verildiyini etiraf etmiş, 2023-cü ilin yanvar ayına kimi hər iki kredit öhdəliyi üzrə ödəniş etdikcə qəbzlərin şəkillərini iddiaçıya göndərmişdir. Eləcə də, cavabdeh “Whatsapp” proqramı vasitəsilə iddiaçıya dəfərlərlə səsli mesaj göndərmiş və borcu ödəyəcəyini dəfələrlə söz vermişdir. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında mövcud olan Whatsapp yazışmaları və cavabdehin səs yazıları təsdiq edir ki, iddiaçı "xxxx" ASC-dən götürdüyü həm 7050 manatlıq kredit məbləğini, həm də 400 manatlıq kredit kartını cavabdeh tam olaraq istifadə etmiş, cavabdeh hər iki kredit öhdəliyini ödəyəcəyini söz versə də, vədinə əməl etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh 13873nkBKXb/22 nömrəli kredit müqaviləsi üzrə indiyədək ümumilikdə 1299 manat ödəniş etmişdir. Kredit məbləği 7050 manat olmuş, 36 ay müddətinə verilmişdir. Ödəniş cədvəlindən görünür ki, banka qaytarılmalı olan ümumi məbləğ faizlərlə birgə 9303,17 manat təşkil etmişdir. Bu o deməkdir ki, 2023-cü ilin yanvar ayına kimi iddiaçının banka kredit müqaviləsi üzrə 9303,17 - 1299 = 8004,17 manat borcu qalmışdır. 5013sBKXb/22 saylı kredit xətti müqaviləsinə gəldikdə isə cavabdeh kredit kartındakı bütün vəsaiti məxaric etdiyindən iddiaçının banka kredit kartı üzrə borcu 400 manat, hər iki müqavilə üzrə 8004,17 + 400 = 8404,17 manat borcu yaranmışdır. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehdən tələb edir. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaq cavabdehin əməlində mövcud olan dələduzluq faktının araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət etsə də, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməldə cinayət tərkibinin olmadığını və mübahisənin mülki xarakterli olduğunu qeyd etmişdir. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş kredit müqavilələrindən, iddiaçı ilə cavabdeh arasında baş tutmuş “Whatsapp” yazışmalarından və cavabdehin səs yazılarından müəyyən olunur ki, həqiqətən də iddiaçı bankdan götürdüyü hər iki kredit məbləğini cavabdehin xahişi ilə ona vermiş, cavabdeh 2023-cü ilin yanvar ayına kimi hər iki kredit öhdəliyi üzrə ödənişlər həyata keçirmiş və sonradan öhdəliyi həyata keçirməkdən boyun qaçırmışdır.

İddiaçının tələbi.

2. Cavabdeh 8404,17 borc məbləğinin, eləcə də 240 manat vəkilə ödənilmiş xidmət haqqının və 106,45 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

4. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan, həqiqətən də, pul vəsaiti və 400 manatlıq kredit kartını borc almış və 2023-cü ilin yanvar ayına qədər vaxtlı-vaxtında banka ödənişləri etmişdir, amma sonradan maddi vəziyyəti pisləşdiyinə görə yanvar ayından ödənişləri edə bilməmişdir. O, birinci müqavilə üzrə qeyd edilən tələblə razıdır, amma ikinci müqavilə üzrə qeyd edir ki, o, müxtəlif vaxtlarda 300, 100 və 145 manat məbləğində kartdan pul məxaric etmişdir, kartdan məxaric edilən digər pul vəsaitini kimin məxaric etdiyindən xəbəri yoxdur. Ümumilikdə, iddia ərizəsində qeyd olunan bütün məbləği ödəməyə razıdır, amma yalnız hissə-hissə, yəni ən çoxu hər ay 200 manat ödəniş edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi.

İş materialları.

6. xx.xx.2022-ci il tarixli, 13873nkBKXb/22 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" KB ASC tərəfindən İddiaçı illik 19% ödəmək şərti ilə xx.xx.2025-ci il tarixədək 7050 manat məbləğində kredit verilmişdir.

7. xx.xx.2022-ci il tarixli, 13873nkBKXb/22 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, borcalan İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində əsas borca görə 7050 manat, faiz borcuna görə 2253,17 manat olmaqla, cəmi 9303,17 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür

8. İddiaçı xx.xx.2022-ci il tarixli, 13873nkBKXb/22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı hesabına 7050 manat məbləğində kredit mədaxil edilmiş; xx.xx.2022-ci il tarixdə 260 manat, xx.xx.2022-ci il tarixdə 260 manat, xx.xx.2022-ci il tarixdə 260 manat, xx.xx.2022-ci il tarixdə 160 manat, xx.xx.2022-ci il tarixdə 100 manat və xx.xx.2022-ci il tarixdə 259 manat olmaqla, ümumilikdə 1299 manat ödəniş edilmiş; əlavə olaraq, xx.xx.2023-cü il tarixdə 259 manat, xx.xx.2023-cü il tarixdə 260 manat, xx.xx.2023-cü il tarixdə 155 manat, xx.xx.2023-cü il tarixdə 101 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 261 manat məbləğində ödəniş edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, 5013sBKXb/22 nömrəli kredit xətti müqaviləsindən müəyyən olunur ki, "xxxx" KB ASC tərəfindən İddiaçı illik 25% ödəmək şərti ilə xx.xx.2025-ci il tarixədək 400 manat məbləğində kredit xətti açılmışdır.

10. İddiaçı xx.xx.2022-ci il tarixli, 5013sBKXb/22 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 120 manat, xx.xx.2022-ci il tarixdə 5 manat, xx.xx.2022-ci il tarixdə yenidən 5 manat, xx.xx.2022-ci il tarixdə 5 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 120 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 20 manat - ümumilikdə 790 manat ödəniş edilmiş; xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 145 manat, xx.xx.2022-ci il tarixdə 320 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 10 manat və xx.xx.2023-cü il tarixdə 10 manat - ümumilikdə 1135 manat məxaric edilmişdir.

11. İş əlavə edilmiş iddiaçı ilə Cavabdeh arasındakı “whatsapp” yazışmalarından müəyyən olunur ki, Cavabdeh “- ödədim çeki atdım ki, səndə qalsın... – deməyim odur ki, o pullar ödəniləcək qəpiyinə qədər amma belə sözlər demək lazım deyil...” sözlərini yazmışdır.

12. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, "xxxx" KB ASC-nin hesabına 13873nkBKXb/22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 101 və 155 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, ******* nömrəli müqavilə üzrə, xx.xx.2023-cü il tarixdə 261 manat, xx.xx.2023-cü il tarixdə 260 manat; ******* nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 18 manat, xx.xx.2023-cü il tarixdə 19 manat, xx.xx.2023-cü il tarixdə 18 manat məbləğində ödəniş edilmişdir.

13. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, xidmət haqqı üçün xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 120 manat ödəniş edilmişdir. İşdən görünür ki, İddiaçı vəkil Nümayəndəla xx.xx.2023-cü il tarixdə cinayət təqibində zərəçəkmişə hüquqi yardımın göstərilməsi barədə xx.xx.2023-cü il tarixdə 340 nömrəli müqavilə, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi vermək və iddiaçının hüquqlarının birinci instansiya məhkəməsində müdafiə olunması üçün xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır.

14. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə tərəfindən məhkəməyə ərizə verilərkən 106,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayin keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

18. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ona 7050 manat məbəğində kredit verilmişdir. Həmçinin eyni tərəflər arasında həmin tarixdə kredit xətti müqaviləsi bağlanmış və iddiaçıya 400 manat məbləğində kredit xətti ayrılmışdır. Bundan sonra cavabdeh pula ehtiyacının olmasını bildirərək, borc pul istəmiş, iddiaçı bankdan götürdüyü pulu və kredit kartını cavabdehə vermişdir. Sonra tərəflər banka olan kredit borcunu cavabdehin ödəməsi barədə razılığa gəlmiş və cavabdeh borcu banka ödəməyə başlamış və 2023-cü ilin yanvar ayına qədər banka 1299 manat pul ödəmişdir. Sonra cavabdeh ödəniş etmədiyi üçün iddiaçı bank qarşısında borclu olduğu üçün pulu özü ödəməyə başlamışdır. Ödəniş cədvəlindən görünür ki, banka qaytarılmalı olan ümumi məbləğ faizlərlə birgə 9303,17 manat təşkil etmiş, 2023-cü ilin yanvar ayına kimi iddiaçının banka kredit müqaviləsi üzrə 9303,17 - 1299 = 8004,17 manat borcu qalmışdır. 5013sBKXb/22 saylı kredit xətti müqaviləsi üzrə isə cavabdeh kredit kartındakı vəsaiti məxaric etdiyindən, iddiaçının banka kredit kartı üzrə borcu 400 manat, hər iki müqavilə üzrə 8004,17 + 400 = 8404,17 manat borcu yaranmışdır. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehdən tələb edir.

19. Hazırkı iş üzrə iddiaçı onun tərəfindən ödədiyi pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır.

20. Məhkəmə işin materiallarında olan tərəflər arasında olan yazışmaları və ödəniş qəbzlərini işin digər halları ilə yanaşı qiymətləndirərək cavabdehin iddiaçıya borcunun olmasının sübutu kimi qəbul edir.

21. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda borc məbləğini İddiaçı qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh İddiaçı borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir.

22. İddia tələbi digər tərəfdən ona görə təmin edilməlidir ki, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir.

23. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

24. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

25. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir.

26. Məhkəmə həmçinin, cavabdehin “kartdan məxaric edilən digər pul vəsaitini kimin məxaric etdiyindən xəbəri olmaması” barədə cavabdehin bildirdikılərinə münasibətdə qeyd edir ki, tərəflərin izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 2023-cü ilin yanvar ayına qədər mübahisəli kredit kartı cavabdehin istifadəsində olmuşdur. Buna görə də həmin vaxta qədər kartdan edilmiş çıxarışlar üçün cavabdeh məsuliyyətli olmuşdur.

27. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin “hüquqi yardım üçün 240 manat”a dair hissələrini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

28. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

30. Qeyd edilən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

31. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

32. Məhkəmə hesab edir ki, iddiaçının ona hüquqi yardım göstərilməsi ilə əlaqədar 240 manat məbləğində xərc çəkməsi sübut olunduğundan, iddia bu hissədə təmin edilməlidir.

33. Həmçinin, iddianın “işin məhkəməyə verilməsi üçün 106,45 manat dövlət rüsumunun cavabdehdən tutulması”a dair hissəsini araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi də təmin edilməlidir.

34. Belə ki, işdə olan qəbzdən görünür ki, iddiaçı işin məhkəməyə verilməsi üçün 106,45 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən işin məhkəməyə verilməsi üçün ödənilmiş 106,45 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməlidir.

35. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Məhkəmənin gəldiyi nəticə.

39. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 8404,17 manat məbləğində əsas borc, 240 manat hüquqi yadım üçün ödənilmiş xidmət haqqı və 106,45 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh 8404,17 (səkkiz min dörd yüz dörd manat on yeddi qəpik) manat məbləğində borc, 240 (iki yüz qırx) manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqı və 106,45 (yüz altı manat qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar