Məhkəmə qərarları › İş №e-2(010)-329/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-329/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-329/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2340 (iki min üç yüz qırx) manat əsas məbləğ və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 420 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi "Hyundai Elantra" markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini günlük 40 (qırx) manat, ümumi 2440 (iki min dörd yüz qırx) manat ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş, 2340 (iki min üç yüz qırx) manat pul məbləği ödənilməmiş saxlanılmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilsə də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 420 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi "Hyundai Elantra" markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini günlük 40 (qırx) manat, ümumi 2440 (iki min dörd yüz qırx) manat ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir. Avtomobil cavabdehə təhvil verilmiş, lakin cavabdeh tərəfindən cəmi 100 manat ödəniş edilmiş, qalan 2340 manat məbləğində icarə haqqı ödənilməmişdir. Cavabdehə bununla bağlı pretenziya göndərilmiş, lakin həmin məbləğ onun tərəfindən ödənilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

İş materialları.

5. İş materiallarında əlavə edilmiş əlavə edilmiş "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli Pretenziyanın məzmunundan görünür ki, Cavabdeh mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. 6.İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nə 100 manat ödəniş etmiş, 2340 manat icarə haqqı ödənilməmiş və borcu qalmışdır. 7.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 8.İş materiallarına əlavə olunmuş 420 saylı Avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, «İcarəyə verən» "xxxx" MMC mülkiyyət hüququ ilə ona məxsus olan 2014-cü il buraxılışlı "Hyundai Elantra" markalı avtomobili bir sutkası üçün 40 manat olmaqla «İcarədar» Cavabdeh istifadəsinə vermişdir. Müqavilə xx.xx.2022-ci il saat 19:01dan xx.xx.2022-ci il saat 19:01-dək qüvvədədir. 9.İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Avtonəqliyyat vasitəsinin təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan "Hyundai Elantra" markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı, 5NPDH4AEXEH542096 ban nömrəli, qara rəngli avtomobil Cavabdeh təhvil verilmiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır.

İşin faktiki halları.

10. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 420 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi "Hyundai Elantra" markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini günlük 40 (qırx) manat, ümumi 2440 (iki min dörd yüz qırx) manat ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir. Avtomobil cavabdehə təhvil verilmiş, lakin cavabdeh tərəfindən cəmi 100 manat ödəniş edilmiş, qalan 2340 manat məbləğində icarə haqqı ödənilməmişdir. Cavabdehə bununla bağlı pretenziya göndərilmiş, lakin həmin məbləğ onun tərəfindən ödənilməmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmış və "Hyundai Elantra" markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 40 (qırx) manat, ümumi 2440 (iki min dörd yüz qırx) manat ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehə icarəyə verilmişdir. Cavabdeh tərəfindən avtomobil təhvil alınmış və lakin icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş və icarə müqaviləsi üzrə yaranmış 2340 manat pul məbləği ödənilməmişdir.

15. Məhkəmə hesab edir ki, iddiaçı həmin pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış həqiqi müqavilə - icarə müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş, avtomobili təhvil alaraq əmlakdan istifadə etmiş, lakin müqavilə üzrə razılaşdırılmış məbləği ödəməmişdir.

Məhkəmə xərcləri.

16. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, ödənilmiş bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (10000 manat) mütənasib olmuşdur.

17. Odur ki, iddia təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə (10000 manat) mütənasib olan ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, avtomobil mülkiyyətçi tərəfindən cavabdehə bir gün üçün 40 manat hesablanmaqla icarəyə verildiyindən və cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən hesablanmış 2340 manat icarə haqqı Cavabdeh tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməlidir.

19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 2340 (iki min üç yüz qırx) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar