Məhkəmə qərarları › İş №e-2(010)-3264/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3264/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3264/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18553 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18553 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 456 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir)-i həcmində 114 ABŞ dolları cərimə, cəmi 570 ABŞ dolları və 30 manat dövlət rüsumu pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18553 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 456 ABŞ dolları olan «Samsung A235 6-128 gb black» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18553 saylı nisyə alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixində zamin durmuşdur. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

Tərəflərin izahatları

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, VİP18553 saylı müqavilə və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 456 ABŞ dolları məbləğində «Samsung A235 6-128 gb black» markalı 1 (bir) ədəd mobil telefon almış və həmin məbləği ödəniş qrafikinə uyğun 12 ay müddətində İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

6. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx.xx.2022-ci il tarixli, VİP18553 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icrası ilə əlaqədar olaraq satıcı qarşısında zamin durmuşdur.

7. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, VİP18553 saylı müqavilə üzrə 456 ABŞ dolları əsas (qalıq) borc və 114 ABŞ dolları cərimə borcu olmaqla cəmi 570 ABŞ dolları borcu vardır.

8. xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, VİP18553 saylı müqavilə üzrə ümumi 512 ABŞ dolları və 30 manat borcu vardır.

İşin faktiki halları

9. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, VİP18553 saylı müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə «Samsung A235 6-128 gb black» markalı telefon təqdim edilmiş və o, həmin məhsulun dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, digər Cavabdeh2 ilə həmin nisyə alqısatqı müqaviləsinin təminatı olaraq xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Hazırda iddiaçı cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini bildirərək qalıq borc məbləği və ona hesablanan cərimə pulunun ödənilməsini tələb edir. Cavabdehlər tərəfindən iddia ərizəsinə dair etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı

Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

Məhkəmənin mövqeyi

12. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

13. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı nisyə alqı-satqı və zaminlik müqavilələri bağlanmışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan məhsulu Cavabdeh1 vermişdir. Cavabdeh isə borclu olduğu məbləği ödəniş qrafikinə uyğun 12 ay müddəti ərzində ödəməyi öhdəsinə götürsə də, lakin həmin öhdəliyi icra etməmişdir. Eyni zamanda, iş materiallarından göründüyü kimi iş üzrə digər Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi imzalanmış, lakin o da öz öhdəliyinin icrasını yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqavilə üzrə nəzərdə tutulan borc məbləğini cavabdehlərdən tələb etməkdə haqlıdır.

14. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən tələb olunan 114 ABŞ dolları cərimə məbləğinə münasibətdə isə qismən əsaslıdır.

15. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə əsas borca münasibətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 30 ABŞ dolları həddində müəyyən edilməlidir. Məhkəmə qeyd edilən məbləği tərəflərin hüquq və mənafeləri, eləcə də, əsas borcun məbləği baxımından ədalətli hesab edir. frr

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Yusı̇ fov Taleh Valeh oğlu və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 456 ABŞ dolları əsas borc və 30 ABŞ dolları cərimə borcu olmaqla cəmi 486 ABŞ dolları borc vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Yusı̇ fov Taleh Valeh oğlu və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 456 ABŞ dolları əsas borc və 30 ABŞ dolları cərimə borcu olmaqla cəmi 486 ABŞ dolları borc vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar