Məhkəmə qərarları › İş №e-2(010)-3223/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3223/2022

10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3223/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə 1111.9 manat, 196 manat cari borc və 36 manat qalıq borc olmaqla, ümumilikdə 1333.9 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və ödənilmiş 36.34 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1670.24 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşin iddia icraatına keçirilməsi.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 3223/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də xx.xx.2020-ci il tarixdə 03/1253 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00422 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”un 6.2-ci bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balansı və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətlərinin nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 885.6 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 226.3 manat olmaqla İddiaçı İB-yə ümumilikdə 1111.9 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdeh mexaniki sayğac üzrə faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın həcminə uyğun olaraq 495.6 manat (202.6+293) borcundan 309.6 manat ödəniş həyata keçirdiyindən hazırda İddiaçı İB-yə 186 manat cari borcu qalmışdır. Bununla yanaşı, yeni tarifə keçidlə əlaqədar olaraq cavabdehin 36 manat qalıq borcu qalmaqdadır. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda AGİS üzrə sitemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 1333.9 manat təşkil etməkdədir. Hazırda müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

İddia tələbinə etiraz.

4. Daha sonra, cavabdeh məhkəməyə iddia tələbinə etirazla müraciət edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinə etirazın əsaslandırıldığı hallar.

5. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən 1 nömrəli ünvanda fərdi yaşayış evi tikdirmişdir. Ev təmir olunmadığına görə o, ailə üzvləri ilə həmin evə köçüb yaşamamışdır. Ailə üzvləri ilə birlikdə məhz 2020-ci ilin aprel ayının sonuna yaxın köçüb həmin evdə yaşamağa başlamışdır. Bu yaxınlarda İddiaçı İB-nin əməkdaşları ona bildirmişlər ki, sayğac üzrə onun çoxlu borcu var. İddiaçı İB-nin BRQSD-nin Xəzər rayonu ərazi idarəsinə müraciət etmiş və orada ona məlum olmuşdur ki, İddiaçı İB-nin BRQSD-nin Xəzər rayon ərazi idarəsinin əməkdaşları gələrək ona xx.xx.2020-ci il tarixli, №0256597 nömrəli akta əsasən 885.6 manat cərimə və № ******* nömrəli akta əsasən 226.3 manat cərimə yazmışlar.

6. Hesab edir ki, İddiaçı İB-nin BRQSD-nin Xəzər rayonu ərazi idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, № ******* nömrəli və № ******* nömrəli aktlar onun iştirakı olmadan tərtib edildiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində yerləşən 1 nömrəli ünvanda fərdi yaşayış sahəsi tikdirmişdir. Tikdirdiyi ev yaşayış üçün təmir olunduğundan o, ailə üzvləri ilə həmin sözügedən yaşayış sahəsinə köçüb yaşaya bilməmiş və ailə üzvləri ilə birlikdə məhz 2020-ci ilin aprel ayının sonuna yaxın köçüb yaşamağa başlamışlar. İddiaçı BRQSD-nin Xəzər 3 saylı ərazi idarəsinin əməkdaşı gələrək qaz xəttini çəkmiş, sayğacı qısa müddətə gəlib qoşacağını bildirmiş, evdə yaşayış olmadığından qazdan istifadə olunmamışdır. İddiaçı BRQSD-nin Xəzər 3 saylı ərazi İdarəsinin əməkdaşı gəlib sayğacı qoşmamışdır. O, ailəsi ilə həmin sözügedən ünvana köçüb yaşamağa başlayarkən, yəni xx.xx.2020-ci il tarixdə əri İddiaçı BRQSD-nin Xəzər 3 saylı ərazi idarəsinə gedib sayğacın evə quraşdırılmasını istədikdə ona bildirilmişdir ki, qısa müddət ərzində sayğac əməkdaşlar tərəfindən quraşdırılacaqdır. İddiaçı İB BRQSD-nin Xəzər 3 saylı ərazi İdarəsinin əməkdaşları gələrək ailə üzvlərinin xəbəri olmadan akt tərtib edərək onu cərimələmişlər.

Tərəflərin izahatları.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəməyə teleqram vuraraq məhkəmədən işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini qəbul etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

9. İddiaçı və abonent Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 03-1253 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

10. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* №-li aktdan görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır.

11. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* №-li aktdan görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır.

12. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin iddiaçı tərəfindən təsdiq edilmiş surətindən görünür ki, cavabdehin təbii qazdan istifadə qaydalarını pozması nəticəsində İddiaçı İB-yə xx.xx.2020-ci il tarixli akt üzrə 8856 m3 zərər dəydiyi hesablanmışdır.

13. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin iddiaçı tərəfindən təsdiq edilmiş surətindən görünür ki, cavabdehin təbii qazdan istifadə qaydalarını pozması nəticəsində İddiaçı İB-yə xx.xx.2020-ci il tarixli akt üzrə 2263 m3 zərər dəydiyi hesablanmışdır.

14. **********00422 nömrəli abonentin (Cavabdeh) saldosundan görünür ki, 2020-ci ilin mart ayında abonentə 885.6 manat, aprel ayında 226.3 manat “qalıq və aktlar”a görə borc hesablanmışdır.

İşin faktiki halları.

15. İddiaçı İB və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmış və bu müqaviləyə əsasən İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Bundan sonra abonentin ünvanına İddiaçı tərəfindən **********00422 nömrəli abonent kodu verilmiş, qaz sayğacı quraşdırılmışdır. İddiaçının əməkdaşları tərəfindən abonentin istifadəsində olan qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə halları aşkar olunması barədə xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında İddiaçı İB-yə dəymiş zərər (1111.9 manat) hesablanmışdır. Həmçinin, İddiaçı İB Cavabdeh faktiki sərf edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə 186 manat, yeni tarifə keçidlə əlaqədar 36 manat qalıq borcu olduğunu iddia edərək, həmin borcları da cavabdehdən tələb etmişdir. Daha sonra, cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş evə 2020-ci ilin aprel ayının sonunda köçdüyünü, həmin tarixədək evdə heç kimin yaşamadığını, iddiaçının əməkdaşları tərəfindən qanunsuz olaraq, ona heç bir məlumat verilmədən müvafiq aktların tərtib edildiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə etmiş, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

5. Qazın dəyərinin ödəmə şərtləri. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması nəticəsində qazpaylayıcısı kimi iddiaçıya zərər dəyibsə, iddiaçı həmin zərəri cavabdehdən tələb etməkdə haqlıdır. Lakin bunun üçün ilk növbədə, bu zərərin həqiqətən cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş olduğu sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda iddiaçının üzərinə düşür.

21. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri).

22. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

23. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

24. İş materiallarından görünür ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərəri sübut etmək üçün iddiaçı tərəfindən məhkəməyə iddia edilən hər iki pozuntunun (qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma) aşkar edilməsi barədə aktlar, abonentin saldosu, bir ədəd fotoşəkil kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər dəydiyi nəticəsinə gəlmək mümkün deyil.

25. İlk növbədə ona görə ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş aktların heç biri istehlakçı tərəfindən imzalanmamış, istehlakçının adının qarşısına “imtina” yazılmışdır. Bundan əlavə, aktlar tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir.

26. İş materiallarına əlavə edilmiş fotoşəkilə münasibətdə məhkəmə qeyd edir ki, fotoşəkildə hansısa sayğacdan kənar qanunsuz qoşulma edildiyi görünür, lakin bu sayğacın cavabdehin yaşadığı evin sayğacı olduğu, sayğaca qanunsuz qoşulanın da məhz cavabdeh olduğu bir fotoşəkil əsasında sübut edilə bilməz.

27. Digər tərəfdən nəzərə alınmalıdır ki, iş üzrə cavabdeh iddiaya etirazında pozuntu aşkar edilən fərdi yaşayış evinə 2020-ci ilin aprel ayının sonunda köçdüyünü iddia etmişdir. Bunun davamı olaraq cavabdeh bu aktlardan birinin tərtib edildiyi 2020-ci ilin mart ayında ümumiyyətlə həmin evdə yaşamadığını, digər akt tərtib edilən zaman isə bundan məlumatı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, əgər qanunsuz qoşulma halı mötəbər sübutlarla təsdiq edilmiş olsa idi və cavabdeh aktlar tərtib edildiyi dövrdə həmin evdə yaşadığını qəbul etmiş olsa idi, məhkəmə sayğaca qanunsuz qoşulmanın yalnız ev sakinin mənafeyinə xidmət etdiyi məntiqi ilə bu qanunsuz qoşulmaları edənin məhz cavabdeh olduğu nəticəsinə gələ bilərdi. Lakin cavabdeh evə 2020-ci ilin aprel ayının sonunda köçdüyünü, köçdükdən sonra evə sayğac quraşdırılması üçün iddiaçıya müraciət etdiyini bildirmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, müqavilə həqiqətən 2020-ci ilin aprel ayının sonunda - xx.xx.2020-ci il tarixdə bağlanmışdır. İddia ərizəsində cavabdehlə “daha öncəki tarixlərdə, eləcə də xx.xx.2020-ci il tarixində” müqavilə bağladığını iddia edən iddiaçı isə bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, iş materiallarında olan abonentin saldosundan görünür ki, saldo 2020-ci il mart ayından sonrakı dövr üzrə borcları göstərir və 2020-ci ilin mart ayının əvvəli üçün borc 0 göstərilmişdir. 2020-ci ilin mart ayı üçün isə “qalıq və akt”a əsasən hesablanan sərfdən başqa qaz sərf edilməmiş, aprel ayında “qalıq və akt” əsasən hesablanan sərfdən başqa 110 m3 qaz sərf edilmişdir. Bu isə o deməkdir ki, cavabdehin müvafiq aktlar tərtib edildiyi dövrdə nəinki təbii qazdan istifadə qaydalarının təqsirli pozuntusunu törədərək iddiaçıya zərər vurması, həmin dövrdə həmin evdə ümumiyyətlə təbii qazdan istifadə edilmiş olması belə mübahisəlidir və sübuta yetirilməmişdir.

28. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəydiyi sübuta yetirilmədiyindən iddia dəymiş zərərə görə tələb edilən 1111.9 manat pul hissəsində əsassızdır. İddianın digər – sərfiyyata görə borc tələbi hissəsi isə qismən əsaslıdır.

29. Belə ki, yuxarıda da istinad edildiyi kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

30. Hazırkı işdən görünür ki, tərəflər arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, bu müqaviləyə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə sərf etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə üzrə 186 manat məbləğində borcu yaranmışdır.

31. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının 2020-ci və 2021-ci il üzrə sərf etdiyi təbii qazın məbləği 495.6 (202.6+293) manat, sərf etdiyi qaza görə ödədiyi ödəniş isə 309.6 (153.6+156) manat olmuşdur. Deməli, cavabdehin sərf etdiyi təbii qaza görə 186 (495.6-309.6) manat borcu qalmışdır. Bu hissədə məhkəmə qeyd edir ki, iddia tələbində cavabdehdən hər nə qədər cari borc kimi 196 manat məbləğində pul tələb edilsə də iş materiallarından cavabdehin 186 manat məbləğində borcu qaldığı müəyyən edilir. Odur ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 186 manat məbləğində cari borc tutularaq iddiaçıya ödənilməlidir.

32. Eyni zamanda iddiaçı cavabdehdən yeni tarifə keçidlə əlaqədar olaraq 36 məbləğində manat qalıq borcun tutulmasını da xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir.

33. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, 2021-ci ilin aprel ayı üçün “sərfin məbləği” qrafasında 36.8 manat, “yeni tarifə keçid” qrafasında 36 manat borc yazılmışdır. Yenə saldodan görünür ki, 2021-ci ilin ilk üç ayında abonent Vəfa Namazovanın ümumi qaz sərfi 2192 (875+605+712) m3 olmuş, aprel ayında isə əlavə 368 m3 qaz sərf olunmuşdur.

34. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tarifinə əsasən illik istehlak həcminin 1500 m3-dək olan hissəsi üçün tarif 100 (manat/min m3), illik istehlak həcminin 1500 m3dən çox olan hissəsi üçün tarif 200 (manat/min m3) müəyyən edilmiş, Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli, 19 nömrəli qərarına əsasən “1500 m3” “1700 m3” ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2019-cu il tarixli, 2 nömrəli qərarı ilə “1700 m3” “2200 m3” ilə əvəz edilmişdir.

35. Yəni, 2021-i ilin ilk yarısı (xx.xx.2021-ci il tarixində tariflərdə növbəti dəyişiklik edilmişdir) təbii qazın ölkədaxili tarifinə əsasən illik istehlak həcminin 2200 m3-dək olan hissəsi üçün tarif 100 (manat/min m3), illik istehlak həcminin 2200 m3-dən çox olan hissəsi üçün tarif 200 (manat/min m3) müəyyən edilmişdir.

36. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent ilin ilk üç ayında 2192 m3 qaz sərf etmiş, dördüncü ayında isə 2200 m3-lik istehlak limitini aşmış, 368 m3 qaz sərf etmiş, bununla da ilin ilk dörd ayında cəmi 2560 m3 qaz sərf etmişdir. İddiaçı İB də aylar üzrə qaz sərfinə uyğun olaraq ilin ilk üç ayı üçün Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının həmin dövr üçün illik istehlak həcminin 2200 m3dək olan hissəsinə görə müəyyən etdiyi tarifə uyğun olaraq (1 m3-ə 10 qəpik hesabı ilə) borc hesablamış, dördüncü ayda sərf edilmiş 368 m3 qazın 8 m3-nə də həmin tarifi tətbiq etmiş (0.8 manat), 2200 m3-i aşan hissəyə - 360 m3-nə isə yeni tarifi (1 m3-ə 20 qəpik) tətbiq edərək cəmi 72.8 manat borc hesablamış, bu borcun 36.8 manatını “sərfin məbləği”, 36 manatını isə “yeni tarifə keçid” qrafasında göstərmişdir. Bundan sonrakı 2021-ci ilin qalan aylarında da hesab yeni tarifə uyğun aparılmışdır.

37. Beləliklə, saldoda 2021-ci ilin aprel ayı üçün “yeni tarifə keçid” qrafasında yazılmış 36 manat borc, abonentin həmin ay sərf etdiyi təbii qazın həmin dövr üçün istehlak həcminə uyğun hesablanmış borcdur və iddiaçı həmin borcu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, sərf etdiyi təbii qaza görə ödəniş etmək cavabdehin öhdəliyidir. Lakin o, öhdəliyini lazımınca icra etməmişdir. Odur ki, iddiaçı həmin borcu da cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

38. Hüquqi yardım üçün nəzərdə tutulmuş 300 manat məbləğində pula münasibətdə məhkəmə bildirir ki, bununla bağlı iddia ərizəsinə heç bir sübut (qəbz, hesabdan çıxarış və s.) əlavə olunmamışdır. Bu səbəbdən iddia bu hissədə təmin edilə bilməz.

Məhkəmə xərcləri.

39. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 36.34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) uyğun olmuşdur.

40. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (222 manat) mütənasib olan hissəsi, yəni 30 manat (iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

41. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 186 manat cari borc, 36 manat qalıq borc olmaqla, ümumilikdə 222 (iki yüz iyirmi iki) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

42. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 186 manat cari borc, 36 manat qalıq borc olmaqla, ümumilikdə 222 (iki yüz iyirmi iki) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı İB-yə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar