Məhkəmə qərarları › İş №e-2(010)-3317/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3317/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3317/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – LPO İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasdında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 7974F nömrəli kredit müqaviləsi üzrə Cavabdeh cəmi 314.93 manat, bundan 304.33 manat əsas borc, 10.60 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 284-3. Ərizənin forması və məzmunu. 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə 2. Şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində və ona əlavə edilmiş iş materiallarında cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Balandın 42-dir. Cavabdehin faktiki ünvanını təsdiq edən heç bir sənəd (arayış) iddia ərizəsinə əlavə edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı ünvandan əlavə faktiki yaşadığı ünvan da göstərilməlidir. Lakin iddia ərizəsində cavabdehin faktiki yaşadığı ünvanla bağlı hər hansı məlumat əks olunmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin qeydiyyat ünvanı olan Balandin 42 inzibati binadır və cavabdehin orada yaşaması mümkün deyil. Cavabdehin ünvanı barədə məhkəmənin məlumatsız olması məhkəmə bildiriş və qərarlarının tərəfə çatmaması, tərəfin ümumiyyətlə məhkəmə prosesindən məlumatlı olmaması ilə nəticələnə bilər, bu hal da mülki mühakimə icraatının çəkişmə prinsipinin kobud pozuntusuna gətirib çıxara bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə əsasən, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan əlavə məhkəmə izah edir ki, iddia ərizəsinin geri qaytarılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır və iddiaçı cavabdehin məlum olan faktiki yaşayış yerini təsdiq edən arayış və ya digər sənəd əldə etməklə aidiyyət qaydalarına uyğun olaraq yenidən məhkəməyə müraciət edə bilər. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmununa riayət edilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iddiaçı LPO İddiaçı ASC-nin iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 30 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, **********14 nömrəli mədaxil qəbzi) Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı LPO İddiaçı ASC-nin iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün məhkəməyə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, **********14 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən LPO İddiaçı ASC-yə qaytarılsın. İddiaçı LPO İddiaçı ASC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar