Məhkəmə qərarları › İş №e-2(010)-3302/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3302/2023

16.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3302/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borcun 50 faizini, yəni 3200 manatını, 4800 manat dəymiş ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun tutulub ona (fiziki şəxs İddiaçı) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 23580 manat dəyrində “Audi Q7” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobilin dəyərini 36 ay müddətinə hər ay 655 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 2950 manat ödəniş etdikdən sonra, müqavilə şərtlərini kobud surətdə pozaraq bir daha ödəniş etməmişdir. xx.xx.2023-cü il tarixdə avtomobildə olan GPS qurğusunun köməyi ilə mühərrik çıxarılmış vəziyyətdə duracaqdan tapılaraq geri qaytarılmışdır. Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılsa da, o avtomobilin sənədləri və açarını verməkdən boyun qaçırmış və bu günə kimi avtomobilə dəymiş ziyanla bağlı danışıqlar üçün gəlməmişdir. Belə ki, Müqavilənin 11-ci bəndinə əsasən avtomobil geri alındıqda hər gün üçün avtomobilin ümümi dəyərinin 0.2% miqdarında amortizasiya xərci ödənilməlidir ki, bu da ümümilikdə 200 gün üçün 9400 manat təşkil edir. Həmin tarixə Cavabdeh fiziki şəxs İddiaçı müqavilənin 11-ci bəndinə əsasən 6450 manat ödənilməmiş borcu, avtomobilin yararlı vəziyyətə gətirilməsinə çəkilmiş xərc olan 4800 manat dəymiş ziyanla bağlı borcu yaranmışdır. Cavabdeh dəfələlərlə telefon vasitəsi ilə xəbərdar edilməsinə baxmayaraq, bu günə kimi borcunu ödəməkdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 11/2022 nömrəli Daşınar Əmlakın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı mink avtomobili 36 ay müddətinə hər ay 655 manat ödəniş etmək şərti ilə 23580 manata Cavabdeh satmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı mülkiyyətində olan, buraxılış ili 2008-ci il, Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş qüsur aktından müəyyən olunur ki, 2008-ci il, “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 4800 manat zərər dəymişdir. İş materiallarına əlavə edilmiş ödəniş çeklərindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 650 manat, xx.xx.2022-ci il tarixdə 660 manat, xx.xx.2022-ci il tarixdə 525 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 80 manat və xx.xx.2023-ci il tarixdə 400 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 11/2022 nömrəli Daşınar Əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı mink avtomobili 36 ay müddətinə hər ay 655 manat ödəniş etmək şərti ilə 23580 manata Cavabdeh satmışdır. İddiaçı mülkiyyətində olan, buraxılış ili 2008-ci il, Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. Sonradan həmin avtomobil təmir olunmuş və təqdim olunmuş qüsur aktından müəyyən olunur ki, 2008-ci il, “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 4800 manat zərər dəymişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarında qeyd olunur ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2.-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Bu Məcəllənin 144.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1.1. bəndinə əsasən bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınırlar. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin formasına riayət olunmamış və həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Buna görə də məhkəmə hesab edir ki, həmin əqd üzrə cavabdehdən amortizasiya üzrə pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin oluna bilməz. İddia edilən avtomobilə vurulan maddi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilə ziyanın dəyməsi nəticəsində iddiaçının maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə həmin hissədə iddia tələbinin təmin olunması qənaətinə gəlir. Avropa Məhkəməsinin “Həsənov Azərbaycana qarşı” və “İsgəndərov və başqaları Azərbaycana qarşı” işləri üzrə qəbul etdiyi müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2010cu il tarixli qərarlarında maddi ziyanın məbləği şikayətçilərin maddi ziyana məruz qalma ehtimalı və ədalət prinsipi əsasında müəyyən edilmişdir. Belə ki, “Həsənov Azərbaycana qarşı” iş üzrə qərarın 42-ci bəndində qeyd olunmuşdur: “Tələblərin itirilmiş icarə haqlarına aid olan hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və yəqin ki, şikayətçilər mənzillər üzərində nəzarəti itirmələri nəticəsində maddi ziyana məruz qalıblar. ”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus avtomobil cavabdeh tərəfindən təhvil götürülərək sonradan avtomobilə ziyan dəydiyindən və vurulmuş zərər cavabdehin təqsiri üzündən baş verdiyindən və 4800 manat vurulmuş zərərin əvəzi Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərci – 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş ziyana görə 4800 (dörd min səkkiz yüz) manat pul vəsaiti və 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar