Məhkəmə qərarları › İş №e-2(010)-3215/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3215/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3215/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021cı il tarixdən yaranan 8.630 manat miqdarında qalıq borcun xx.xx.2021-ci il tarixədək hər gününə hesablanmış 1.5%-i miqdarında yəni 23.400 manat cərimə borcunun müəyyən edilməsi, hüquqi xidmət üçün ödənilmiş 500 manatin və 188 manat məbləğində dövlət rüsumunun, cəmi 32.718 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, rəhbərliyin humanistlik göstərərək iddia tələbinin azaldılaraq 23.400 manatdan 15.400 manat edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Şəxsi İstehsalat və Kommersiya Şirkəti ilə Cavabdeh arasında 25 iyun 2021-ci il tarixli "Alqı- Satqı Müqaviləsi" bağlanmışdır. Tərəflər arasında bağlanmış 25 iyun 2021-ci il tarixli "Alqı-Satqı Müqaviləsinə" əsasən, "birinci tərəf" yəni "xxxx" Şəxsi İstehsalat və Kommersiya Şirkəti "İkinci tərəf"in yəni Cavabdeh xx.xx.2021-ci il tarixli, 1512/21 saylı sifarişinə uyğun olaraq ümumi məbləği 8630 manat dəyərində olan ticarət avadanlıqlarını Alıcıya satır və Alıcı isə öz növbəsində alınan malların dəyərini 3 ay ərzində ödəyərək 25 sentyabr 2021-ci ildə tam ödəməyi öz öhdəsinə götürür. Lakin elə ilkin aylardan ödənişlər ödənilməmiş və 25 sentyabr 2021-ci il tarixdə tamam qurtarılmalı olan 8630 manat qalıq borc bu günki günə qədər ödənilməmişdir. Buda müqavilənin 3.1 bəndinə uyğun olaraq hər gecikilən günə görə ümumi dəyərin 1 faizi qədər cəriməsi 23.400 manat cərimə ilə birlikdə cəmi 32.030 manat məbləğində borc yaranmışdır. Hələ gecikdirilmiş 30 ay əvəzinə hümanistlik gostərərək 6 ayın cərimələri hesablanmışdır. Bu halda ödənilməyən hər gün üçün malın dəyərinin 1,5%-i məbləğində "birinci tərəf" tərəfindən cərimə hesablanır və "ikinci tərəf" malın dəyərinin qalan hissəsini hesablanmış faizlərlə birlikdə "birinci tərəfə" ödəməlidir. Məhkəmənin nəzərinə çatirırıq ki, keçən müddət ərzində "ikinci tərəf" 25 iyun 2021-ci il tarixli "Alqı-Satqı Müqaviləsinin" şərtlərini kobud şəkildə pozmuş və nəticədə şirkətə külli miqdarda ziyan vurmuşdur. Hal-hazırki dövrdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Alqı-Satqı Müqaviləsinin" 3.2-ci bəndinə əsasən faiz borcu ilə birlikdə şirkətə dəymiş ziyan 32.030 manat miqdarında müəyyən edilmişdir.

Tərəflərin izahatları.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, cavabdehlə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və 8630 manat məbləğində avadanlıqlar cavabdehə təhvil verilmişdir. Lakin Cavabdeh alınan malların dəyərini 3 ay ərzində qaytarılmalı olmasına baxmayaraq, pulu qaytarmamışdır. Bunun nəticəsində Cavabdeh 8630 manat məbləğində əsas borc və 6770 manat məbləğində cərimə borcu tələb edilir. Cavabdehdə dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq, borcu ödəmək niyyətində deyildir. Aldığı malların dəyərini 3 ay ərzində ödəyərək 25 sentyabr 2021-ci ildə tam ödəməyi öz öhdəsinə götürsə də, onun tərəfindən ödəniş edilməmişdir. Cərimə məbləğinin hesablanması qaydası tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, bundan sonra “Satıcı” adlanan Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı ŞİKS-nin (X1 Şirkəti) icraçı direktoru Əliyeva Rəhimə şəxsində, bir tərəfdən və bundan sonra “Alıcı” adlanan AZE ******** ASAN 2 Cavabdeh şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər (“Satıcı”, “Alıcı” birlikdə “Tərəflər” adlandırılacaq) Satıcı Alıcının, xx.xx.2021-ci il tarixli, 1512/021 saylı sifarişinə uyğun olaraq, ümumi məbləği 8.630 manat dəyərində olan ticarət avadanlıqlarını Alıcıya satır və Alıcı isə öz növbəsində alınan malların dəyərini 3 ay ərzində 25 sentyabr 2021-ci il tarixdə tam ödəməyi öz öhdəsinə götürür.

7. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, 25 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ŞİKŞ-dən almış olduğu ticarət avadanlıqlarının dəyərinin ödənilməmiş hissəsini təşkil edən 32.030 manat məbləğində pulu 10 gün müddətində İddiaçı ŞİKŞ-nın xəzinəsinə ödəməsini xahiş etmişdir.

8. Təhvil-təslim aktından görünür ki Cavabdeh tərəfindən Vitrin soyuducu Tufan model, Paket soyuducu, Stellaj Mago (4+1), İki-tərəfli stallaj Mago (4+1), Dayaq İki-tərəfli, Dayaq təkli, Başlıq Mago (4+1) təhvil alınmışdır.

İşin faktiki halları.

9. İşin hallarından görünür ki, xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı) alıcının (Cavabdeh), xx.xx.2021-ci il tarixli, 1512/021 saylı sifarişinə uyğun olaraq, ümumi məbləği 8.630 manat dəyərində olan ticarət avadanlıqlarını alıcıya satır və alıcı isə öz növbəsində alınan malların dəyərini 3 ay ərzində 25 sentyabr 2021-ci il tarixdə tam ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı tərəfindən qəbul edilmiş ticarət avadanlağının dəyərinin satıcıya alıcı tərəfindən ödənilməli olan qalan 8630 manat məbləğində olan pul vəsaitini ödəməyi öhdəsinə götürür. Əks halda vaxtında ödənilməyən hər gün üçün malın ümumi dəyərinin 1.5% məbləğində satıcı tərəfindən cərimə hesablanır və alıcı malın qalan hissəsini hesablanmış faizlərlə birlikdə satıcıya ödəməlidir. Bir aydan artıq ödəniş gecikdirilərsə satıcı vermiş olduğu malları heç bir ödəniş etmədən geri götürmək hüququndan da istifadə edə bilər.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi

Məhkəmənin mövqeyi.

13. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

14. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi iddiaçı Alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn və əşyanın verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı əşyanın pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə Alqı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 8630 manat ödənilməmiş hissənin tutulması barədə tələbi əsaslıdır, lakin tələb olunan cərimə yüksəkdir.

16. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə tələb olunan 6770 manat cərimə azaldılaraq 2000 manat müəyyən edilməlidir.

17. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsinin mövcudluğu ilə bağlı iddiaçı tərəfindən sübut təqdim olunmadığından iddia tələbi qismən təmin olunmalıdır.

Məhkəmə xərcləri.

18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 189 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8.630 manat qalıq borc, 2000 manat cərimə borcu olmaqla, cəmi 10630 manat məbləğində pul vəsaiti və iddia tələbi qismən təmin olunduğundan təmin olunmuş hissəyə münasibətdə 121,90 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. 20.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8.630 manat qalıq borc, 2000 manat cərimə borcu olmaqla, cəmi 10630 (on min altı yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 121,90 (bir yüz iyirmi bir manat, doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar