Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3289/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 812.33 manat məbləğində kredit borcu, 267.87 manat məbləğində faiz borcu və 576.91 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1657.11 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli, 027L**********53 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 027R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 027R**********S saylı, xx.xx.2020-ci il tarixli, 027R**********SA saylı sazişlə razılamaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit üzrə faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 1687.67 manat ödəmiş, onun 812.33 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1.-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditorə qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 544 gün üçün hesablanmış faiz borcu 267.87 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 544 gün üçün hesablanmış cərimə 576.91 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun öhdəliklərini icra etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 027L**********53 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank Kredit Alana 50000 (əlli min) ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 027L**********53 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli redit razılaşmasından görünür ki, Bank məbləği 2500 manat olan krediti aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 18 ay müddətinə kredit alana verir, Kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin Əliyev X1 Cavabdeh2 və Kreditor İddiaçı QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Zamin kimi Bank qarşısında tam məsuliyyəti üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 027R**********S saylı sazişdən görünür ki, Bank ilə Kredit alan arasında xx.xx.2018-ci il tarixli, 027L**********53 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış Kredit razılaşması əsasında Kredit alan Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. xx.xx.2020-ci il tarixli ödəniş planından görünür ki, tərəflər ödəniş planını öz imzaları ilə təsdiq etmişlər. Bu plana görə xx.xx.2020 – xx.xx.2021-ci il tarixləri arasında aylıq 170 manat (ilk iki ay 27.66 manat və 31.72 manat, sonuncu ay 168.39 manat) ödəniş edilməsi təsdiq edilmişdir. Həmin ödəniş planı üzrə gecikməyə görə gündəlik cərimə kredit qalığının 0.1 %-i miqdarında müəyyən edilmişdir. İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 027R**********SA saylı sazişdən görünür ki, Bank ilə Kredit alan arasında xx.xx.2018-ci il tarixli, 027L**********53 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış Kredit razılaşması əsasında Kredit alan Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. xx.xx.2020-ci il tarixli ödəniş planından görünür ki, tərəflər ödəniş planını öz imzaları ilə təsdiq etmişlər. Bu plana görə xx.xx.2020 – xx.xx.2021-ci il tarixləri arasında aylıq 170 manat (ilk iki ay 0 və 27.18 manat, sonuncu ay 192.75 manat) ödəniş edilməsi təsdiq edilmişdir. Həmin ödəniş planı üzrə gecikməyə görə gündəlik cərimə kredit qalığının 0.1 %-i miqdarında müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit razılaşmasına əsasən yaranmış borcu ödəmələri barədə xəbərdarlıq edilmiş, borcun ödənməyəcəyi təqdirdə hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə banka əsas məbləğ üzrə 812.23 manat, faiz üzrə borc 267.87 manat, cərimə borcu üzrə 576.91 manat, cəmi 1657.11 manat məbləğində borcu qalmışdır. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixinə banka əsas məbləğ üzrə 752.27 manat, faiz üzrə borc 65.17 manat, cərimə borcu üzrə 178.28 manat, cəmi 995.72 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi kredit məbləği üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas və faiz borcuna münasibətdə qanuni və əsaslı olsa da iddia dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 576.91 manat məbləğində cərimə tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyil və tənаsübsüz surətdə yüksəkdir. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehin öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа onun mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 40 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğun hesab oluna bilər. Məhkəmə, həmçinin qeyd edir ki, hazırkı müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik çıxış edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borc tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Həmçinin, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 812.33 manat əsas borc, 267.87 manat faiz borcu, 40 manat cərimə olmaqla, cəmi 1120.2 manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu (36.58 manat məbləğində) ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianən təmin edilmiş hissəsinə mütənasib olan 31.2 manat (otuz bir manat iyirmi qəpik) məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 812.33 manat əsas borc, 267.87 manat faiz borcu və 40 manat cərimə olmaqla, cəmi 1120.2 manat (min yüz iyirmi manat iyirmi qəpik) məbləğində pul və 31.2 manat (otuz bir manat iyirmi qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-3289/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3289/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver