Məhkəmə qərarları › İş №e-2(010)-3317/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3317/2022

21.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3317/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərər üçün 1024,05 manat məbləğində həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat olmaqla, ümumilikdə cəmi 1055 manat pulun tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi (vəkili) X2 izahat verərək bildirmişdir ki, İddiaçı uzun illərdir ki, Bakı şəhərində həm fiziki, həm də hüquqi şəxslərə müxtəlif növ tikinti materiallarının satışı ilə məşğuldur. Həmin fiziki şəxslərdən biri də Cavabdehdur. Cavabdeh İddiaçı MMC-dən 2015-ci ildə müxtəlif növ tikinti materiallarının dəyərini daha sonra ödəmək şərti ilə İddiaçı MMC-dən almışdır. Lakin daha sonra aldığı malların dəyərini ödəməkdən imtina etmişdir. İddiaçı MMC tərəfindən dəfələrlə xəbərdarlıq edildikdən sonra Cavabdeh ilə İddiaçı MMC arasında 16 sentyabr 2015-ci il tarixdə alınmış malların dəyərini təsdiq edən üzləşmə aktı tərtib olunmuşdur. Həmin üzləşmə aktına əsasən Cavabdeh aldığı tikinti materiallarının dəyəri olan 1024,05 manat məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ümümilikdə 1024,05 manat dəyərində yaranmış borcu bu günə qədər ödəməmişdir. Nəticədə, İddiaçı MMC-yə maddi ziyan dəyməklə yanaşı işgüzar nüfüzuna xələl gətirilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onunla İddiaçı MMC arasında cəmi iki il ərzində alış-veriş olmuşdur. 2015-ci ildən sonra isə həmin MMC ilə işləməməmişdir. O 1024 manat əvəzində İddiaçı MMC-yə 70 ədəd İran İstehsalı olan sement satmış və əlavə olaraq 290 manat pul vermişdir. Onun İddiaçı MMC-yə heç bir borcu yoxdur. Bundan əlavə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, İddiaçı MMC-nin tərəfindən müqavilə tələbləri üzrə verilmiş 3 illik iddia müddətini buraxmışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC ilə onun arasında 2015-ci ildə imzalanmış üzləşmə aktının qəbul edilməsindən artıq 7 ildən artıq vaxt keçmiş və iddia müddəti bitmişdir. Belə olan halda İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə, yəni müqavilənin müddətinin bitməsindən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu əsasdan iddia rədd edilməlidir. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilməsi üçün onun ərizəsinin qəbul edilməsini və müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin keçməsinə görə İddiaçı MMC-nin iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixdə üzləşmə aktına əsasən ona (cavabdehə) ümumi qiyməti 1024,05 manat olan tikinti materialları satmış, Cavabdeh isə onu qəbul edib, tikinti materiallarının qiymətini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2.-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 2015-ci ildə müxtəlif növ tikinti materiallarının dəyərini daha sonra ödəmək şərti ilə İddiaçı MMC-dən almışdır. Bununla bağlı olaraq tərəflər arasında üzləşmə aktı tərtib olunmuşdur. Cavabdeh tərəf həmin məhsulların əvəzində başqa məhsul və pul verdiyini iddia etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Lakin iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılmış müqavilələr üzrə öhdəliklər 2018-ci il tarixədək icra edilməli idi. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar