Məhkəmə qərarları › İş №e-2(010)-3328/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3328/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3328/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9901.89 manat məbləğində kredit borcu, 741.46 manat məbləğində faiz borcu və 190.05 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 10833 (on min səkkiz yüz otuz üç ) manat 40 (qırx) qəpik məbləğində borcun və ödənilmiş 122.5 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 (on altı min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 6098.11 manat ödəniş etmiş və onun iddiaçıya 9901.89 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 123 gün üçün hesablanmış faiz borcu 741.46 manat təşkil edir.

Tərəflərin izahatları

3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları

5. İş materiallarında olan Cavabdeh1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh1 aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə 16000 manat məbləğində kredit verilmişdir.

6. «Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 029G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar bank qarşısında onunla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

7. İş materiallarında olan Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 ona təqdim edilmiş kredit vəsaitindən istifadə etmişdir.

8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi üzrə 9901.89 manat əsas borc, 741.46 manat faiz borcu, 190.05 manat cərimə borcu olmaqla cəmi 10833.40 manat kredit borcu vardır.

9. xx.xx.2025-ci il tarixli sonuncu maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi üzrə 8922 manat əsas borc, 702.86 manat faiz borcu, 316 manat cərimə borcu olmaqla cəmi 9940.86 manat kredit borcu vardır.

10. İş matariallarına əlavə edilmiş bildirişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borc məbləğinin ödənilməsi, əks təqdirdə isə borcun ödənilməsilə bağlı qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

11. İddiaçı «Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit müqaviləsinin imzalanması, həmin müqavilə əsasında qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən Cavabdeh1 təqdim edilməsi və digər Cavabdeh2 ilə bank arasında Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqaviləsinin imzalanması işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

15. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin etibarsızlığına (əhəmiyyətsizliyinə) dəlalət edən hər hansı bir hal mövcud deyildir. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur.

16. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi əsasında Cavabdeh1 illik faiz 1.6667% olmaqla 48 ay müddətinə 16000 pul vəsaitini qeyd edilən şərtlər əsasında verməklə öz öhdəliyini icra etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtı-vaxtında ödəniş etməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iş üzrə digər Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi mülki qanunvericilik normalarına uyğun şəkildə bağlanmış və hazırda iddiaçının borcalan cavabdehlə yanaşı həmin borc məbləğini zamindən də tələb etməsi qanuni və əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi, zamin kredit müqaviləsi çərçivəsində borclunun öhdəliklərinə zamin durmuşdur. Eyni zamanda, öhdəliyin icrasının zamindən tələb edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddət ötürülməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini zaminə qarşı da irəli sürməkdə haqlı olmuşdur.

17. Lakin, bununla belə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı öz tələbində əvvəlcə cavabdehlərdən müştərək qaydada məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına uyğun olaraq 9901.89 manat əsas borc, 741.46 manat faiz borcu, 190.05 manat cərimə borcu olmaqla cəmi 10833.40 manat kredit borc olduğunu qeyd etməklə həmin borc vəsaitinin tutulmasını tələb etsə də, lakin daha sonra məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli sonuncu maliyyə arayışında həmin borc məbləğinin 8922 manat əsas borc, 702.86 manat faiz borcu, 316 manat cərimə borcu olmaqla cəmi 9940.86 manat olduğunu qeyd etmiş və cavabdehdən sonuncu maliyyə arayışı əsasında borc məbləğinin tutulmasını xahiş etmişdir.

18. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı əvvəlcə əsas borc üzrə 9901.89 manat və faiz borcu üzrə 741.46 tələb etmiş, lakin daha sonra ödəniş olunduğundan yeni maliyyə arayışı təqdim etməklə əsas borc məbləğinin 8922 manat və faiz borcunun 702.86 manat olduğunu qeyd etməklə həmin məbləğlərin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə - əsas və faiz borcuna münasibətdə tam əsaslıdır.

19. Lakin, bununla belə, məhkəmə iş üzrə tələb edilən cərimə borcuna münasibətdə isə qeyd edir ki, iddiaçı əvvəlcə məhkəməyə müraciət edərkən cavabdehlərdən müştərək qaydada cərimə borcu üzrə 135.28 manat tutulmasını xahiş etmiş, lakin daha sonra təqdim etdiyi arayışda həmin cərimə borcunun artaraq 316 manat olduğunu bildirmiş və həmin məbləğin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində tələb edilən cərimə məbləği 190.05 manat olduğuna görə tələb də cərimə borcuna aid hissədə yalnız qeyd edilən həddə təmin edilə bilər. Ona görə də, iddia tələbində qeyd olunan 190.05 manat məbləğində cərimə borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 122.50 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 118.14 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

22. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8922 manat əsas borc, 702.86 manat faiz borcu, 190.05 manat cərimə borcu olmaqla cəmi 9814.91 manat və iş üzrə ödənilmiş 122.50 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 118.14 manat hissəsi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8922 manat əsas borc, 702.86 manat faiz borcu,190.05 manat cərimə borcu olmaqla cəmi 9814.91 manat pul məbləği tutularaq iddiaçı "İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 122.50 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 118.14 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar