Məhkəmə qərarları › İş №e-2(010)-3325/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3325/2020

07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3325/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat sabit pul məbləğində Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-1960/2010 nömrəli qətnaməsinə əsasən onunla Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahlarından doğulan xx.xx.2009-cu il təvəllüdlü X1 anasının yanında saxlanılmaqla yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 80 manat aliment və 3 yaşına çatanadək iddiaçı üçün hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(103)-444/2011 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, uşaq yaşına çatanadək iddiaçı üçün tutulan alimentin məbləği hər ay 30 manat müəyyən edilmişdir. Qalan hissədə apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda X1 11 yaşı var. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş alimentin məbləği illərdir uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil aldığından məsrəfləri artmış, bundan başqa ölkədə uşaqlar üçün yaşayış minimumu da artmış və 2020-ci il üçün 170 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün ehtiyaclarını və qayğısını iddiaçı tək üzərinə götürmüşdür. Uşağın təlim-tərbiyəsi ilə yanaşı, həm də maddi ehtiyaclarını qarşılamaq iddiaçı üçün çox çətindir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(010)- 1960/2010 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən 246 nömrə ilə qeydlə xx.xx.2009-cu ildə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 anası İddiaçı himayəsində qalması, Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş Zaurun saxlanılması üçün İddiaçı xeyrinə xx.xx.2010-cu il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək hər ay 80 (səksən) manat, eləcə də uşaq 3 yaşına çatanadək iddiaçı üçün hər ay 100 (bir yüz) manat – cəmi 180 (bir yüz səksən) manat məbləğində alimentin tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli, 2(103)-444/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(010)-1960/2010 nömrəli qətnaməsi uşaq 3 yaşına çatanadək iddiaçı üçün hər ay 100 (bir yüz) manat alimentin ödənilməsi hissəsində dəyişdirilmiş və həmin məbləğ 30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkədə 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manata çatmışdır. Ona görə də, bir uşağın saxlanılması üçün 80 manat vəsait yetərli sayıla bilməz. Məhkəmə hazırkı işdə alimentin artırılaraq 170 manat müəyyən edilməsini azyaşlının hüquq və mənafeləri baxımından qanuni hesab edir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)- 1960/2010 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş alimentin məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar