Məhkəmə qərarları › İş №e-2(010)-325/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-325/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-325/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 374.30 manat məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri

2. İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində “Kartmane-debit kart” müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə bank kartı verilmiş və **********0944-598797 saylı kart hesabı açılmışdır. Müştəri tərəfindən xx.xx.2022-xx.xx.2022-ci ilə qədər etdiyi CİB Wolt ödənişlərinin silinməsi 33 gündən sonra gəldiyi üçün, müştəri silinmə gəlmədən 390.67 manat istifadə edib. Müştəri artıq vəsaiti istifadə etdiyindən 374.30 manat overdraft borcu yaranmışdır. Bankın “Nizami” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2023-cü il tarixli, xx-xx/2239 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 374.30 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla bankımıza maddizərər vurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, Öhdəliyinzərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehnın 374.30 manat məbləği qanunsuz olaraq özündə saxlayıb banka verməmişdir. Bu səbəbdən əlavə olaraq Cavabdeh banka çatası pulu qanunsuz saxladığı üçün 374.30 manat pul ödəməlidir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları

5. xx.xx.2022-ci il tarixli İddiaçı ASC-nin şəxsi plastik kartların alınmasına və istifadəsinə dair ərizənin surətindən görünür ki, Cavabdeh 1 ədəd plastik kartı almaq üçün iddiaçı banka müraciət etmişdir.

6. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan Müqavilənin Ümumi şərtləri üzrə xx.xx.2022-ci il tarixli, KMP-00598797- 477171\22 saylı Razılaşmadan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kart tipi Debet olan, 60 ay müddətinə Visa növlü plastik kart verilmişdir.

7. xx.xx.2023-cü il tarixli xx-xx/2022 nömrəli arayışdan görünür ki, Cavabdeh CİB Wolt ödənişlərinin silinməsi 33 gündən sonra gəlib və müştəri silinmə gəlmədən 390.67 azn istifadə edib və overdraft borcu yaranıb. Cavabdeh xx.xx.2023-cü il tarixinə 374.30 manat overdraft borcu vardır.

8. xx.xx.2023-cü il tarixli xx-xx/2022 nömrəli bildiriş məktubundan görünür ki, cavabdehə 3 təqvim günü müddətində banka olan borcun ödənilməsi haqqında xəbərdarlıq edilmişdir.

9. Kart hesabından çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2023-cü il dövrü üzrə Cavabdeh oğunun kart hesabı üzrə cari qalıq - 377.84 manat olmuşdur

İşin faktiki halları.

9. İşin faktiki halları ondan ibarətdir ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Rabitəbank ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində “Kartmane-debit kart” müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə bank kartı verilmiş və kart hesabı açılmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında CİB Wolt ödənişlərinin silinməsi 33 gündən sonra gəldiyi üçün, müştəri silinmə gəlmədən 390.67 manat istifadə edib. Müştəri artıq vəsaiti istifadə etdiyindən 374.30 manat overdraft borcu yaranmışdır. Tələbin faktiki əsası kimi kart hesabından çıxarışa istinad edilir. Tələbin hüquqi əsaslandırmasını əsassız varlanma hallarını tənzimləyən maddi hüquq normaları təşkil edir. Cavabdeh tərəf tələbə münasibət bildirməmişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4.öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Məhkəmənin mövqeyi.

12. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

13. Belə ki, overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur

14. İşin araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı Rabitəbank ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində “Kartmane-debit kart” müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə bank kartı verilmiş və kart hesabı açılmışdır. İşə əlavə edilmiş xx.xx.2022-xx.xx.2023-cü il aralıqlarını əhatə edən kart hesabından çıxarışa nəzər saldıqda görünür ki, hesaba olan mədaxil və məxariclərin insbətində -377.84 manat cari qalıq yaranmışdır. Beləliklə, cavabdeh artıq vəsaiti istifadə etdiyindən 374.30 manat overdraft borcunun yaranması halı təsdiq edilir.

15. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı tərəfindən xidmət edilən plastik kart vasitəsilə apardığı əməliyyatlar zamanı texniki overdraft halının baş verməsi təsdiq edildiyindən, əsassız varlanma hallarını tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının cavabdehə qarşı hazırkı tələbi əsaslıdır. Tələb edilən məbləğin həcminə gəldikdə isə, işə əlavə edilmiş bank sənədlərindən tələb edilən məbləğdə borcun yaranması halı təsdiq olunur.

Məhkəmə xərcləri.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “AR Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur və hazırda qeyd edilən məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İddia tələbi əsassız varlanma ilə bağlı hissədə tam təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 374.30 manat məbləğində pul və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutulmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 374.30 manat pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu pul tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar